Milli Məclisin deputatı Sevinc Hüseynova belə deyib. O bildirib ki, indi hansısa qüvvələr utanmadan bu səmərəsiz təşkilata yenidən nəfəs verməyə cəhd edir, onu “diriltməyə” çalışırlar.
“ATƏT-in Minsk qrupu uzun illər ərzində regiona səmərəsiz səfərlər etdilər, mənasız danışıqlar apardılar. Onların səfərləri o qədər səmərəsiz oluru ki, artıq turizm səfərləri adlandırılırdı. Bununla yanaşı ATƏT-in Minsk qrupu qərəzli mövqedən çıxış edir, işğalçı Ermənistana dəstək göstərirdi. Onlar ermənilərin işğal altında saxladıqları Azərbaycan torpaqlarında törətdikləri vandalizm aktlarına göz yumur, işğalçını öz adı ilə çağırmırdılar. Məhz onların bu qərəzli və qeyri-konstruktiv mövqeyi nəticəsində danışıqlar heç bir nəticə vermir, münaqişə həll olunmamış qalırdı. Əslində onların məqsədi münaqişəni həll etmək yox, danışıqlar imitasiyası etməklə bu məsələni dondurulmuş münaqişəyə çevirmək idi. Bu təşkilat Azərbaycan xalqı tərəfindən də tam etimatsızlıq qazanmışdı və onun fəaliyyətinə, konstruktiv mövqe nümayiş etdirəcəyinə heç kim ümid etmirdi”, - deyə deputat bildirib.
O qeyd edib ki, 44 günlük Vətən müharibəsində də bu deyilənlər öz sübutunu tapdı: “Biz gördük ki, ATƏT-in Minsk qrupunun həmsədri olan bəzi ölkələr əsl simalarını göstərdilər, qərəzli şəkildə işağlçı Ermənistanı dəstəklədilər, ədalətsiz şəkildə dünyaya hay salıb Azərbaycanı dayandırmağa, öz əzəli torpaqlarını işğaldan azad etməkdən yayındırmağa çalışdılar. Onlar hətta Azərbaycanı ittiham etdilər, halbuki Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğalda saxladığı müddətdə Ermənistana qarşı hər hansı tədbir görmədilər, onu işğalçı adı ilə çağırmadılar. Göründüyü kimi, bu təşkilat tam qərəzli, münaqişənin həllini mümkün qədər uzatmağa çalışan bir təşkilat olub. İndi isə hansısa qüvvələr öz məkirli məqsədləri üçün bu təşkilatı yenidən gündəmə gətirməyə, ona süni nəfəs verməyə çalışırlar.
Lakin bu mümkün olan məsələ deyil, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edib, münaqişə artıq tarixə çevrilib və səmərəsiz və qərəzli Minsk qrupu da tarixin arxivinə atılıb. Artıq regionda yeni reallıqlar yaranıb, dayanıqlı sülhün bərqərar olması, yeni əməkdaşlıq mühitinin formalaşması üçün yeni imkanlar var və belə bir şəraitdə Minsk qrupu kimi qeyri-konstruktiv təşkilatlara heç bir zərurət yoxdur. Ona görə də Minsk qrupuna süni nəfəs vermək cəhtləri heç bir nəticə göstərməyəcək”.
Siyasi şərhçi Elçin Mirzəbəyli isə bildirib ki, artıq ömrünü başa vurmuş ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr fəaliyyətdə olduqları müddət ərzində sülh yolu ilə Azərbaycan torpaqlarının işğalına son qoyulmamasına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail ola bilmədiklərinə görə, ilk növbədə, onların riyakar, işğalı stimullaşdıran bəyanatlarına və davranışlarına görə, 30 ilə yaxın öz doğma yurd yerlərinə həsrət qalan, evləri, doğmalarının məzarları viran edilmiş yüzminlərlə azərbaycanlıdan üzr istəməli və bir daha “Minsk qrupu” kimi uğursuz söz birləşməsini dilə gətirməməliydilər.
O, təəssüflə qeyd edib ki, qədim Roma Respublikasının dövlət xadimi, natiqi və filosofu Siseronun dediyi kimi, “kağız qızarmır” və bu gün milyonların taleyini öz uğursuzluqlarının girovuna çevirənlər “Minsk qrupu” adlı “ölü”nü yenidən diriltməyə cəhd göstərənlər, yanlış qərarların yer aldığı kağız kimi utanıb qızarmır, ayıblarına qısılmırlar. ““Minsk qrupu” və onun həmsədrlik institutunun isə yalnız eskumasiyası mümkündür. 30 ilə yaxın müddət ərzində sərgilədikləri cinayətə bərabər fəaliyyətsizliyin səbəblərini daha detallı araşdırmaq üçün... Azərbaycan xalqı ATƏT-in Minsk qrupuna və onun həmsədrlərinə, təsisatın “fəaliyyətdə olduğu” zaman kəsiyinin əhəmiyyətli hissəsində, xüsusilə də 1999-cu ildə Ermənistan parlamentində baş verən siyasi motivli, sifarişli terror aksiyasından, eləcə də bu aksiyanın doğurduğu nəticələrə münasibətdən sonra etimadını tamamilə itirib və “ATƏT-in Minsk qrupu” ifadəsi cəmiyyətimizdə ən yaxşı halda acı təbəssüm və ikrah doğurub”, - deyə E.Mirzəbəyli bildirib.
O qeyd edib ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsinə qədər olan zaman kəsiyində Azərbaycan xalqının sülh prosesinə olan inamı və dözümü, tolerant davranışı öz dövlətinə, liderlərinə olan sonsuz etimadla bağlı olub. “Bu etimad da özünü 44 günlük müharibədə tamamilə doğruldub və Azərbaycan xalqının gözləntiləri BMT qətnamələrinin Azərbaycan Ordusu tərəfindən yerinə yetirilməsi ilə nəticələnib. İndi kimlərsə yenidən “Minsk qrupu” söz birləşməsini utanmadan ortaya atmaqla separatizmi yenidən stimullaşdırmağa cəhd göstərirlərsə, əmin olsunlar ki, Azərbaycan xalqının daha böyük nifrətini qazanırlar. Azərbaycan dövləti və xalqı ərazi bütövlüyünə, suverenliyinə təhdid yaradan istənilən təzahürün kökünü kəsmək əzmindədir”, - deyə E.Mirzəbəyli əlavə edib. ("Trend")