10.10.2024, 15:49
AZ EN
19.02.2024, 10:29 330

Şərəfli ömrün illəri və izləri

YAZILAR
  • Publisist, jurnalist, tarixçi Hacı Nəriman oğlu Abdulla ilə həmsöhbət olduq, ömür yolunu birlikdə vərəqlədik.

-Sizə necə müraciət edək, Hacı müəllim, yoxsa elə ...?!

-Sadəcə Hacı. Ailədə 9 qardaş-bacı olmuşuq, mən düz ortancılam, doğulanda bu adı qoyub əhd ediblər ki, babaların getdiyi yolu gedib–gəlmək, ziyarət etmək nəsibi olsun, qismət oldu, həcc, kərbəla, məşhəd ziyarətində oldum, Məkkə, Mədinə, Bağdad, Kufə, Samara, Məşhədi, 12 imamın məzarını, müqəddəs məkanları, Türkiyənin, Türküstan ellərinin çox sayda ziyarətgahları, təbii ki, həm də Amasyada eyni soy-kökdən olduğumuz Şeyx Mirhəmzə Seyid Nigarinin məzarını gəzdim, gördüm, dualar etdim.

-Mənim də məzunu olduğum Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində ədəbiyyat, tarixi ən yaxşı oxuyub bilənlərdən biri sayılırdınız, illər sonra da sizi nümunə göstərirdi müəllimlərimiz.

-Həyatda az-çox qazandıqlarım üçün Ulu Yaradanıma, ana-atama, bir də oxuduğum məktəblərə, müəllimlərimə borcluyam. Mənə heç zaman itməyən, tükənməyən, əksinə, üstünə ən etibarlı “var-dövlət” gətirən – elm, bilik bəxş edən müəllimlərimə vəfa borcu olaraq “Məktəb illərim, müəllimlərim” başlıqlı yazım çıxıb, kitablarımda var. 1975-ci ildə biz orta məktəbi bitirəndə iki il stajı olmayan, ya əsgərliyə gedib gəlməyənin sənədin Universitetin şərqşünaslıq, hüquq, jurnalistika fakültələrinə götürmürdülər. APİ-nin filologiya fakültəsinə hər 72 abituriyentdən biri keçirdi, qəbul imtahanında müəllimlər “sağ ol” deyib “yaxşı” yazmaq istəyəndə imtahan vərəqini əlindən alıb götürdüm ki, mən “5” almaq istəyirəm, ədəbiyyat müəllimim Məhəmməd Yaqubov deyib ki, “5” almasan kəndə qayıtma, komissiya gətirtdilər, beşimi aldım. Bir yerdə imtahan verdiyimiz dostum, şair, alim Mehman Qaraxanoğlu həmin  mənzərəni qələmə alıb.

-Ancaq elmi işinizi tarixdən yazıb müdafiə etdiniz...

-İnstitutda tələbə olanda qəzetlərdə ədəbi tənqidi yazılarım çıxırdı, 78,79-cu illərdə Yazıçılar İttifaqı ilə Komsomolun Mərkəzi Komitəsi yaradıcı gənclərin müsabiqəsini elan etmişdi, iki il həmin müsabiqədə ədəbi tənqid üzrə yalnız mərhum Arif Acalovla mən keçmişdim. Ancaq tarixdən XIX əsr – XX əsrin 20-ci illərində Zəngəzur bölgəsinin tarixinə dair dissertasiya yazıb müdafiə etdim, hiss etdim ki, bu sahə mənə daha doğmadır, görünür, müəllimimiz Seyfəddin Hüseynovun təsiri də güclü olub. 81-ci ildən Qubadlıdakı “Avanqard”, “Bərgüşad” qəzetlərində “Oğuz yurdum Qubadlım” silsiləsindən o yerlərin tarixinə aid ardıcıl yazılarım çıxırdı, maraqla oxunurdu.

-Sağ olun ki kitablarınızı mənə də vermisiniz, qardaşlarınız Dostəli müəllimin, Rəşid Bərgüşadlının kitablarının hamısını oxumuşam, “Bərgüşad-80” kitabında 1981-82-ci illərdə qəzetdə çıxan məqalələrinizin fotosurətlərini görmüşəm, o yazılarınızda tez-tez işlətdiyiniz türk, türklük, türkçülük, türk adımıza sahib çıxaq, gəlin ata-ana deyək kimi sözlərinizin bədəlini ödəmisiz...

-Əslində mənə ilk türkçülük dərsini evimizdə usta işləyən erməni Tacat verib, təkrar-təkrar dediyi: - siz türksüz, sözünü beynimə birinci o yeridib, sonra institutda gizli tələbə dərnəklərində almışdım. İnstitutu bitirib Qazaxıstanda həqiqi hərbi xidmət keçəndə özbək, qırğız, qaqauz, qazax əsgərlərə ağac qarşısında izah edirdim ki, baxın hamımız Türk adlı eyni bir ağacın qol-budaqlarıyıq, ata-ana, yer-yurd adlarımız da eyni kökdən gəlir, bu söhbəti aparıb qoymuşdular hərbi hissənin xüsusi idarə rəisi polkovnik Karpenkonun ovcuna, dediklərimi təkrar eləmişdim: – necə ki, rus, ukrain, belarus, serb...slavyan ağacının budaqlarısızr, biz də elə, mən hamının bildiyi şeylərdən danışmışam. KQB rəisi polkovnik Qurbanovun sarı UAZ-ı rayonda görünəndə hamı özün yığışdırırdı, raykomdakı otaqda yazılarımı papkasından qıxarıb qoydu qabağıma, qəzetdə xətlənib altı cızılan yerlərin də göstərdi, tələbə, əsgər olanda yol verdiyim “xətaları” da xatırlatdı, üstündən  bir saat keçmişdi komsomolun birinci katibinin kabinetində işdən çıxmağım, maarifin müdiri rəhmətlik Famil Cəbrayılov da eyni gündən Diləli Müskanlı kənd 8-illik məktəbinə dil-ədəbiyyat müəllimi təyin olunmağımla bağlı əmrimi verdi, oldum kənd müəllimi. Təbii ki, siniflərdə inandığım, dərk etdiyim həqiqətləri uşaqlara anladırdım; 1988-ci ilin noyabrında Azadlıq meydanında keçirilən mitinqlərdə iştirak edən tələbələr – keçmiş şagirdlərim məktub yazırdı ki, müəllim, meydanda çıxış edənlər sizin məktəbdə bizə anlatdıqlarınızdan danışır - imperiya, müstəmləkə, azadlıq, milli müstəqillik...

-Amma sonra yenə qayıtdınız rayona...

-Rayonda rəhbərlik, ab-hava dəyişdi, icrakomda, sonra icra hakimiyyətində çalışdım, Qafan, Gorus, Sisyandan köç, deportasiya başlamışdı, məni də qoydular “daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşlarla iş üzrə məsul təşkilatçı” – başdan-ayağa hirs, qəzəb, həyəcan, ağrı-acı, əzab dolu günlər idi, dava başlayanda oldum AZƏRTAC-ın cəbhə bölgələri üzrə hərbi müxbiri- “Zəngəzur” İnformasiya Mərkəzinin direktoru. Əmək kitabçamda 5 iş yerim var ki, həmin vəzifələrdə çalışan ilk işçi mən olmuşam.

-Rayonda ən böyük şəxsi kitabxanalardan biri sizin evdə idi, hətta, qonşu kəndlərdən də gəlib aparıb oxuyurdular.

-Ana babam Hacı Fətəli Əfəndidən qalma yeşik-yeşik kitablarımız qalmışdı məscidimizdə, ildə 2-3 dəfə çıxarıb günəqarşı sərirdik gəbə-xalıların üstünə ki, nəm çəkməsin, xeyli əlyazmaları da var idi üləma babalarımdan qalmış, hamısı ərəb, fars əlifbası ilə. Amma siz deyən o kitabların çoxusunu qardaşım Dostəli ilə təqaüd pulumuzla alırdıq. Əsgərliyimi Kosmodrom Baykonurda keçirmişdim, il yarımda neçə kosmonavtın, kosmik, ballistik raketlərin göyə uşuşunu ən yaxın məsafədən izləmişdim, foto-albomlarım qarışıq o kitabların hamısı qaldı alçaqlara, itib getdi ömürdən gedən illər kimi...

-Xatirimdədir ki, I Qarabağ müharibəsi günlərində televiziya, radio birinci sizin cəbhə bölgələrindən - Laçın, Zəngilan, Qubadlı, Cəbrayıldan verdiyiniz xəbərlərlə açılırdı: "AzərTAc-ın xüsusi müxbiri Hacı Nərimanoğlu xəbər verir..."Qəzetlərin ilk səhifəsində sizin xəbərlər yer alırdı. 90-cı illərdə rayonların ard-arda işğalı, o bölgələrdə gedən proseslər barədə “Azərbaycan”, “Azadlıq”, “Aydınlıq” qəzetlərində də o vaxtlar tez-tez yazılarınız gedirdi, sonra qaçqınlıq silsiləsindən hekayələriniz çıxdı saytlarda, “Ulduz” jurnalında 6 hekayəniz bir nömrədə getmişdi. Yadımdadır ki, “Qubadlısız 16 il” kitabınızı Sumqayıtda qubadlılar əl-əl axtarırdı, oxuyurdu, çünki həqiqətləri yazmışdınız. Sizinlə görüşə gəlmədən əvvəl yenə vərəqlədim, o şeyləri yazmaq risqli idi, cəsarət istəyirdi...Qələmə aldığınız qaçqınlıq ağrıları hamımıza tanışdır...

-10 ildən çox Mingəçevirdə yaşadım, eyni vaxtda həm AzərTAc-ın müxbiri, həm Mingəçevir Dövlət Dram Teatrında ədəbi hissə müdiri, Universitetdə müəllim oldum. Tələbələrim müsahibə alıb qəzetdə yaymışdı, sual vermişdilər ki, Qubadlıdan ötrü çox darıxırsınız, necə dözürsüz? Əli Kərimin məşhur misraları ilə cavab vermişdim: Susuzluğun od vurub köz kimi yandırdığı dodaq su sevən kimi. İynənin ucu boyda İşığa həsrət qalan göz işıq sevən kimi...Şükür bu günümüzə.

-II Qarabağ müharibəsi başlamazdan düz 75 gün əvvəl – 10 iyul 2020-ci ildə “525-ci qəzet”də “Biz döyüşdə uduzmadıq...” başlıqlı iki səhifəlik yazınız çıxmışdı, əl-əl gəzirdi. O yazıdan bir abzası eynilə oxuyuram: “Biz Qarabağ savaşını qabaq-qənşər döyüşdə, müharibədə uduzmadıq, siyasətdə, xəyanətlərdə uduzduq, dünyanı idarə edən xristian güclərin, böyük dövlətlərin geosiyasi planları ilə uduzduq, böyük oyunların kiçik qurbanları olduq. Təbii ki, belə də qalmayacaq, dəyişməliyik, dəyişikliklərə, savaşa və böyük qayıdışa hazır olmalıyıq! Bir neçə gün əvvəl Müdafiə naziri Zakir Həsənovun 4 il sonra ilk dəfə rusiyalı həmkarı Sergey Şoyqu ilə aprel döyüşləri vaxtı telefon danışıqlarının detallarını açıqlaması bütün bəlaların hardan gəldiyini aydın işarət etdi. İnanıram ki, həm siyasilərimiz, həm hərbçilərimiz öz plan və hərəkətlərində Rusiya amilini indi daha ölçülü-biçili şəkildə nəzərə alırlar.” Hansı duyğu idi sizə bu yazını yazdıran?!

-2003-cü ildə “Qubadlısız 16 il” kitabımda yazmışdım: vaxt olacaq Qarabağda zooparkda göstərməyə bir baş erməni qalmayacaq. “Mən bu qələbənin olacağına inanırdım”, “Haqq savaşı "Qurani-Kərim"də və "Kitabi-Dədə-Qorqud"da başlıqlı yazılarımda inamımın nəyə söykəndiyini açmışam, sadəcə tarixin dərslərindən ibrət götürmək, tarixi imkandan yararlanmaq lazım idi. Başda Prezident, Müzəffər Ali Baş Komandan olmaqla Azərbaycan Ordusu bu imtahandan şərəflə çıxdı. Bu erməni olan canlının özü nə idi, hansı gücün sahibi idi ki, bizi savaşda uda, torpağımızı ala, bu böyük oyunun, güclü oyunçuların planları idi, erməni sadəcə maşa idi. Əliyar haqqında kitabımda epizodlar var, hələ Qubadlı, Zəngilan alınmadan öncə qabaq-qənşər döyüşdə, lap elə dinc yaşadığımız vaxtlarda əlbəyaxa döyüşdə erməni qarşımızda aciz qalırdı. Bu mənfur qövmün hansı gücün sahibi olduğunu da 44 günlük savaş, ardınca 23 saat 40 dəqiqə sürən anti-terror əməliyyatı göstərdi, rus əlini arxalarından çəkmişdi deyə küçüyə dönmüşdülər, 10 mindən artıq fərariləri var idi, amma o 44 gündə bizdən bir nəfər də fərari çıxmadı.

-20-dən çox kitabınız çıxıb, ən doğması hansıdır?

-İlkim, ürək ağrısı ilə yazdığım “Dağlar oğlu” kitabını Milli Qəhrəmanımız, şəhid tabor komandirimiz Əliyar Əliyevə həsr etmişdim, özü deyirdi bilirəm ki, məndən yazacaqsan, 2 min nüsxə ilə buraxdıq, 40-ı təzə çıxmışdı, hamısı paylandı, neçə dəfə istədim təzədən işləyəm təkrar buraxdıram, nə isə əlim gəlmədi...

-Əliyarla dostluğunuzu hamı bilir, Qubadlıda azadlıq hərəkatı, torpaqlarımıza yağı hücumu başlayandan birlikdə və öndə idiniz, sənədli film də çəkmisiz, feysbuk səhifənizdə həmişə yazırsınız, tədbirlər keçirirsiz.

-Şəhidlər haqqında 4 kitabım çıxıb, 200-dən çox şəhidin ömür yolu barədə, kitablara düşməyən məqalələrim də çoxdur. Onlara, ailələrinə mənəvi borcumuz heç nə ilə ödənilən deyil, bu günlərimiz üçün şəhidlərimizə, qazilərimizə borcluyuq. Əliyarlı xatirələrimin isə mənim həyatımda, qəlbimdə ayrıca yeri var. I və II Qarabağ savaşında xalqımız ən say-seçmə övladlarını itirdi, milli genofondumuza vurulan yaralar sağalmazdır, itkilərimizin yeri dolan deyil.

-Sizi ən çox yandıran hansı itkilərdir?

-Şəhidlərimiz, talan edilən, izi itirilən ev-eşik, bağ-bağçalarımız, yağmalanan qəbirlərimiz, məscid, pir, ziyarətgahlarımız. Göz açıb ilk gördüyüm, könül verib ilk sevdiyim Saray kəndimə şeir yazmışdım, 35 evlik kəndimizin örüşü, kövşənində 100-dək yer-yurd adların düzmüşdüm misralara ki, unudulmasın, onların yarıdan çoxunun izi də qalmayıb. Milli şərəfin, heysiyyət, qürurun bərpası təbii öndədir, ancaq faciələrimizin miqyası, illərlə sürəcək ağrı-acısı, itirdiklərimizin bərpası da mümkünsüz...Bunu yurd-yuva qoyub gələn, 28-30 il sonra geri dönüb xarabalıqlarını qanqal, ilan-çəyən basmış yurd yerində quru torpaqdan başqa heç nə görməyənlər  anlayar.

-Akademik İsa Həbibbəyli "Əyyub Abasov: Zəngəzur faciəsini yaşayan və yaşadan ədib” kitabınıza, AMEA Tarix İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunan “Zəngəzur: köç, deportasiya, soyqırımı, işğal tarixi” monoqrafiyanıza akademik Yaqub Mahmudov ön söz yazıblar, elmi araşdırmalarınıza yüksək dəyər veriblər. Dövlət Tərcümə Mərkəzində işlədiyiniz bu son illərdə fəaliyyətiniz daha məhsuldar olub.

- Yalnız 2020-23-cü illərdə Azərbaycan mədəniyyəti, Qarabağ, Şuşa, Zəngəzurun tarixi, Vətən müharibəsi ilə bağlı mətnini yazdığım 21 məqalə, videoçarxın hər biri hazırda redaktor olaraq çalışdığım Azərbaycan Dövlət Tərcümə Mərkəzi xəttilə 12 dilə tərcümə edilib, 100-dən çox xarici KİV-də yayılıb. Rumıniya, Türkiyə və Azərbaycanda 4 beynəlxalq konfransda Şuşa, Qarabağ, Zəngəzurla bağlı məruzələr etmişəm, hamısı da elmi jurnallarda dərc olunub.

-Prezident yanında Bilik Fondunda çalışanda da maraqlı tədbirləriniz olurdu, az qala hər gün informasiyanız yayılırdı...

-Sağ olun ki, unutmamısız, olduqca gərəkli qurum idi, ancaq maarifləndirmə işləri ilə məşğul idi. Ölkəmizin elə bir guşəsi olmadı ki, orda hansısa tədbir keçirməyək, yaxın, uzaq ölkələrdə həmçinin. Ölkədaxili layihələr şöbəsinin müdiri – Aparat rəhbərinin müavini idim, təkcə Heydər Əliyev Mərkəzlərində keçirilən 30-dan çox tədbirin moderatoru və məruzəçisi olmuşdum.

-Feysbuk səhifənizdə xeyli diqqət çəkən fotolarınız var, əminəm çoxları üçün də maraqlı olar, ona görə bəziləri barədə soruşmaq istərdim; cənab Prezidentlə, Birinci xanımla, R.T.Ərdoğanla şəkilləriniz...

-16 ildən çox AZƏRTAC-da çalışdım, son vəzifəm informasiya materiallarının buraxılış redaktoru idim, Prezidentin, Birinci xanımın tədbirlərin yazırdım, bu səbəbdən onlarla foto, məqalə, kitab, videomateriallarda görünməyim də təbiidir. Qubadlının işğaldan azad edilməsinin I ildönümü günü – 25 oktyabr 2021-ci ildə Qubadlıya gedən az sayda qrupda mən də var idim, Birinci xanımla görüşəndə  mehriban, səmimi salamlaması diqqət çəkdi. Sayın - yəni sayılan, sayğın Ərdoğan haqqında kitab yazmışdım, onun təşəbbüsü ilə görüşdük. Sənaye və Energetika Nazirliyində mərhum nazir Natiq Əliyevin dəvəti ilə xeyli çalışdım, Hökumət Evində rəsmilərlə görüşürdük, yəni o fotolar daha çox çalışdığım dövlət qurumlarında fəaliyyətimlə bağlıdır. 

-2008-ci ildən ölkəmizdə yaxşı tanınan, nüfuzlu QHT-dən olan “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, daimi izləyicisi olduğum “zengezur.com” saytının təsisçi və baş redaktorusunuz, nə kimi işləriniz olub?

-Birlik 1992-ci ilin 15 aprelində Bakı Dövlət Universitetinin Akt zalında Zəngəzur bölgəsindən olan 300-dən çox tanınmış alim, yazar, ziyalı, dövlət və ictimai xadimlərin iştirakı ilə keçirilən təsis konfransında yaradılıb və 1992-ci ilin mayın 20-də Dövlət qeydiyyatına alınıb. İctimai xadim, tarix elmləri doktoru Kamran Hüseynov Birliyin ilk sədri seçilib. İkinci sədri Tofiq Mehdiyev uzun illər rəhbər partiya, dövlət işlərində çalışıb, XI, XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, hazırda Birliyin Ağsaqqallar Şurasının sədridir. Birlik QHT Şurasının və QHT Agentliyinin maliyyə dəstəyi ilə son 12 ildə Azərbaycan, Çexiya və Türkiyədə 12 layihəni icra edib, layihələrin icrası dəfələrlə "əla" qiymətləndirilib, Fəxri fərmanlara layiq görülüb. Birliyin Sisian, Gorus, Qafan, Mehri, Laçın, Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl özəkləri və Türkiyədə nümayəndəliyi vardır. QHT-nin maliyyələşdirdiyi layihələr çərçivəsində nəşr edilən “Türk, ya erməni soyqırımı? Gerçək tarix rus, ingilis, fransız, amerikan, yəhudi, gürcü, erməni şahidlərin  gözü, sözü ilə” kitabının Praqada, “Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular” kitabının Türkiyənin Rizə, Amasya, Samsun universitetlərində təqdimatları keçirilib. Eləcə də Birliyin hazırlayıb nəşr etdirdiyi, ölkəmizdə ilk təşəbbüs olaraq Vətənimizin şimal bölgəsində yaşayıb Azərbaycan, ləzgi, tat, xınalıq, dağ yəhudiləri, qırız, buduq dillərində yazıb yaradan 55 şair və nasirin yaradıcılığından 8 dildə seçmələrin toplandığı “Bir yanı Şah dağı, bir yanı Xəzər” və respublikamızın cənub bölgəsində doğulub yaşayan, Azərbaycan və talış dillərində yazıb yaradan 128 şair və nasirin yaradıcılığından seçmələrin toplandığı “Gəl bizim yerlərə...” kitab - almanaxlarının 14 rayonda təqdimatları keçirilərək 120 kitabxanaya paylanıb. Zəngəzur bölgəsinin tarixinə, Qaçaq Nəbi, Sultan bəy və Xosrov bəy qardaşlarına həsr olunmuş 7 monoqrafiya və elmi-kütləvi kitablar nəşr edib, sənədli filmlər çəkib, təqdimatlarını keçirib, 30-dan çox konfrans, müsabiqə, dəyirmi masa təşkil edib. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində respublikamızda ilk "QHT Kitabxanası" yaradıb. Saytımızda hadisələrə münasibət bildiririk, Zəngəzurun tarixi ilə bağlı elmi-populyar yazılar veririk, oxunur, izlənir.

-44 günlük Vətən müharibəsində mediada hər gün məqaləniz, ya sədri olduğunuz “Zəngəzur” Cəmiyyətləri Birliyinin müraciət, bəyanatları yayılırdı...

- Savaş başlanan gün özümü evimdən 100 metr aralıda Nizami rayon hərbi komissarlığa atdım, könüllü cəbhəyə getmək üçün jurnalda adım 62-ci idi, səhəri gündən başlayaraq Müdafiə Nazirliyinə ard-arda yazdım, çoxdankı dostum – mətbuat, ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Vaqif Dərgahlıya israrla köməklik göstərməsini rica etdim, bələdçi, hərbi müxbir, silahdaşıyan, topa güllə qoyan, nə olur-olsun, dedi Prezident Aparatına yaz, yazdım, yenə xeyri olmadı...Tariximizin ən şərəfli günləri idi, o günlərdəki, sonrakı yazılarımı yığıb, üstün də düzəldib “Şəhidlər”, “Şərqi Zəngəzur”, “Qardaşlığın zəfəri”, “Şuşa” kitablarını buraxdım, hamısı da təhsil, mədəniyyət evləri, kitabxanalara, şəhid ailələrinə hədiyyə edildi.

-Türkiyə Prezidenti Külliyesində-Prezident Kitabxanasında kitablarınız qoyulub.

- “Rəcəb Tayyib Ərdoğan” kitabım neçə ildir ki, ordadır, Bakıdakı səfirlikdə özünə şəxsən təqdim etmişdim, sonra dəvət gəldi, Ankaraya da getdim, maraqlı görüşlərim oldu. Akademik yazıçımız Kamal Abdullanın rəhbərliyi ilə Bilik Fondunda çalışanda iclaslarda işlətdiyi bir kəlamının yaxşı mənası, mahiyyəti var; bir işi gördünüzmü, elə edin ki, Xaliq də bilsin, Xalq da. İndi səmimiyyətdən uzaq olsa da, R.T.Ərdoğanla Bakıdakı görüş, söhbətimizin stenoqramını yazıb verdim əvvəl moderator.az saytı yaydı - “Ərdoğan: "Çözürüz bu sorunu, mütləq çözürüz..." (9 il əvvəlin söhbəti ilk dəfə)” bu yazının təkcə “Yeni sabah”ın saytı ilə birlikdə oxunma sayı 35 mindən yuxarıdır, feysbuk və digər saytlarda bundan daha artıqdır. Yəni ən çox oxunan yazılardan biridir.

https://www.moderator.az/news/355453.html

https://yenisabah.az/erdogan-9-il-evvel-bakida-qarabag-haqda-ne-demisdi-metbuatda-ilk-defe-

“Qardaşlığın Zəfəri” kitabımı da Bakıdakı sərgidə “Bayraqdar”ın pavilyonundan onlar aparıb. Unutmayaq: II Qarabağ savaşında “Bayraqdar”lar 930 düşmən hədəfini vurub, Türkiyə Dövləti, xalqı, Ərdoğan, nazirləri, generalları sonadək yanımızda olub, ədalətli savaşımızı, haqlı olduğumuzu dünyaya yayıb. Ötən il oktyabrın son bir həftəsini qardaş ölkədə beynəlxalq konfransda oldum, Egey sahili şəhərlərini gəzdim, hər kəsdə Qarabağ zəfərimizdən məmnunluq duyurdum.

-Qubadlıya tez-tez gedib gəlirsiz?

-İlk gedəndə hələ murdar canlıların iyrənc iyi hələ çəkilməmişdi, Qubadlıdakı iki abidələri yol qırağında hələ dururdu, qəsəbədəki evimdə də yaşayırmışlar, indi sərhədçilərimiz qalır o mənzildə. Yağı əsirliyindən yenicə qurtulan torpaqlarımızdakı viran yurdumuzu görməyin ağrı-acısı da, elə sevinc, qürur hissləri qədər ağır, dözülməz oldu, hər şey məhv olub, uşaqlıq, gənclik xatirələrimizin izi ilə birlikdə...ancaq getməyə bilmirəm, bala anasına, arı gül-çiçəyə bağlanan kimiyəm.

–Feysbuk səhifənizdə fevralın 14-də keçirilən andiçmə mərasimində Prezident İlham Əliyevin qarşıdan gələn illər üçün xarici və daxili siyasətə dair mühüm mesajlarından 3 abzası seçib paylaşmısız: “Xarici siyasətdə əsas prioritetimiz Türk dünyasıdır. Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bizim üçün bundan güclü birlik yoxdur... Xankəndidə verdiyim səs, o qutuya atdığım bülleten sadəcə olaraq bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi...Bizim dövlət büdcəmizdə bu gün də ən böyük xərclər hərbi xərclərdir və hərbi xərclərlə bərabər, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır”.

-Bura xalqımızın maddi rifahının yüksəldilməsi üçün istəyimi də əlavə etmək istərdim, son üç ildə tariximizə əbədi olaraq şərəfli səhifələr yazmış xalqımız bu günkündən daha yaxşı yaşamağa layiqdir!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər