Azərbaycanın qəlbində kiçik Qafqazda yerləşən Laçın rayonunun ərazisi bir vaxtlar Qarabağ Xanlığı və Zəngəzur Qəzasının daxilində idi. 1924-cü ildən isə şəhər statusu alan Laçın 1930-cu ildən həm də rayon mərkəzi rolunu oynayırdı. Məlumatlara görə şəhər yaxınlığındakı dağların adı sonradan şəhərə verilmişdi və şəhərin belə adlandırılması bəlkə də, təsadüfdən daha çox onun gələcək taleyini müəyyən edən alın yazısı idi. Axı, Laçın sözü məğrurluq mənasını daşıyır. Görünür, şəhər bu adla gələcək müsibətlərə, 28 illik erməni işğalına və talançılığına məğrurluqla dözməli, Azərbaycanın kürsü, vəzifə uğrunda bir-birini didən o dövrkü hakimiyyətinin xəyanətinə sinə gərməli, 28 ildən sonra qürurunu sındırmadan evə qayıtmalı və ən nəhayət, Ali Baş Komandanın asdığı üç rəngli bayrağın dalğalanmasından məğrurcasına qürurlanmalıydı. Lakin Laçının azad olunması digər ərazilərimizdən bir qədər mürəkkəb məsələ idi. Çünki xain qonşular Laçının strateji əhəmiyyətini yaxşı dərk edirdilər.
“Ermənistan dövləti Laçın dəhlizini nəzarətə götürməklə, bunu böyük bir qələbə kimi qeyd edirdilər. Eyni zamanda Azərbaycanda dağınıq idarəçilik sisteminin olması, hərc-mərclik, xaos, ordunun demək olar ki, olmaması şəraitində bu proseslər icra olunurdu. Milli xəyanət də burada düşmən tərəfini bir qədər də gücəndirirdi. ATƏT-in Minck qrupu çərçivəsində keçirilən danışıqlarda Ermənistan Laçın və Kəlbəcəri qaytarmaq istəmirdi. Danışıqların əsas mahiyyətini 5 rayonun qaytarılmasını və Laçınla Kəlbəcərin siyasi alver peridmetinə çevrilməsi qarşımızda şərt kimi görünürdü”. Bunu politoloq İlyas Hüseynov məsələyə münasibət bildirərkən səsləndirib.
Ermənilər yaxşı dərk edirdilər ki, 1992-ci ildə Şuşanın ardınca buranı da işal etməklə o dövürkü Dağlıq Qarabağdakı separatizm yuvası ilə Ermənistan arasında coğrafi bağlantını da tamamlamış olurdular. Ona görə də 30 ilə yaxın müddətdə aparılan sülh danışıqları prosesində Laçının Azərbaycana qaytarılması məsələsini hətta gündəmdən belə çıxarmağa cəhd edirdilər.
Preident İlham Əliyev: “Uzun illər aparılmış danışıqlar əsnasında hər zaman vasitəçilər Laçın rayonuna hansısa xüsusi bir yanaşma sərgiləyirdilər və Ermənistan bütövlükdə Laçın rayonunun Azərbaycana qaytarılmasını qəbuledilməz sayırdı”.
Nəinki danşıqlar, heç müharibə yolu ilə də qaytarmayacağını iddia edən ermənilər sonunda şəhəri bir güllə belə atmadan boşaldıb Azərbaycana təhvil verməyə məcbur oldular. Qansız-qadasız, bir şəhid belə vermədən ən mürəkkəb relyefli bir ərazinin Azərbaycana bu cür qaytarılması təbii ki, Prezident İlham Əliyevin torpaqların işğaldan azad edilməsi konsepsiyasının ən parlaq səhifələrindən biri idi. Strateji önəm daşıyan, Qarabağın giriş qapısı olan Laçın belə azad olunan günlərdəncə Ali Baş Komandanın xüsusi həssaslıq dolu daha böyük qayğı və diqqəti ilə əhatələndi. Şəhərin tam nəzarətimizə keçməsi ilə bağlı ayrıca çevik strategiyaya başlanıldı.
İlham Əliyev bununla bağlı demişdir:“Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yolu şəhərin ortası ilə keçir və beləliklə, Laçın şəhərini biz nəzarətə götürə bilmədik. Ancaq 9 noyabr tarixində aparılan danışıqlar nəticəsində mənim təklifimlə alternativ yolun çəkilişi sənədlə təsdiq edildi və 3 il ərzində yeni yolun çəkilişi ilə bağlı razılaşmalar aparılmalıydı. Biz isə razılaşmaları daha tez bir zamanda başa çatdırdıq və təxirəsalınmaz tədbirlər görülərək yeni yolun çəkilişinə başladıq. Bu müddət cəmi 1 il 8 ay çəkdi”.
Laçın-Xankəndi yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsi qurması isə müharibədən sonrakı ölkəmizin əldə etdiyi ən böyük uğurlarından biri kimi dəyərləndirilə bilər. Qarabağla Ermənistan arasında əsasən qaçaq-quldur yoluna, silah-sursat təminatına çevrilən nəqliyyat arteriyasını beynəlxalq hüquq normalarına uyğun öz nəzarətinə götürməklə Azərbaycan qapılarını da erməni separatizminin üzünə bağlamış oldu.
Beləcə, Prezident İlham Əliyev torpaqlarında yaşı yüz ildən də çox olan separatizm yuvasına, ermənilərin əsassız torpaq iddiası erasına da son qoymaqla daha bir tarixi missiyaya da öz imzasını atmış oldu.
Hazırladı: Tahirə AĞAMİRZƏ