06.04.2026, 12:19
AZ EN
06.04.2026, 08:00 213

Ədəbiyyatımızın Azərbaycanın Qayıdış təntənəsinə töhfələri danılmazdır…

YAZILAR
  • Torpaqlarımız işğal altında olan o ağır illərdə yazıçılarımız, şairlərimiz, tənqidçilərimiz, bir sözlə, ədəbiyyatımız bir an da susmadı. Onların əsərlərində ayrılıq, kədər əks olunsa da bu yazılarda mübariz və sarsılmaz bir ruh sanki silaha sarılmışdı. Onların Qələbəmizə olan sonsuz inamı əsərlərindən hiss olunurdu. 44 günlük Şanlı Vətən Müharibəsində isə qələm adamlarımız bir əsgər kimi ayaq üstündə oldular. Onların həssas ürəyi hər bir əsgərimizin qəlbi ilə bir döyündü. Yazıçılarımız igid döyüşçülərimizi gözyaşıyla balaları kimi yazılarında bağrına basdılar. Qazandığımız möhtəşəm Zəfərin sevinci isə bütün xalqımız kimi yazıçılarımızın da bir qələbə hekayəsinə çevrildi.

Biz bu gün də doğma torpaqlarımıza Böyük Qayıdışımızı tərənnüm edirik. Filologiya üzrə fəlsəfə doktoru, dosent Südabə Ağabalayeva ilə də müasir ədəbiyyatımızda Qarabağa qayıdış mövzusunun necə əks olunması mövzusunda danışdıq. Özünəməxsus qələmi, yazılarının güclü, işıqlı enerjisi ilə həmişə ədəbiyyatımızda imzası ilə seçilən Südabə xanım “Vətən səsi”nə sadəcə danışmadı, o Şanlı Vətən Müharibəsində qazandığımız möhtəşəm qələbəmiz və Böyük Qayıdışımızın ədəbiyyatımızda tərənnümü ilə bağlı sanki bir hesabat verdi…

Südabə xanımın fikirlərini olduğu kimi oxucularımıza təqdim edirik:   

Təqvimindən qaranı, tarixindən yaranı silməyə qalxmış Azərbaycan bu gün sürətin və qüdrətin, qətiyyət və şərəfin elə bir məqamındadır ki, fikrin və hissin, düşüncə və hərəkətin nəbzi Böyük Qayıdış adında oxunur. 2020 – ci ilin sentyabrında Azərbaycan təkcə Zorun və Şərin, biganəliyin və etinasızlığın qərəz və tərəfkeşlik adlı 30 illik əsirliyinə qarşı savaşa qalxmadı, Azərbaycan bu haqq savaşında dünyaya hüququn, hərbin, diplomatiyanın, siyasətin elə bir məharətli idarəçilik mədəniyyəti nümayiş etdirdi ki, ikili standart hiylələrinin puça çıxdığını hiss edən “siyasət generalları” artıq müttəfiqlik dalğasını “Bakı vaxtı ilə” tutmağa çalışırlar. Bu gün Azərbaycan sözünün sahibi və söz sahibi kimi, türklüyün, əməkdaşlığın tərəfdaşlığın müttəfiqliyin, qonşuluğun “Bakı prosesi” modelinə o qədər sadə, aydın, şəffaf, konkret və hamıya açıq humanist prinsiplə üzərində qurub və bəyan edib ki, onunla “dəyirmi masa”ya əyləşmək niyyətləri geosiyasi maraqların ciddi korrektəsini qaçılmaz zəruriyyətə çevirib.

Azərbaycan regionda sülhün təminatçısı adını – statusunu hərbi cinayətkarlığın misli görünməmiş qəddarlığından qarış-qarış məzar–məzar keçərək, soyqırım, terror, genosid, ekosid, separatizm,

vandalizm... fəlakətlərinin ümumiləşdirilmiş adı olan ermənilik taununa qarşı təkbaşına vuruşaraq qazandı. Gücü – güvənci isə, nazilsə də üzülməyən haqqa inamı, əsgərinin qanı – canı bahasına qoruduğu beynəlxalq hüququn normalarına sadiqliyi, lider – sərkərdəsi ilə bir olan xalq – ordu tandemini idarə edən milli birlik əzmi, cəngavər ruhu diri saxlayan çoxəsrlik qəhrəmanlıq ənənəsi, ən çətin anda tapındığı yazılan – yazılmayan dəyərlərə sədaqət hissi və bir də böyük mədəniyyətidir.

Bu mədəniyyətin xüsusi təyinatlı sözü olan “Qarabağ Azərbaycandır!” bəyanı dünya dillərində liderinin, sərkərdəsinin səsi ilə tarixin yaddaşını oyadır, həqiqətin tozunu alır və “Azərbaycan dünyaya bir Günəş kimi doğacaqdır” (Heydər Əliyev) əminliyini Tarixin səhnəsinə çıxarır. Bu dəfə feilin zamanını qeyri – müəyyən gələcəkdən sıyırıb, indiki zaman qətiyyətində bəyan edir.

Azərbaycan təkcə haqq işi, torpaq uğrunda savaşmadı, Azərbaycan Ordusu təyinləri dəyişdi, mifi dağıtdı, epik siqlətli süjetyaratma ənənəsini cilaladı, hərb, qəhrəmanlıq və barış tarixinin janr və üslubi keyfiyyətlərini yenilədi. Bu sırada 2016-cı ilin aprelindəki dönüş anı “dördgünlük müharibə” adlandırılan yaxın tariximizin müqayisəedilməz səciyyəsi millətin ruhunun məzmununu, ritmini, intonasiyasını o qədər sürətlə və kəskin şəkildə dəyişdi ki, Böyük Qayıdışın ilk addımı atıldı:

Cocuq Mərcanlı kəndi doğma yurda dönüşün sevincini yaşadı. “Dördgünlük müharibədən 44 günlük müharibənin Böyük Zəfərinə aparan yol Azərbaycanın 200 illik tarixində görünməmiş addımdı. İşğaldan azad olunmuş Zəngilanın Ağalı kəndi Qayıdışın qətiyyətini bəyan etdi.

Bu gün işğaldan azad olunmuş ərazilərə qayıdış dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu tarixi – siyasi – coğrafi məkan anlamında Qayıdışın ilkin cizgiləri idi və bu gün artıq Qayıdış uzun illərin ağrılı arzularından, yaddaşı travmalarından keçib möhkəmlənən milli idealın gerçəkləşməsi mərhələsindədir. Bu mərhələnin əsas səciyyəsi həm də unudulmuş yaddaşın, milli kimliyin bərpası dövrüdür. Amma bu mərhələ çoxdan, lap çoxdan başlamışdır. Bədii fikirdə Vətən anlayışının mənəvi bütövlüyünü qoruyub saxlamış ədəbiyyatın klassik, müasir nümunələri nümunəsində bu gün Azərbaycanın Qayıdış təntənəsinə töhfələri danılmazdır.

Ədəbiyyatda Böyük Qayıdış tarixi – milli – mənəvi yaddaşın oyaq saxlanması, bərpası, eləcə də milli identikliyi qorunması ideyasına xidmət edir. Qarabağ mövzusu kontekstində bu, qələbəyəqədərki və qələbədənsonrakı dövrdə yaranmış əsərlərin qısa səciyyəsini belə ümumiləşdirməyə imkan verir. Yurd itkisi, dağıdılmış evlər, insan faciələri, həsrət, qan yaddaşı motivləri xüsusilə I Qarabağ müharibəsi və ondan sonrakı dövrdə Azərbaycan nəsrində, şeirində, publisistika və dramaturgiyasında aparıcı mövzudur və bu əsərlərdə küskün ovqat rəngləri qabarıqdır. Amma elə həmin dövrdə ədəbiyyatın ən böyük xidməti tarixi – siyasi hadisələr fonunda Qayıdış motivində əsas dərin psixoloji – fəlsəfi qatın və ədalətin qələbəsinə inamın qorunması olmuşdur. Ayrı – ayrı insan talelərində qorunan yaddaşın, şəhidliyin kollektiv yaddaşın tərkib hissəsi kimi təqdim olunması birləşdirici amildir. Azərbaycan ədəbiyyatının salnaməsi hesab olunan “Azərbaycan” jurnalı Qayıdışın psixologiyasını, qan yaddaşını, milli özünəqayıdışı diri saxlayan bədii nümunələri yalnız ədəbi fakt kimi yox, eləcə də jurnalın ədəbi siyasətinin aparıcı xətti kimi təqdim etmiş, başqa sözlə desək, Qarabağa qayıtmağı öyrətmək siyasətini əsas götürmüşdür. Bu, xüsusilə ayrı – ayrı rubrikalarla dövriyyədə olmuşdur. Bütövlükdə ədəbiyyatın da, jurnalın da Böyük Qayıdış konsepsiyası ontoloji bütövlüyə dönüş kimi qiymətləndirilə bilər.

Qələbədən sonra milli ədəbiyyatın əsas xətti zəfər təntənəsnə xas ritorikanın üstünlüyüdür. Bu, xalqın, milli düşüncənin haqqı olan bir ritorikadır. Bu mövzu Böyük Zəfərin təntənəsi ilə bitmir, bu, Dünənin, Bu gün olduğu kimi, Sabahın ədəbiyyatının da bədii modeli kimi qəbul olunmalıdır. Bu modelin qurulmasında Azərbaycan ədəbiyyatının bütün ədəbi nəsillərinin, yaradıcılıq səviyyəsi və səciyyəsinin fərq qoyulmadan xidməti danılmazdır. Bu günkü ədəbi nəsil sadəcə günün, zamanın və böyük proseslərin gerçəkliyini qələmə almır. Elmi ədəbiyatşünaslıq bu modelin 3 nümunəsi üzərində durur ki, Qarabağa dönüşün, yurd yerlərinin bərpasının, travmaların aşılmasının fəlsəfi motivləri nəticə etibarilə milli – mənəvi birliyə, bütövlüyə hesablanmışdır.

Söhbətləşdi: Mina RƏŞİD

Oxşar xəbərlər