21.11.2024, 16:19
AZ EN
06.11.2022, 19:10 262

Adını tarixə yazan Dəmir yumruqlu Ali Baş Komandan

YAZILAR
  • 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan ilk gündən Ermənistanın hərbi təcavüzünə məruz qalmışdı. Dərin siyasi və iqtisadi böhranla, ordunun təcrübəsizliyi və təminat çətinlikləri ilə müşahidə olunan müharibə 1994-cü ilin mayın 12-də “Bişkek protokolu” ilə yekunlaşdı.

Müvəqqəti işğal, ərazilərinin 20 faizinin əsarət altında qalması fonunda I Qarabağ müharibəsi Azərbaycanın qarşıdakı illərdə ordu quruculuğunun ölkənin siyasi-iqtisadi inkişafında prioritet sahə olmasını şərtləndirirdi.

Bu baxımdan I və II Qarabağ müharibəsi arasında keçən 26 il ərzində istər diplomatik, istər iqtisadi, istər siyasi, istərsə də hərbi baxımdan planlı və ardıcıl iş aparıldı. Ordu quruculuğunun və diplomatik səylərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyuldu. Bu dövrdə ölkənin siyasi və iqtisadi durumu stabilləşdi, sürətli inkişaf üçün tələb olunan şərait yarandı. Eyni zamanda Heydər Əliyev Azərbaycan xalqının Qarabağın işğalı ilə barışmayacağını, ölkəmiz üçün mövcud olan “qırmızı xət”ləri aydın göstərdi.

2003-cü ildə Prezident seçilən İlham Əliyev sələfinin siyasi kursunu layiqincə davam etdirərək prosesə yeni impuls verdi.

Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi İlham Əliyev ordu quruculuğunda əsas istiqamətləri müəyyənləşdirdi və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirdi.

Bu, hərbi büdcənin artırılmasından tutmuş, hərbçilərin sosial durumunun yaxşılaşdırılmasına və silah tədarükünün diversifikasiyasına, hərbi qulluqçuların peşəkarlığının artırılmasından tutmuş, qardaş Türkiyə dövləti başda olmaqla, bir sıra ölkələrlə hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsinə qədər bir sıra sahələri əhatə etdi.

Bu planlı iş hərbi sahəyə ayrılan hərbi büdcə baxımından da özünü göstərir. Stokholm Beynəlxalq Sülh Problemlərinin Araşdırılması İnstitutu 2009-2019-ci illər ərzində Azərbaycanın dövlət büdcəsindən hərbi xərclər üçün 23,6 milyard dollar vəsait ayırdığını göstərirdi. Halbuki Qarabağ danışıqlarında qeyri-konstruktiv və maksimalist tələblər qoyan Ermənistan eyni dövr ərzində orduya yalnız 4,3 milyard dollar sərf etmişdi.

Azərbaycan hərbi arsenalını müasir silahlarla zənginləşdirmək üçün silah tədarükünü diversifikasiyalaşdıraraq, ayrı-ayrı ölkələrdən müxtəlif təyinatlı silah və texnikalar, o cümlədən Türkiyədən “Bayratkar TB2” pilotsuz uçuş aparatları (PUA), İsraildən “Harop”, “Hermes” PUA-ları, Rusiyadan TOS-1A "Solntsepyok" ağır artilleriya sistemləri, T-90 tankları və s. silahlar əldə etmişdi.

Ermənistan ordusunun Sovet İttifaqının İkinci Dünya Müharibəsindəki təcrübəsinə əsaslanan və müasir müharibə qaydalarını tamamilə iqnor edən yanaşmasından fərqli olaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin siyasi-hərbi rəhbərliyi az qüvvə və itki ilə maksimum nəticəyə hesablanan, xüsusi təyinatlılardan ibarət yüksək peşəkarlığa malik mobil qruplardan, PUA-lardan aktiv istifadəyə əsaslanan, yüksək dəqiqliyə malik kəşfiyyat vasitələri və artilleriya qurğularının yer aldığı 5-ci nəsil müharibəyə hazırlaşırdı.

2018-ci ildə Robert Koçaryan kimi korrupsioner və müharibə cinayətkarı olan Serj Sarksiyan xalq etirazları ilə tarixin arxivinə göndərildi, Nikol Paşinyan hakimiyyətə gəldi. İlk vaxtlar Ermənistanın yeni siyasi rəhbərliyinin rasional siyasət yürüdəcəyi ilə bağlı ümid yaransa da, tezliklə, Nikol Paşinyan da sələfləri kimi qeyri-konstruktiv addımlar atmağa, sərsəm bəyanatlar verməyə başladı. Onun 2019-cu il avqustun 5-də Azərbaycanın işğal altındakı Xankəndi şəhərində çıxışı zamanı kütləyə “Qarabağ Ermənistandır və nöqtə” deməsi danışıqlar prosesinin faktiki olaraq dayandırılması idi. Beynəlxalq hüquq və normalara zidd olan bu populist ifadənin ardınca Ermənistan 2020-ci ilin iyulunda Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində itkilərlə nəticələnən hərbi təxribata əl atdı. Həmin il sentyabrın 27-də isə Ermənistan Azərbaycanla sərhəddə və Qarabağda təmas xətti boyunca genişmiqyaslı təxribatlar törətdi. Nəticədə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı.

Hələ 2016-cı ilin aprel döyüşləri və 2020-ci ilin Tovuz döyüşləri zamanı hərbi potensialının məhdud bir hissəsini göstərən Azərbaycan II Qarabağ müharibəsində hərbi üstünlüyünü tam miqyasda nümayiş etdirdi.

Ordumuz ilk olaraq Suqovuşanı düşmən tapdağından azad etdikdən sonra ardınca Cəbrayılı, Hadrutu, Füzulini, Zəngilanı, Qubadlını və nəhayət, Qarabağın ürəyi olan Şuşanı azad etdi.

Bütün bu dövr ərzində, 44 günlük döyüşlər zamanı Azərbaycan Prezidenti İlham Əliyev Ali Baş Komandan kimi hərbi əməliyyat planı ilə yaxından tanış olur, geosiyasi riskləri və cəbhədə sürətlə dəyişən situasiyanı da nəzərə almaqla, “Dəmir Yumruq” əməliyyatına korrektələr edirdi.

Prezident İlham Əliyevin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına 2021-ci il sentyabrın 24-də verdiyi geniş müsahibəsi bu baxımdan önəmlidir. Müsahibə ölkə başçısının Vətən Müharibəsinin gedişində əsas və istiqamətverici rol oynadığını deməyə əsas verir:“Biz döyüş əməliyyatları planına demək olar ki, hər gün düzəlişlər edirdik. Mən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə hər gün müşavirələr keçirirdim. Biz həmin müşavirələrdə ötən günə yekun vurur, nöqsanları aşkar edir, növbəti gün üçün əməliyyatları planlaşdırır və təsdiq edirdik”.

Dövlət başçısı hərbi əməliyyatlar zamanı düşmənin buraxdığı hərbi səhvləri də qeyd edirdi.

“Hələ hərbi əməliyyatların ilk dövründə onlar səhvə yol vermişdi, onların əks-hücuma keçmək cəhdi hərbi baxımdan tamamilə axmaqlıq idi. Onlar müdafiə xəttini möhkəmlətmək əvəzinə qüvvələrini əks-hücuma yönəltdilər və tamamilə məhv edildilər”, - deyə müsahibəsində Ermənistan hərbi-siyasi rəhbərliyinin səhvini əsl hərbi rəhbər kimi analiz etmişdi.

Eyni zamanda dövlət başçısı düşməni alçaltmayaraq, onun hərbi dirəniş göstərdiyi məqamları da qeyd etməyi unutmurdu.

“Mən Soltanlı və Əmirvarlı yaşayış məntəqələrinin alınmasını da qeyd etmək istərdim. Nə üçün? Ona görə ki, orada çox güclü möhkəmləndirilmiş rayon vardı. Biz düşmənin müqavimətini qırmaq üçün bir neçə gün çox fəal hərbi əməliyyatlar aparmalı olduq. Düşmən bəzi istiqamətlərdə silahını ataraq qaçırdı, - ermənilər özləri etiraf edirdilər ki, onlarda 10 min fərari var. Amma bəzi yaşayış məntəqələrində onlar sona qədər dayandılar. Biz bunu qeyd etməliyik. Fikrimcə, heç kəs şübhə etməməlidir ki, bəzi əməliyyatlarda erməni tərəfi dözümlülük göstərdi və heç bir halda düşməni lazımınca qiymətləndirməmək, onun ləyaqətini alçaltmaq və ya azaltmaq olmaz. Buna görə də Zəngilana gedən yolda yerləşən Soltanlının və Əmirvarlının azad edilməsi hadisələrin sonrakı gedişi baxımından çox böyük əhəmiyyət kəsb edirdi”, - o müsahibəsində demişdi.

Göründüyü kimi, dövlət başçısı proseslərə dərindən bələd idi. Döyüş əməliyyatlarına birbaşa rəhbərlik edir, əsli Ali Baş Komandan kimi cəbhədə baş verənləri, əməliyyat şəraitindəki dəyişiklikləri yüksək bacarıqla yönləndirirdi.

Vətən müharibəsinin hər günü Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında hərb tarixinə düşəcək yeni taktikalara əl atır, düşməni çaş-baş salan əməliyyatlar icra edirdi. Bu əməliyyatların ən unikalı isə Şuşanın işğaldan azad edilməsi oldu. Proseslərin analizi belə deməyə əsas verir ki, Ali Baş Komandan İlham Əliyevin hazırladığı planın əsas mərhələlərindən biri məhz Şuşanın işğaldan azad edilməsi idi. Dövlət başçısı hələ əməliyyatların gedişində - oktyabrın 16-da Türkiyənin "A Haber” televiziya kanalına müsahibəsində “Mənim mövqeyim hər zaman belə olub ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq” söyləmişdi. Bu bəyanat noyabrın 8-də bütün dünyanın heyrətlə qarşıladığı, Azərbaycanın Ali Baş Komandanının, onun zabit və əsgərlərinin əfsanəyə çevrilməsinə səbəb olan Şuşa zəfəri ilə sonlandı.

Ərazinin relyefi, möhkəmləndirilmiş rayonlar, çoxsaylı müdafiə xətləri olan Qarabağda minimal itki ilə həyata keçirilən bu uğurlu və sürətli əməliyyat dünyanın bir çox hərbi mərkəzləri tərəfindən də maraqla qarşılanıb. Bu təsir özünü istər Yaxın Şərqdə davam edən münaqişələrdə, istərsə də Rusiya-Ukrayna müharibəsində aşkar göstərir. Dünya ölkələri II Qarabağ müharibəsinin təcrübəsinə əsaslanaraq, PUA-lardan aktiv istifadə etməyə, xüsusi təyinatlı qüvvələrin sayını və atəş imkanını artırmağa çalışır. Dünyanın aparıcı hərbi məktəbləri, beyin mərkəzləri Azərbaycanın apardığı 5-ci nəsil müharibəsini, bu müharibədə tətbiq olunan strategiya və taktikaları öyrənir, analiz edir.

Azərbaycanın hərbi-siyasi rəhbərliyinin başda Ali Baş Komandan İlham Əliyev olmaqla, hazırlayıb həyata keçirdiyi əməliyyat müasir dünya hərb tarixinə ən uğurlu nümunələrindən biri kimi düşüb.

Qarabağ zəfəri orduya qayğı, planlı və ardıcıl iş, xalqın vətənpərvər ruhunun yüksək səviyyəyə çatdırılması, xalqla iqtidarın ümumi amal uğrunda sıx birləşməsi nəticəsində mümkün olub. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci il yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində dediyi fikirlər də təsdiqləyir: “İşğal faktı nəzərə alınmaqla hərbi quruculuq məsələləri mənim gündəliyimdə həmişə birinci dərəcəli yer tutub. Bu mövzu həm mənim iş qrafikimdə, həm açıq çıxışlarımda, həm də həmkarlarımla əlaqələrimdə həmişə üstünlük təşkil edib. Təbii ki, bu mövzu bütün xalqı birləşdirirdi və biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etməyə çalışmışıq”.

İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibə Azərbaycan xalqının, dövlətinin tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan Prezidenti bütün dünyada bacarıqlı siyasətçi, usta diplomat kimi tanınır, qəbul edilirdi. Vətən müharibəsində möhtəşəm qələbə isə İlham Əliyevin adını dünya hərb tarixinə bacarıqlı komandan, qətiyyətli hərbi rəhbər, mahir strateq kimi yazdı.

APA Analytics

#

APA

Oxşar xəbərlər