08.09.2024, 05:32
AZ EN
31.05.2024, 12:00 174

“Yaşıl dünya”mızı yaradaq və qoruyaq!

YAZILAR
  • Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim dəyişikliyi ilə mübarizə üçün ən effektiv yolların biri qalıq yanacaqlardan günəş, külək və su enerjisi kimi bərpa olunan enerji mənbələrinə keçiddir. Bu, istixana qazı emissiyalarını azaltmağa və daha dayanıqlı enerji sistemi yaratmağa kömək edir. Meşələrin, bataqlıq ərazilərin və digər ekosistemlərin mühafizəsi və bərpası atmosferdən karbon qazının udulmasına və biomüxtəlifliyin qorunmasına kömək edir. Davamlı monitorinq aparılması və proqnozlarının  verilməsi, uyğun strategiyalarının işlənib hazırlanması, ekstremal hava hadisələri üçün erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi iqlim dəyişikliyinin təsirlərini uğurlu idarə etmək  imkanı yaradır.

 

İqlim dəyişmələri

İqlim dəyişikliyihəm insanlardan qaynaqlanan emissiyanın səbəb olduğu istixana qazlarının hərəkətə gətirdiyi qlobal istiləşməni, həm də bunun nəticəsində hava modellərində özünü göstərən böyükölçülü dəyişiklikləri əhatə edir. İstiləşmənin ən əsas hərəkətverici qüvvəsi 90%-dən çoxu karbon qazı (CO2) və metandan ibarət olan istixana qazlarının emissiyasıdır. Bu emissiyaların əsas mənbəyi enerji istehlakı üçün təbii yanacaqların (kömür, neft və qaz) yandırılması olsa da, bunda kənd təsərrüfatının, ağacların kəsilməsinin və sənaye proseslərinin də rolu var. İqlim dəyişikliyinə verilən reaksiyalar isə – günəşi əks etdirən qar və buz örtüyünün yox olması, artmış su buxarı (istixana qazının özü) və quru və okeandakı karbon uducularda baş verən dəyişikliklər – temperatur artımını sürətləndirir və ya yavaşıdır. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin əsasını istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələr təşkil edir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı artıb. Okeanın səthi əvvəllər 1000 metr dərinliyə qədər qızırdısa, artıq qızma 2000 metr dərinliyə qədər çatır. Bu da isti axınların daha da qızmasına səbəb olur. Yəni bütün bu təbii fəlakətlərin artımında əsas amil iqlim dəyişmələridir.

Meşə yanğınları

Qurudakı temperatur artımı qlobal orta artımın təxminən iki qatına bərabərdir, bu da öz növbəsində səhraların ekspansiyasına (genişlənməsinə), isti hava dalğalarının və meşə yanğınlarının artmasına səbəb olur. Araşdırmalar göstərir ki, son 10 ilin ən böyük meşə yanğınları Avstraliya, Rusiya, Kanada, ABŞ-da qeydə alınır. Təkcə Havay adalarında avqustun 9-da başlayan yanğınlar nəticəsində ölənlərin sayı 106-ya çatıb. Yüzlərlə hektar ərazi külə dönüb. Təbii ki, məsələnin digər faciəvi tərəfi meşə yanğınların ildən ilə daha çox sahəni əhatə etməsi, ölkə sərhədlərini aşmasıdır. Qlobal istiləşmənin də artmasına səbəb olan yanğınların qarşısını almaq da çətinləşir. Qlobal istiləşmə ilə əlaqədar olaraq, meşə yanğınları mövsümü indi dünyanın demək olar ki, hər yerində daha erkən başlayır və uzun müddət davam edir. Dünyada meşələrin monitorinqini aparan “Global Forest Watch”un platformasının məlumatlarına görə, son 20 ildə dünyada 318 milyon hektar meşə sahəsi müxtəlif səbəblər, o cümlədən yanğınlar nəticəsində məhv olub.

 

Biomüxtəlifliyin azalması

Biomüxtəlifliyin azalması   planetimizin üzləşdiyi ən  kritik problemlərdən biridir. Meşələrin qırılması, təbii ərazilərin məhv edilməsi və insan fəaliyyətinin nəticələri kimi  digər təsirlər  bitki və heyvan növlərinin sayının həyəcanverici sürətdə azalmasına səbəb olur. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (BTMİ) 2023-cü ilin statistik məlumatlarına əsaslanaraq 150 mindən çox növ qlobal qırmızı siyahıya daxil edilib. Qlobal səviyyədə 993 növ ümumiyyətlə yoxa çıxmış, 9 mindən çox növ isə təəssüf ki,   məhv olma təhlükəsi ilə üz-üzədir. 36 min növ isə azalan tendensiya göstərir. Regional və ya ölkələr  səviyyəsində qırmızı siyahılara düşən növləri topladıqda bu say dəfələrdə yüksəkdir.

 Planetimizdə növlərin ən çox nadir növ  kateqoriyasına düşdüyü əsas təbiət əraziləri meşələrdir (83210 növ). Təbii fəlakətlər, xüsusilə insan fəaliyyətinin nəticəsində baş verən meşə yanğınları bütün ekosistemin  pozulmasına səbəb olur. Həmin meşələrin yenidən bərpası uzun illər tələb edir. Yanğından sonra meşənin biokütlə olaraq azalması davamlı ekosistem zəncirinə təsiri ilə bərabər, karbon çirklənməsini, eləcə də istililəşməni artırır.

Azərbaycanda uzunmüddətli şiddətli yanğınlar baş verməsə də, lakin son illər statistikada artım müşahidə edilir.  Fövqəladə Hallar Nazirliyinin statistik məlumatlarına əsasən 2012-2022-ci illərdə ümumilikdə yanğın çağırışlarından (hadisələri) 102 622-si bitki resurslarını (meşə, kol, otlaq, kənd təsərrüfatı və s.) əhatə edir ki, bu hadisələr nəticəsində son 10 ildə 262 696 hektar ərazidə bitki resursları yanmışdır. Bitki əsaslı yanğın hadisələrinə statistik  nəzər salsaq, yanğınların 261-i meşələrdə (2924 ha), 91980-i kol-kosda (171009 ha), 554-ü taxıl sahələrində (4915 ha),  9827-si isə biçilmiş taxıl sahələrində (83848 ha) baş verib. Maraqlıdır ki, hər il ümumi yanğın çağırışlarının ortalama 60 faizi bitki resurslarına aiddir. “Azərkosmos”un monitorinq məlumatına görə, təkcə 2022-ci ilin avqust ayında ölkə üzrə 19 yanğın hadisəsi baş verib və 5311 hektar yanan ərazinin 32 faizini meşə sahələri təşkil edib.

                                                                     

Plastik tullantıların çirklənmədə rolu

Planetimiz çirklənməyə meyllidir, hər  il  8 milyon tondan atıq plastik materiallar  dənizlərə daxil olur. Bu, dəniz həyatını ciddi dərəcədə təhdid edir. Qlobal olaraq, çirklənmiş su səthindəki plastik materialın həcmi 5,25 trilyon plastik parçadır.  Plastik tullantılar endemik səviyyəyə çatıb və iqlim amillərinin təsirindən daha kiçik hissələrə  parçalanır çaylara, dənizə, torpaqlara, çimərliklərə, qida zənciri ilə canlılara o cümlədən, insan orqanizminə transfer oluna bilir.  Torpaqlara mikroplastiklər düşərək, onun dərin qatlarına qədər keçə bilir və digər mühitlərə hava və suya asanlıqla transfer olur.  Belə ki, alimlərin araşdırmaları  nəticəsində mikroplastiklər   insanların həyatında istifadə olunan  müxtəlif duzların tərkibində, şəkər tozunda, balda, torpaq, dəniz və çaylarda olan canlılarda, insan orqanizmində belə  liflər və hissəciklər  şəklində aşkar edilmişdir. Araşdırmalar göstərir ki, 267-dən çox növ plastik çirklənməyə  məruz qalıb.Mikroplastiklər planet üçün o, cümlədən də Azərbaycan üçün təhlükədir. Azərbaycanın coğrafi  və iqtisadi  mövqeyi, təsərrüfatların məşğulluğu mikroplastiklərin çox ciddi monitorinq olunmasını və tullantıların sistemli idarə edilməsini problem kimi önə çəkir.                                       

 

Azərbaycanda su resurslarının azalması

Bu qlobal problem çərçivəsində Azərbaycanda  həmçinin  su resurslarının    azalması əsas  prioritet problem  olaraq qalmaqda davam edir. Bu proseslər nəticədə Xəzər dənizinə çox böyük təhdid  altındadır.  Son onillikdə dənizin səviyyəsi təxmini 1 m enib.  Dənizə axan  çayların su səviyyəsindən asılı olaraq, Xəzərin su səviyyəsinin dəyişməsi  gözləniləndir. Ölkə daxili  Xəzərə tökülən çayların davamlı su təminatı üçün regionda respublikalar üzrə suyun səmərəli istifadəsi üçün ortaq proqramların həyata keçirilməsi vacibdir. Digər tərəfdən Xəzər dənizi ölkələrinin neft, kimya digər sənaye müəssisələrindən, kənd təsərrüfatı və məişət tullantıları dənizə axıdılaraq  dənizin ekoloji və iqtisadi problemlərlə üzləşməsi ilə nəticələnməkdədir. Bu problemlərin həlli üçün, Xəzər dənizi ölkələri arasında birgə əməkdaşlıq və tədbirlər qəbul edilməlidir. Çirklənmənin azaldılması üçün təmizləmə prosesləri genişləndirilməli, innovativ texnologiyalar tədbiq edilməlidir. Həmçinin, neft və kimya sənayesi tullantıların idarə olunması üçün daha sərt tədbirlər qəbul edilməlidir.

İqlim dəyişikliyi ilə bağlı problemlərin həlli yolları

İqlim dəyişikliyi ilə mübarizə üçün ən effektiv yolların biri qalıq yanacaqlardan günəş, külək və su enerjisi kimi bərpa olunan enerji mənbələrinə keçiddir. Bu, istixana qazı emissiyalarını azaltmağa və daha dayanıqlı enerji sistemi yaratmağa kömək edir. Meşələrin, bataqlıq ərazilərin və digər ekosistemlərin mühafizəsi və bərpası atmosferdən karbon qazının udulmasına və biomüxtəlifliyin qorunmasına kömək edir. Davamlı monitorinq aparılması və proqnozlarının  verilməsi, uyğun strategiyalarının işlənib hazırlanması, ekstremal hava hadisələri üçün erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi iqlim dəyişikliyinin təsirlərini uğurlu idarə etmək  imkanı yaradır.  Azərbaycanın uğurlu  ekoloji siyasətinin  nümunəsi kimi həyata keçirdiyi layihələr də diqqət çəkir. Ölkə təbii sərvətlərinin mühafizəsi və bərpası üçün ciddi tədbirlər həyata keçirir. Bu tədbirlər arasında meşələrin qırılmasının qarşısının alınması, külək və günəş enerjisinin inkişafı və ətraf mühitə dəyişikliklərin təsirlərinin azaldılması da var. Ölkə əkinçilik və aqromeşəçilik sahəsində davamlı kənd təsərrüfatı proqramları ilə məhsuldarlığı artıraraq, yerli icmalar üçün yeni gəlir mənbələri yaradır. Bununla bərabər, tullantıların effektiv idarə edilməsi və bərpası, ekoturizm təşviqini də özündə əks etdirir. Bu cür addımlar Azərbaycanın qlobal iqlim dəyişikliyi və ekoloji mübarizədə oynadığı rolu göstərir və ölkəni sürətlə dayanıqlı bir iqtisadiyyata doğru aparmağa kömək edir.

Nəticə

Planetin üzləşdiyi problemləri, yumşaldıcı tədbirləri  ümumi şəkildə nəzərdən keçirdik. Qlobal  ekoloji problemlərin  intensiv həllinə və daha davamlı həyat tərzinə keçidə təcili ehtiyac olduğunu daha çox dərk edirik. Bu keçidin mərkəzində təbii ehtiyatların davamlı şəkildə idarə olunması və sosial rifahın yüksəldilməsini təmin etməklə yanaşı, iqtisadi artımı təşviq etməyə çalışan “yaşıl iqtisadiyyat” konsepsiyası dayanır. “Yaşıl iqtisadiyyat” davamlı inkişafı təşviq edərkən ekoloji riskləri və ekoloji çatışmazlıqları azaltmağı hədəfləyən iqtisadi sistemdir. O, resurslardan səmərəli istifadənin, tullantıların və çirklənmənin minimuma endirilməsinin, bərpa olunan enerji mənbələrinə sərmayə qoyulmasının vacibliyini vurğulayır. “Yaşıl iqtisadiyyat”a keçidlə ölkələr yeni iş imkanları yarada, əhalinin sağlamlığını yaxşılaşdıra və ekoloji çağırışlara qarşı davamlılığını artıra bilər.

Davamlı  olaraq təcrübələri mənimsəməklə, beynəlxalq əməkdaşlığı inkişaf etdirməklə və planetimizin sağlamlığını prioritetləşdirməklə biz daha yaşıl və daha möhkəm bir dünyaya doğru yol aça, gələcək nəsillər üçün daha davamlı dünya yarada bilərik. Yer kürəsini sabitliyini,  resursların müxtəlifliyini qorumaq üçün  intensiv və davamlı, sistemli fəaliyyət həyata keçirmək, fərdi və  kollektiv öhdəlik götürmək vaxtıdır. Həmrəylik bizi sərhədləri aşmağa və planeti qorumaq üçün birgə fəaliyyət göstərməyə dəvət edir. Yaşıl Dünya Naminə Həmrəylik İli ekoloji davamlılığı təşviq etmək və xalqlar arasında həmrəyliyi gücləndirmək məqsədi daşıyan qlobal təşəbbüsləri təşviq edir. Bu təşəbbüslərə bərpa olunan enerji mənbələrinin inkişafı, biomüxtəlifliyin qaynar nöqtələrinin mühafizəsi və təbii ehtiyatların səmərəli istifadə edilməsi təcrübələrinin təşviqi daxildir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tətəflər konfransının  29 -cu sessiyasına Azərbaycanın ev sahibliyi etməsi   ölkədə sosial-iqtisadi və ekoloji inkişafa töhfələr verərək,   ”Yaşıl İnkişafa Doğru”  aidiyyəti  üzrə dövlət qurumlarında, vətəndaş cəmiyyəti, təhsil sistemində  innovasiyaların tətbiqinin genişləndirilməsinin, təbii və insan kapitalının inkişaf  etdirilməsində yeni mərhələyə keçirilməsinin vacibliyini yaradacaq. Azərbaycanda nümunə olan model cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə işgaldan azad edilmiş  ərazilərdə  yaradılan müasir  infrastruktur sistemidir. Göründüyü kimi, bütün təbii proseslər bir-biri ilə qarşılıqlı təsirdədir. Biz dünyanın ali varlıqları təbii tarazlığı,  ekosistem zəncirini pozduqda, bu düzünə və ya dolayı yolla iqlim dəyişikliyinə səbəb olur. Iqlim dəyişikliyi isə yenidən təbiətə, canlılara, o cümlədən,  insanlara zərər gətirir.  Biz insanlara sağlam, xoşbəxt  rifahlı həyat lazımdır. Bunun üçünsə həmrəy olmalıyıq.

Gəlin həmrəy olaq, “yaşıl dünya”mızı  yaradaq və qoruyub saxlayaq.

 

Aytac HÜMBƏTZADƏ,

Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və mühasibat” fakültəsinin “Maliyyə” ixtisası üzrə təhsilin III ili, 690 saylı qrup tələbəsi

 

Oxşar xəbərlər