22.09.2023, 03:34
AZ EN
07.09.2023, 10:26 248

Arutyunyan istefa verməzdən əvvəl CNN telekanalına nələri danışıb...

YAZILAR
  • Qarabağ separatçılarının sabiq lideri Araik Arutyunyan istefa qərarını açıqlamazdan əvvəl CNN telekanalına müsahibə veribmiş.

“Vətən səsi” xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb. Arutyunyan CNN-nin əməkdaşı ilə söhbətində qondarma “artsax respublikasının prezidenti” vəzifəsindən imtina etməsinin səbəblərindən danışarkən Avropa İttifaqı və ABŞ-ın Qarabağın “blokada”da saxlanılmasına laqeyd münasibətindən gileylənib. O, bildirib ki, 3 ilə yaxındır Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində yaşayan erməni sakinlərin rahat və təhlükəsiz yaşamasını təmin etmək üçün qondarma rejimə beynəlxalq dəstək sıfır həddinə enib. Onun sözlərinə görə, Azərbaycan hökuməti Ermənistanla şərti sərhəddə - Laçın yolunda sərhəd keçid məntəqəsi qurduqdan sonra bölgədə vəziyyət daha da pisləşib və yalnız bundan sonra separatçı rejimin xaricdəki havadarları ermənilərə öz dəstəyini göstərməyə başlayıb.

“Son zamanlar demək olar ki, bütün aparıcı beynəlxalq media artsaxın “blokadası” məsələsinə biganə qalmadığını nümayiş etdirdi. Bu silsilədə CNN-in bugünkü nəşri mühüm yer tutur, müəllifin suallarını “respublika prezidentliyindən” istefa verməmişdən əvvəl cavablandırmışam”, - deyə Araik Arutyunyan “Facebook” səhifəsində qeyd edib.

Qarabağdakı separatçıların sabiq lideri həmin müsahibəsində Avropa İttifaqı və ABŞ-ın “blokada”ya münasibətindən şikayətlənib: “Aİ və ABŞ-ın reaksiyasından məyus oldum. Avropa və Amerikanın fəaliyyətsizliyinin və uğursuzluğunun səbəbləri əsasən geosiyasidir və o cümlədən Azərbaycandan enerji asılılığıdır”.

Araik Arutyunyan müsahibəsində Qarabağda məskunlaşmış erməni əsilli sakinlərin güzəranın ağır olmasından da danışıb. O, Azərbaycan hökumətinin guya, “blokadada” saxladığı bölgədən yaşayışın gündən-günə pisləşdiyini söyləyib.

Keçmiş baş separatçı onu da bildirib ki, onun istefasının Qarabağ bölgəsində yaranmış vəziyyətə necə təsir edəcəyini proqnozlaşdırmaqda çətinlik çəkdiyini də etiraf edib: “Bölgədə vəziyyət çox mürəkkəbdir. Problemlərə yanaşmada konsensus əldə olunmadı, “blokada”nın aradan qaldırılması ilə bağlı təkliflərim kifayət qədər dəstəklənmədi. Həm də bizə əvvəlki kimi dəstək yox idi və bu tendensiya çox məyusedicidir. Bundan sonra nə olacağını da demək çətindi, artsaxda vəziyyət ən həssas mərhələdədir”.

Xatırladaq ki, Araik Arutyunyan “artsax respublikasının prezidenti” vəzifəsindən sentyabrın 1-də “istefa” verib. Bundan əvvəl o, qondarma rejimin “təhlükəsizlik katibi” Samvel Şahramanyanı “dövlət naziri” təyin edib. Bununla da Qarabağdakı separatçılara faktiki rəhbərlik Şahramanyana keçib.

Qarabağdakı separatçılar sentyabrın 9-da özlərinə yeni rəhbər müəyyənləşdirəcəklər.

Yeni “prezident”i qondarma rejimin “parlament” adlandırdığı yığıncağa toplanmış “fraksiyalar”ın irəli sürdüyü “namizədlər” arasından “deputatlar” seçəcək.

Elxan SALAHOV

Oxşar xəbərlər