02.07.2025, 00:18
AZ EN
28.09.2023, 18:07 358

Ermənilərin məkrli planı: Qarabağdan köçənlərin sayı şişirdilir

YAZILAR
  • Azərbaycan silahlı qüvvəllərinin Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra bütün diqqət erməni köçünə yönəlib. Belə ki, Qarabağdakı separatçı rejim və qanunsuz erməni hərbi birləşmələri ağ bayraq qaldıraraq təslim olduğunu elan etdikdən sonra mülki sakinlər bölgəni tərk etməyə başlayıb. Amma rəsmi İrəvanın və Ermənistanın medianın Qarabağı tərk edən erməni əsilli sakinlərlə bağlı yaydığı məlumatlarda statistik rəqəmlərin qəsdən şişirdildiyi də diqqətdən yayınmır.

Maraqlıdır, Qarabağı tərk edən erməni əhalisinin sayı niyə şişirdilir? Ermənistanın indiyədək Qarabağda yaşayan əhali ilə bağlı reallıqdan uzaq statistik göstəricilər yaymaqda və faktları təhrif etməkdə məqsədi nədir?
Bəri başdan deyək ki, hələ 1989-cu ildə Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi olan Qarabağda 149 min erməni yaşayıb. SSRİ-nin dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq  müharibəsi nəticəsində Qarabağ bölgəsindən əhalinin köçü başlayıb. Buna səbəb təkcə güllü-gülüstanlı Qarabağın ermənilər tərəfindən barıt çəlləyinə çevrilməsi deyildi, həm də sosial böhran, iqtisadi tənəzzül və siyasi idarəetmənin paşıpozuq qüvvələrin əlinə keçməsindən qaynaqlanan problemlər idi. Hətta işğal dövründə Köçəryan-Sarkisyan rejiminin yarıtmaz siyasəti nəticəsində əhalinin haqsızlıq və sosial çətinliklər səbəbindən Ermənistanı tərk etdiyini, paralel olaraq Qarabağın da boşaldığını ermənilər özləri etiraf edirdilər. Elə həmin illərdə Ermənistandakı rəsmi mənbələr Qarabağda cəmi 60 min erməninin yaşadığını açıqlayırdılar.

2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsindən sonra isə Azərbaycan regiondakı reallıqları dəyişə bildi. Azərbaycan ordusunun Şuşaya qədər olan ərazilərimizi işğaldan azad etdiyi ilk günlərdə Xankəndi, Xocalı, Ağdərə və digər torpaqlarda yaşayan ermənilərin Qarabağdan kütləvi köçü başladı. Atəşkəs razılaşmasından sonra Rusiya sülhməramlıları qüvvələrinin dəstəyi ilə ermənilərin yenidən Qarabağa köçü başlasa da, bu qayıdış ərazilərimizi tərk edənlərin hamısını əhatə etmədi və yüzlərlə ailə uzaq xaricə köçdü.

Xankəndidəki keçmiş separatçı-terrorçu rejimin rəhbəri olmuş Arayik Arutyunyan isə ötən ilin payızında Qarabağda faktiki yaşayan əhalinin ümumi sayının 35 min nəfər yaxın olduğunu söyləmişdi. Amma antiterror tədbirlərindən sonra Qarabağı tərk edən erməni əsilli sakinlərin sayı ilə bağlı açıqlanan rəqəmlər şübhəyə və əsaslı müzakirələrə səbəb olub. Belə ki, Ermənistan hökuməti indiyədək Qarabağı könüllü tərk edən ermənilərin sayının 65 min nəfərdən çox olduğunu bəyan edib. Diqqət çəkən vacib məqamlardan biri odur ki, bu rəqəmlər mərkəzləşdirilmiş qaydada Ermənistan Nazirlər Kabineti tərəfindən ictimailəşdirilir.

Azərbaycan tərəfi isə Qarabağdan köçən ermənilərin sayı ilə bağlı hələlik hər hansı rəqəm açıqlamayıb. Lakin mütəxəssislərin fikrincə, Ermənistan hökumətinin açıqladığı statistika nəinki reallığı əks etdirmir, hətta bilərəkdən şişirdilir. Məqsəd gələcəkdə Azərbaycanı guya, etnik təmizləmədə suçlamaq üçün “əsaslı baza” formalaşdırmaq və ölkəmizə qarşı beynəlxalq təpkiyə zəmin hazırlamaqdır.

Ekspertlər bir mühüm məqamı da xüsusi qeyd edirlər ki, Qarabağda yaşayan ermənilərin çoxu yerli sakin deyil, onların bir qismi qanunsuz məskunlaşdırma siyasətinin tərkib hissəsi kimi xaricdən köçürülənlərdir.

Yeri gəlmişkən, ATƏT-in faktaraşdırıcı missiyası da hələ 44 günlük müharibədən xeyli əvvəl Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırılan (Ermənistanın özündən, Suriya, Liviya kimi xarici ölkələrdən köçürülən) ermənilərlə bağlı araşdırma apararkən bu rəqəmlərin yüksək olduğunu hesabatlarında qeyd etmişdi.

Elxan SALAHOV

Oxşar xəbərlər