Siyasi və Hüquqi Strateji Arasşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov məsələyə münasibət bildirərkən deyib ki, Laçın dəhlizində elə bir ciddi problem yoxdur ki, ora hər hansı bir üçüncü tərəfin cəlbedilməsinə zərurət yaransın, ehtiyac olsun. Çünki bura Azərbaycanın suveren əraziləridir və suveren əraziləri çərçivəsində istənilən problemi Azərbaycan dövləti öz müvafiq qurumları vasitəsilə həll etmək iqtidarındadır və gücündədir. Hesab edirəm ki, bu, həm də buna ciddi şəkildə mane olan 10 noyabr 2020-ci il tarixli bəyanatdır. Ondan sonra imzalanmış digər bəyanatlar, vəd edilmiş razılaşmalarda da, heç bir digər tərəfin regiona cəlb edilməsi ilə bağlı müddəa olmayıb. Buna Azərbaycan tərəfin, o cümlədən Ermənistanın özünün belə rəsmi yazılı şəkildə razılığı olmayıb. Belə bir razılığın olmadığına görə, heç bir müddəanın olmadığına görə hansısa bir tərəfin Laçın yolunda sanki ciddi bir problemin olması ilə bağlı gündəmi yaradaraq həmin o problemin həlli istiqamətində geriona cəlb edilməsi fikri Ermənistanın münaqişənin mövcud olmasını uzatmağa çalışmaq istəyinə xidmət edən addımdır.
Məsələyə digər tərəfdən yanaşdıqda isə beynəlxalq qurum və təşkilatların Azərbaycan ərazilərindəki ekoloji terrora yanlış münasibətini görürük. Belə ki, dərc olunan məlumatlarda elə qələmə verilir ki, sanki Laçın-Xankəndi yolu Azərbaycan tərəfindən bağlanılıb. Dəhlizin bağlanması, ən çox humanitar böhranın yaradılması ilə bağlı erməni tərəfinin sərsəm bəyanatları heç şübhəsiz məkrdən, hiylədən və yalandan başqa bir şey deyil: “Ona görə bu kimi məkrli niyyətlərə xidmət edən missiyaların regiona cəlb edilməsinə Azərbycan heç vaxt razılıq verməyəcək, bu prosesə imkan verməyəcək. Bu da Nikol Pşinyanı özünü bir daha daxili ictimaiyyətə, o cümlədən dünya ictimaiyyətinə çatdırmaq istəyidir ki, Laçın-Xankəndi yolu Azərbaycan tərəfindən humanitar problemlərin yaradılması məqsədilə bağlanılıb. Xankəndində olan erməni əsilli Azərbayan vətəndaşları mühasirə vəziyyətindədirlər və eyni zamanda üçüncü, döndüncü digər tərəflərin regiona cəlb edilməsi ilə bağlıdır.. Onsuz da 30 ilə yaxın bir müddət ərzində qeyd etdiyimiz kimi, işğal prosesində də Ermənistanın siyasəti həmin o keçmiş münaqişəni beynəlmilləşdirmək prosesə üçüncü, dördüncü tərəfləri cəlb etmək olub, bu gün də həmin o siyasəti davam etdirməkdədirlər”, - deyə Xəyal Bəşirov bildirib.
X.Bəşirov daha sonra vurğulayıb ki, Paşinyan indi də Fransanı Laçın-Xankəndi yoluna gətirməyə cəhd edir. Lakin heç bir cəhdinin mənası yoxdur. Ermənilər bir dəfəlik başa düşməlidirlər ki, post-münaqişə dövründə sülh və danışıqlar prosesi üçüncü, dördüncü tərəflərin iştirakı ilə deyil, Azərbaycan və Ermənistanın özünün birgə səyləri nəticəsində həll edilə bilər. Buna sadəcə rəsmi İrəvanın pozitiv və müsbət yanaşması lazımdır. Əks halda aydındır ki, Azərbaycan digər tərəflərin posesə müdaxiləsinə imkan verməyəcək.
Hazırladı: Tahirə AĞAMİRZƏ