Son günlər Ermənistan tərəfin Azərbaycan Ordusuna qarşı təxribatları səngimir. Bu, qardaş Türkiyənin də diqqət mərkəzindədir.
Ehtiyatda olan türkiyəli general Yücel Karauz son günlər Ermənistan tərəfinin Azərbaycan Ordusuna qarşı təxribatlarına mətbuata açıqlamasında konkret fikirlər səsləndirərək deyib ki, İrəvan təxribatlara əl atmaqla sülh danışıqlarını yubatmaq və regionda vəziyyəti gərginləşdirmək istəyir: "Nikol Paşinyan və komandası ABŞ, Avropa və Rusiyanın quyruğuna düşərək bölgədə gərginliyin artmasına xidmət edir. Azərbaycanlı ekoaktivistlərin 89 gündür ki, davam edən aksiyası nəticəsində Azərbaycan Laçın dəhlizindən keçən bütün yük maşınlarına nəzarət edir. Martın 5-də Qarabağda təxribat törədilməsi və sülhməramlıların gözü önündə separatçıların səngər qazması qəbuledilməzdir. Azərbaycan Ermənistan sərhədində nəzarət-buraxılış məntəqələri quraraq bütün giriş-çıxışlara nəzarət etməlidir. Çünki Rusiya sülhməramlılarının bunların heç birini edə bilmədiyi və daha doğrusu, etmək istəmədiyi göz önündədir. Sülhməramlıların müşayiəti ilə Qarabağa qanunsuz silah daşınmaları həyata keçirilir. Bu addım isə mülki insanların və hərbçilərin həyatına təhlükə yaradır", - deyə general bildirib.
Y.Karauz vurğulayıb ki, sülhməramlılar separatçılara Qarabağ ərazisindən çıxması üçün vaxt verməlidir. Onun dediyinə görə, əgər ruslar bunu etməsə, Azərbaycan antiterror əməliyyatı ilə silahlı dəstələri torpaqlarından təmizləməlidir:
"Vətən müharibəsindən əvvəl qeyd etmişdik ki, heç kəs Azərbaycanın səbrini sınamamalıdır. İndi də bu sözümüz qüvvədədir. Ermənilər bizim sözümüzə məhəl qoymasalar, "dəmir yumruq" yenidən onların başını əzəcək. Bununla da regionda əmin-amanlıq bərpa olunacaq. İndiyə qədər baş verən hadisələr antiterror əməliyyatının keçirilməsini labüd edir. Azərbaycanın dedikləri ilə razı olmayanların, Qarabağda separatçı qurumun varlığını dəstəkləyənlərin haqqı kötəkdir. Erməniləri sevənlər onları Moskva və Parisə yerləşdirə bilərlər. Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır və hamı buna hörmət etməlidir. Bu ölkədə yaşamaq istəyənlər milliyətindən aslı olmayaraq vətəndaşlığı qəbul edərək firavan şəkildə həyatına davam edə bilər",- deyə Y.Karauz bildirib.
Hazırladı: Tahirə AĞAMİRZƏ