“Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin sədri, siyasi ekspert Samir Hümbətov “Vetensesi.az”la fikirlərini bölüşüb, O bildirib ki, bəli, fevral ayının 27-28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri nəzərdə tutulub. Səfərin proqramında müzakirə olunacaq mövzular üçtərəfli bəyanatın icrası, Azərbaycan-Rusiya müttəfiqliyi məsələləridir. Bununla bağlı Azərbaycan-Rusiya Ekspert Şurasının iclası olacaq. Məsələnin birinci tərəfi üçtərəfli bəyannamə ilə bağlı məsələyə gəldikdə, Rusiya başa düşür ki, artıq Ermənistan ondan uzaqlaşmağa başlayır və Azərbaycan da kifayət qədər basqılarını artırıb, Ermənistandan sülh müqaviləsini imzalamağı tələb edir. Çünki 10 noyabr üçtərəfli bəyanatının müddəaları hələ də yerinə yetirilməyib. İstər, belə deyək ki, Azərbaycanın Qarabağ bölgəsində olan qanunsuz silahlı dəstələrin çıxarılması olsun, istərsə burada təhlükəsizliyin təmin olunması olsun, Laçın dəhlizində normal nəzarət yoxdur. Artıq 75 gündür ki, bizim ekofəallar orda dinc aksiya keçirərək fəaliyyətini davam etdirirlər. Azərbaycanın Qarabağ bölgəsində ekoloji mühit aksiyalara qədər nə vəziyyətdə idi, bu isə hər kəsə məlumdur. Yəni, bunlar hamısı əsas diqqətçəkən və müzakirəyə ehtiyac duyulan mövzulardır. Ən əsası da Xankəndində yaşayan erməni əhalinin artıq Azərbaycandan izoliasiya olunmasını görürük. Bu isə Xankəndi-Laçın yolunda yerləşdirilmiş Rus hərbçilərinin “fəaliyyəti”nəticəsinə ortaya çıxıb. Ona görə də bütün bunların hər biri, görünür ki, müzakirə olunacaq: “Əlbəttə, Lavrovun Azərbaycandan istəyi o olacaq ki, yəni, istəyər ki, Azərbaycan bunu etsin ki, üçtərəfli bəyannamənin şərtlərinə əməl etsin. Amma nəzərə almaq lazımdır ki, üçtərəfli bəyannamənin icrası onsuz da Azərbaycan tərəfindən həyata keçirilsə də nə Rusiya, nə də Ermənistan tərəfindən demək olar ki, icra olunmur.
Politoloq daha sonra əlavə edib ki, eyni zamanda Ermənistan Qərblə birgə Rusiyanı bir növ burada sıxışdırmaq siyasətinə keçib. Rusiya isə bölgədən çıxmaq istəmir və bütün gücü ilə buna çalışır. Qaldı ki, ikitərəfli müttəfiqlik bəyannaməsi, o bəyannamə imzalansa da hələ ki, bizim parlamentdə də ratifikasiya olunmayıb. Ona görə də onun nə zaman ratifikasiya olunacağı və hansı vaxtda icraya keçəcəyi də bilinmir. Amma hər halda, bu məsələnin də müzakirə olunacağı gözləniləndir.Yəni ki, müttəfiqlik bəyannaməsinin Rusiyaya verilən faydaları, Azərbaycana verilən faydaları. Bunlar əsas müzakirə oluna bilər”.
Mənim fikrimcə, Sergey Lavrov bu günə qədər Azərbaycana xeyirli iş üçün gəlməyib. Yəni, həmişə Rusiyanın maraqları naminə gəlib, Azərbaycanın maraqlarını güdməyib. Ona görə də mən düşünmürəm ki, Lavrovun Azərbaycana gəlisi ölkəmizə hansısa faydalı nəticə verə bilər. Başqa məsələdə isə Azərbaycan özü öz maraqları kontekstində hərəkət edəcək, bu isə təbiidir. Lavrovun gəlişində Rusiyanın maraqlarının hamısının təmin olunacağını isə nə Lavrov, nə də Rusiya gözləməsin. Çünki Azərbaycan öz maraqlarından çıxış edərək hərəkət edir.
Tahirə AĞAMİRZƏ