21.11.2024, 15:49
AZ EN
14.08.2023, 12:31 250

Separatçılar hərbi qarşıdurmaya hazırlaşır?

YAZILAR

Qarabağa gizli yollarla silah daşıyan revanşistlərin yeni qurduğu hərbi bazanın  peyk görüntüləri yayılıb

  • Erməni separatçıları Qarabağda öz qanunsuz hərbi fəaliyyətlərini 44 günlük müharibədən sonra da davam etdirirlər. Rusiya sülhməramlı qüvvələrinin köməyinə arxalanaraq Qarabağa gizli yollarla silah daşıyan revanşistlər bu qanunsuz əməllərindən əl çəkmək istəmirlər.

“Vətən səsi” xəbər verir ki, sosial şəbəkələrdə sözügedən qanunsuz hərbi fəaliyyətləri açıq şəkildə ortaya qoyan kadrlar yayılıb. Kadrlardan görünür ki, erməni separatçıları 2020-ci ildə heç bir hərbi infrastruktur olmayan ərazidə sonradan yeni mövqelər inşa ediblər və orada silah sistemləri yerləşdiriblər. Sözügedən mövqelər Azərbaycan tərəfindən “Laçın” sərhəd-buraxılış məntəqəsi yaradılmamışdan əvvəl qurulub.  Kadrlarda Xankəndi istiqamətində müharibədən sonra yeni qurulmuş mövqelər də öz əksini tapıb.

Bəs, gizli yollarla daşınan silah və hərbi texnikalar hesabına Qarabağda hərbi bazaların qurulması nəyə xidmət edir? Bu, revanşistlərin genişmiqyaslı silahlı qarşıdurmaya hazırlaşmasının göstəricisi sayıla bilərmi?
Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu 3 həftəyə yaxındır “humanitar yardım” şousu ilə beynəlxaq diqqəti özünə cəlb etməyə çalışan ermənilərin Azərbaycanla silahlı qarşıdurmaya gedə biləcəyinə inanmır. Onun fikrincə, 44 günlük müharibədən sonra nə Ermənistan cəmiyyətinin, nə də Qarabağdakı separatçıların genişmiqyaslı hərbi əməliyyatlar aparmağa gücü qalmayıb: “Nə Ermənistanın başlatdığı “humanitar yardım” şousunun effekt verəcəyini, nə də Qarabağdakı revanşistlərin hansısa mərhələdə silahlı qarşıdurmaya keçəcəyini gözləmirəm. Ona görə ki, Ermənistanın bu məsələdə mövqeyi çox zəifdir, 44 günlük müharibədə ordusu darmadağın edilib. Baxmayaraq ki, yeni silahlar alınıb, guya ordu təchiz olunub, Qarabağdakı separatçılara da gizli yollarla silah daşıyırlar. Üstəlik ruslar da Qarabağdakı separatçıları yeni silahlarla təchiz edirlər. Amma bunların heç biri ermənilərin Azərbaycanla genişmiqyaslı silahlı qarşıdurmaya getməsi üçün əsas ola bilməz. Çünki nə Ermənistanın, nə də Qarabağ separatçıların yetərincə gücü yoxdur”.

Bununla belə, ekspert hesab edir ki, Ermənistan hökuməti indiki şəraitdə konflikti dərinləşdirmək, sülh danışıqlarındakı şərtləri öz maraqlarına uyğunlaşdıra bilmək üçün vaxt qazanmaq məqsədilə lokal hərbi qarşıdurmalara gedə bilər. Ancaq onun fikrincə, bu halda onsuz da çətin vəziyyətdə olan Ermənistan regional müstəvidə öz risklərini bir qədər də artırmış olar: “Çünki Paşinyan hökumətinin nə Qarabağdakı separatçılarla, nə də bu konfliktin əsas idarərdicisi rolunda çıxış edən Rusiya ilə münasibətləri yaxşı deyil. Ermənistanda hər kəs anlayır ki, Qarabağda istənilən genişmiqyaslı hərbi qarşıdurma Rusiyanın müdaxiləsi ilə nəticələnəcək. Moskvadan gələn müdaxilə isə isə daha çox Ermənistanın ziyanına olacaq. Ona görə də Qarabağa gizli daşına silahların, orada qurulan yeni hərbi bazaların revanşistlərin işinə yaraya biləcəyini düşünmürəm. Heş Azərbaycan tərəfdən də genişmiqyaslı hərbi əməliyyatlar aparmağa ehtiyac yoxdur. Qarabağdakı qanunsuz hərbi birləşmələri zərərsizləşdirmək üçün lokal xaraketli anti-terror tədbirləri kifayətdir. Sadəcə bunun üçün müəyyən vaxt və münbit şərait lazımdır. Azərbaycan tərəfi hələ ki, problemin sülh və danışıqlar yolu ilə həll etməyə çalışır. Bunun nə ilə nəticələnəcəyi ermənilərin onlara verilən fürsətdən necə yararlana biləcəyindən çox asılıdır”.

Elxan SALAHOV

Oxşar xəbərlər