01.07.2025, 13:35
AZ EN
09.06.2023, 16:28 425

Böyük Qayıdışın xırda incəlikləri: çətin şəraitdə yaşayanlar yeni mənzillərə

YAZILAR

İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma tədbirlərinin geniş vüsət alması 30 ilə yaxın məcburi köçkün vəziyyətində yaşayan soydaşlarımızın doğma yurda qayıdışı ilə bağlı arzularının gerçəkləşməsinə imkan yaradıb. Zəfər müharibəsindən dərhal sonra düşmən tapdağından azad edilmiş rayonların demək olar ki, hamısında infrastrukturlar yenidən qurulur, məcburi köçkünlərin öz evlərinə qayıdışını təmin etmək üçün zəruru addımlar atılır. Artıq ortada nəticələr də var. Belə ki, 44 günlük zəfər mühasiribəsindən cəmi 2 il 8 ay ötməsinə baxmayaraq,  Qarabağ və Şərqi Zəngəzur bölgəsində böyük tikinti-quruculuq işləri geniş vüsət alıb. Artıq Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə, bu günlərdə isə Laçın şəhərinə bir qrup məcburi köçkün ailəsinin qayıdışı təmin edilib və proses davam edir. Doğma yurduna köçürülənlər arasında dövlət vəsaitləri hesabına məcburi köçkünlər üçün tikilmiş yaşayış binalarında məskunlaşmış ailələr də var.

Bəs, bərpa və yenidənqurmadan sonra doğma yurduna qayıtmış keçmiş məcburi köçkünlərin indiyədək müvəqqəti yaşadıqları evlərin aqibəti necə olacaq?

Otuz ilə yaxın işğal altında qalmış ərazilərdə tikinti və yenidənqurma işlərinin geniş vüsət alması və məcburi köçkünlərin tədricən öz yurd-yuvasına qayıtması fonunda bu məsələ gündəmin əsas mövzularından birinə çevrilib.

“Vətən səsi” xatırladır ki, 30 ilə yaxın doğma yurd həsrəti ilə yaşamış məcburi köçkünlərin sosial-məişət problemlərinin həlli, o cümlədən onların mənzil şəraitinin yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzində olub. 1988-93-cü illərdə Ermənistanın hərbi təcavüzü 1 milyona yaxın azərbaycanlının öz doğma yurdundan didərgin düşən düşməsi ilən nəticələndi. Ölkənin müxtəlif bölgələrinə pənah gətirərək yarımçıq tikililərdə, tələbə yataqxanalarında, inzibati binalarda, çadır düşərgələrdə və vaqonlarda məskunlaşmış məcburi köçkünləri bu ağır vəziyyətdən çıxarmaq ölkə rəhbərliyinin gündəlik qayğılarından birinə çevrilmişdi. Neft gəlirlərinin bir hissəsinin məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilməsi də məhz bunun təzahürü idu. Əhalinin bu həssas təbəqəsinə olan diqqətin nəticəsi olaraq əvvəlcə çadırlarda və vaqonlarda məskunlaşan məcburi köçkünlər üçün yeni qəsəbələr salındı. Növbəti mərhələdə yarımçıq tikililərdə, yataqxananalarda, uçuq-sökük binalarda ağır şəraitdə yaşayan ailələr onlar üçün tikilmiş müasir binalara köçürüldülər. Amma bu, heç də məcburi köçkünlərin hamısını əhatə etmir və mənzil şəraiti dözülməz olan ailələrin sayı kifayət qədərdir.

Mənzil şəraiti ağır olanlar hələ çoxdur

Tanınmış hüquqşünas Bəhruz Bayramov hesab edir ki, işğaldan azad olunmuş ərazilərin bərpası asan başa gələn məsələ deyil və bu proses on illərlə vaxt aparacaq. Buna görə də bərpa və yenidənqurmadan sonra doğma yurd-yuvasına köçürülmüş ailələrin daha ağır şəraitdə yaşayan məcburi köçkünlərin istifadəsinə verilməsi doğru yanaşmadır: “Əslində həmin mənzillər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansındadır və nə qədər ki, Qarabağa böyük qayıdış proqramı tam şəkildə başa çatdırılmayıb, həmin yaşayış sahələrinin xüsusi mülkiyyətə verilməsi ağlabatan deyil. Hər şeydən əvvəl ona görə ki, həmin mənzillər məcburi köçkünlərə mülkiyyət olaraq deyil, müvəqqəti yaşamaq üçün verilib. Üstəlik, hələ də yüz minlərlə məcburi köçkün qəzalı binalarda, heç bir şəraiti olmayan yataqxanalarda yaşayır. Yəni, dövlətin mənzillə təmin etdiyi məcburi köçkünlər bu təbəqədən olan və çətin şəraitdə yaşayan əhalinin çox az hissəsini təşkil edir. Belə olan halda Ağalıya, Talışa, Laçın şəhərinə köçürülən, yaxud köçməyə hazırlaşan ailələrin müvəqqəti məskunlaşdıqları mənzillərin aqibəti sual doğurmur. Şübhəsiz ki, həmin mənzillər uçuq-sökük binalarda yaşayan məcburu köçkünlərin ixtiyarına veriləcək və belə də olmalıdır”.

Hazırda yarımzirzəmilərdə, yataqxanalarda, qəzalı binalarda on minlərlə məcburi köçkünün yaşadığını vurğulayan hüquqşünas bildirir ki, işğaldan azad edilmiş ərazilərin bərpası ilə pararlel şəkil də həmin ailələrin də mənzil şəraitinin yaxşılaşdırılmasına böyük eyhiyac var: “Nəzərə alsaq ki, işğaldan azad edilmiş kəndlərin və şəhərlərin yenidən qurulması, əhalinin oraya köçürülməsi uzunmüddətli proqram və böyük investisiyalar tələb edir, onda faktiki olaraq ağır şəraitdə yaşayan, yarımzirzəmilərdə və qəzalı binaların darısqal otaqlarında məskunlaşan ailələrə həssaslıqla yanaşılmalıdır. İndi həmin ailələri 30 illik əzab-əziyyətdən qurtarmaq üçün imkan yaranıb. Nisbətən rahat mənzillərdə yaşayan məcburi köçkünlər doğma yurduna qayıtdıqca boşalan evlər zirzəmilərdə məskunalaşanların istifadəsinə verilməlidir”.

Bərpa və yenidənqurma işləri nə qədər sürətli olsa...

Bəhruz Bayramov işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətləndirilməsini də vacib hesab edir. Onun fikrincə, bərpa işləri nə qədər sürətli aparılsa məcburi köçkünlərin Qarabağa böyük qayıdışı o qədər tez həyata keçiriləcək: “Nəzərə alsaq ki, dövlət məcburi köçkünlər üçün mənzil tikintisini dayandırıb, onda mənzil-məişət şəraiti ağır olan insanların mümkün qədər qısa müddətdə öz yurduna qayıdışına şərait yaradılmalıdır. Bu ailələrin bir qisminin yeni mənzillərə köçürülməsi üçün 44 günlük müharibəyə qədər tikilib hazır vəziyyətə gətirilmiş binalar prezidentin göstərişinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verildi. Müharibədən sonra qərara alındı ki, həmin mənzillər məcburi köçkünlərə yox, şəhid ailələrinə paylansın. Bu, düzgün qərardır. Ancaq ağır şəraitdə yaşayan məcburi köçkünləri də mütləq nəzərə almaq lazımdır və dövlət ilk növbədə məhz həmin ailələrin evlərini bərpa etməlidir. Eyni zamanda Qarabağa qayıdışı da tezləşdirmək lazımdır ki,

yarımzirzəmilərdə, yataqxanalarda, qəzalı binalarda yaşayan on minlərlə məcburi köçkün 30 illik əzb-əziyyətdən qurtulsun”.

Elxan Salahov

Oxşar xəbərlər