Elxan Şahinoğlu yazır:
Qarabağ separatçılarının özlərini buraxması, “qurumlarının” fəaliyyətlərini dayandırması Azərbaycan torpaqlarında 35 illik separatçı hərəkatın sonu deməkdir. Qarabağda separatçılığın tarixi daha uzundur, təxminən 200 il əvvəl bölgəyə köçürüldükdən sonra bizə hər zaman problem yaratdılar, qətliamlar törətdilər, müharibələr oldu, on minlərlə insan həlak oldu. Beləliklə, 200 illik bəladan qurtulduq. Bu xalqımızın və dövlətimizin ən böyük naliyyətlərindən biri sayıla bilər. Bundan sonra quruculuq işlərini sürətləndirə bilərik.
Qarabağdan ermənilərin kütləvi köçü 2 ilin sonunu gözləmədən Rusiya hərbi kontingentinin bölgəni tərk etməsini sürətləndirəcək, qalmağın mənası yoxdur. Biz tək separatizm üzərində qələbə çalmadıq, erməni ideologiyasına, erməni lobbisinə və onlarla əlaqələri olan mərkəzlərə zərbə vurduq. Ermənilər arasında dərin fikir ayrılığı yaranıb.
Əldə etdiyimiz uğura baxmayaraq, meşələrdə gizlənmək istəyən separatçılar ola bilər. Əgər belələri olarsa onları da məhv etməliyik. Qarabağda separatçı ocağın söndürülməsi Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalamaq imkanlarını artırır. Qarabağ Ermənistan üçün siyasi, iqtisadi və hərbi yük idi. Bu yükdən qurtuldular. Əgər baş nazir Nikol Paşinyanın məntiqi varsa ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalayar. Doğrudur, bu halda erməni lobbisi və yerli radikallar ona mane olmağa çalışacaq. Ancaq Paşinyan hələ də cəmiyyətinin bir hissəsinin dəstəyinə malikdir. Bu dəstək onun devrilməsinin qarşısını alır. Bu isə Paşinyana imkan verir ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması siyasətinə üstünlük versin.
P.S. 1987-ci ildən başlayaraq Qarabağda separatizm mövzusunda yazılar yazmağa başladım, bu gəncliyimdən mənim əsas mövzum oldu, müxtəlif ölkələrdə onlarla konfransda iştirak etdim, bu mövzuda 3 kitab yazdım. Ermənistanın keçmiş prezidentlərindən və siyasətçilərindən aldığım müsahibələr nəticəsində hələ 1990-cı illərin sonunda bu qənaətə gəldim ki, bunlarla danışığın perspektivi yoxdur, nəticə əldə etməyəcəyik, qarşılarında güc görməlidirlər. Həmin günü görmək mənə qismət oldu. Allah şəhidlərimizə rəhmət eləsin! Sizin qəhrəmanlığınız və ali baş komandanın əmrləri sayəsində torpaqlarımıza qovuşduq, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik.
Hazırladı: Tahirə AĞAMİRZƏ