1918-ci il mayın 28-də Qərbi Azərbaycan ərazisində Qafqaz regionunun tarixində ilk dəfə olaraq daşnaklar tərəfindən Ermənistan Respublikası quruldu. Bu dövlət yarandığı ilk günlərdən başlayaraq Azərbaycan Xalq Cümhuriyyəti ilə ərazi münaqişəsinə başladı. Qarabağ və Zəngəzur erməni işğalçılarının əsas hədəfinə çevrildi. 1920-ci il noyabrın 29-da Ermənistan SSR-nin yaradılmasından qısa müddət sonra Sovet Rusiyasının fəal dəstəyi ilə Zəngəzur qərb və şərq hissələrinə bölündü. Ümumi sahəsi 7824 kv.km olan Zəngəzurun daha böyük hissəsi olan qərbi (4505,5 kv.km) yerli əhali olan azərbaycanlıların rəyi nəzərə alınmadan Ermənistan SSR-yə verildi. ABŞ-da yaşamış erməni tarixçisi C. Burnutyan bu barədə yazır: “Zəngəzurun böyük hissəsi 1921-ci ilin iyununda ələ keçirilmiş, qalan bölgələr isə V. Leninin nümayəndəsi A. Myasnikyanın Zəngəzurun Ermənistana veriləcəyi və üsyançılar üçün əfv təminatı ilə razılaşdırılmışdı... Bu bölgə V.Leninin də dəstəyi ilə Ermənistandan qopmadı. Zəngəzurun Türkiyə ilə SSRİ-nin türk xalqları arasında yeganə tampon bölgə olduğunu Moskva da nəhayət ki, anlamışdı” [Bournoutian G.A. Ermeni tarihi. Ermeni halkının tarihine kısa bir bakış. Çev. E. Abadoğlu, O. Kılıçdağı. İstanbul, 2016., s. 264-265].
Hazırladı: Tahirə AĞAMİRZƏ