21.11.2024, 17:12
AZ EN
20.04.2022, 10:00 570

Böyük Qayıdışın astanasında

YAZILAR
  • “Xalq qəzeti”nin bugünkü nömrəsində qəzetin əməkdaşı, tanınmış jurnalist Vaqif Bayramovun “Böyük qayıdışın astanasında” başlıqlı məqaləsi dərc edilib. Məqalə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinə və qayıdışa hazırlığın gedişinə həsr olunub. Məqləni təqdim edirik.

 

Prezident İlham Əliyev cari ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi ra­yonlarının bərpasının daim diqqət mərkəzində saxlanıldığını, indiyədək mövcud sahədə mühüm uğurlar əldə edildiyini diqqətə çat­dıraraq, qarşıdakı dövrdə müvafiq struktur rəhbərlərinə bu istiqamətdə görüləcək işlərlə bağlı öz tapşırıqlarını da verib. Dövlətimizin başçısı hazırda Ağdam və Füzuli şəhərlərinin bərpasının baş planlar əsasında həyata keçirildiyini, Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin də Baş planlarının hazırlanmasının, həmçinin Qarabağ və Şərqi Zəngəzura aid olan in­vestisiya proqramına əlavələr edilməsinin zəruriliyini diqqətə çatdırıb.

Ölkə rəhbəri, eyni zamanda, cari ilin birinci rübündə işğaldan azad olunan ərazilərin yenidənqurma prosesinin inten­siv şəkildə davam etdirildiyini, 2021-2022-ci ildə bu iş üçün 4,4 milyard manat vəsait ayrılmasının nəzərdə tutulduğunu və bu vəsaitin yarıdan çoxunun xərcləndiyini xa­tırladıb. Azərbaycan Prezidenti daha sonra deyib: “Baş planlar təsdiq olunandan sonra biz ancaq praktiki işlərlə məşğul olacağıq. Mən, ilk növbədə, yaşayış binalarının inşa­sını nəzərdə tuturam. Çünki digər infrast­rukturla bağlı layihələr icra edilir. Minalar­dan təmizlənmə prosesini sürətləndirmək üçün bu il dövlət büdcəsində 100 milyon manata yaxın vəsait nəzərdə tutulub və bu, bizim üçün prioritet məsələdir. Çünki bu məsələ həll olunmadan biz vətəndaşları o bölgələrə yerləşdirə bilmərik. Ancaq tam əmin olandan sonra ki, o ərazilər minalar­dan təmizlənib, biz vətəndaşları o ərazilərə yerləşdirə bilərik”.

Yeri gəlmişkən, bərpa layihələrinin gedişində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ərazilərin minalardan təmizlənməsinə xüsusi diqqətlə yanaşılıb. Bunun üçün təkcə cari ilin mart ayında 203 hektar ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib. Ümumiyyətlə, bugünədək yaşayış məntəqələri, əkin sahələri, yollar və inf­rastruktur obyektlərini əhatə edən 14 min 600 hektaradək ərazidə bu proses başa çatdırılıb.

Onu da qeyd edək ki, dövlətimizin başçısı nitqində qısa müddətdə Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verildiyini, Zəngilan və Laçın rayonlarında da aeroportların tikintisinə başlanıldığını bildirib, həmçinin vurğulayıb ki, ötən bir ildə yol infrastrukturunun qurulmasına böyük diqqət yetirilib, bu istiqamətdə genişhəcmli layihələr gerçəkləşdirilib. Göygöl-Toğanalı-Kəlbəcər yolunda olacaq 11,6 kilometrlik tunelin tikintisi çərçivəsində 25 faiz işlər artıq yerinə yetirilib. Bu tunelin inşasının başa çatdırılması 2024-cü ilin sonunadək nəzərdə tutulub. Bundan əlavə, 6-4 hərəkət zolaqlı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi çərçivəsində işlərin 70 faizi yerinə yetirilib. Yolun tikin­tisinin 2023-cü ilin sonunadək bitəcəyi planlaşdırılıb.

Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 16 yol layihəsi yerinə yetirilir və rayondaxili yolların tikintisi apaılır, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan ərazilərində 780 kilometr uzunluğunda daxili yolların inşası sürətlə davam etdirilir. Yol tikintisi ilə bərabər, dəmiryolu xətlərinin salınması da uğurla reallaşdırılır. Bərdə-Ağdam (47,1 kilometr) və Horadiz-Ağbənd dəmir yolu xətlərinin (110,4 kilometr) tikinti­si sürətlə həyata keçirilir.

Qeyd edilənlərlə yanaşı, Qarabağ və Şərqi Zəngəzurda artıq bir neçə su-elektrik stansiyası inşa edilərək, işə salınıb. Günəş, eləcə də külək stansiyalarının yaradılması ilə bağlı konkret planların da ardıcıllıqla reallaşdırılması diqqət mərkəzində saxlanılıb. Məsələn, bp şirkəti ilə imzalanmış icra müqaviləsinə əsasən, Cəbrayıl rayonunda 240 meqavat gücündə günəş-elektrik stansiyasının tikilməsi qərara alınıb.

Bütün bunlar deməyə əsas verir ki, cari il Azərbaycan tarixinə Böyük Qa­yıdışın başlanğıc ili kimi daxil olacaq. Prezident İlham Əliyevin dediyi kimi, ilk məskunlaşma Zəngilanın “ağıllı kənd”ində reallaşacaq.

Xatırladaq ki, İkinci Ağalı kəndi ərazisində də inşa edilən bu kənddə 200 fərdi ev, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagird üçün nəzərədə tutu­lan məktəb və 60 yerlik uşaq bağçasının tikintisi demək olar ki, başa çatıb. Kənddə içməli su təminatı həll edilib, park meydanı inşa olunub, burada fəvvarələr, piyada və velosiped yolları qurulub. “Ağıllı kənd”də kənd təsərrüfatı fəaliyyətinin bərpası və inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə layihə çərçivəsində ictimai fer­manın qurulması da nəzərdə tutulub.

“Ağıllı kənd”də “Dost Aqropark” fəaliyyət göstərəcək. Ötən il Prezident layihənin təməlini qoyarkən məlumat verildi ki, türk və azərbaycanlı sərmayədarlar tərəfindən həyata keçiriləcək bu layihə üç mərhələdə icra olunur. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zona­sı, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.

Yeri gəlmişkən, Qarabağ iqtisadi ra­yonunda bərpa-quruculuq işləri başlanan­dan bugünədək 178 müəssisə yaradılıb. Şərqi Zəngəzur iqtisadi rayonunda isə 51 müəssisə fəaliyyətə başlayıb.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda alternativ enerji mənbələrinin potensialından geniş istifadə edilməsi də nəzərdə tutulub. Prezident İlham Əliyev ötən il mayın 3-də “Azərbaycan Respubli­kasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imza­lamaqla ölkəmizdə “yaşıl enerji” zonasının qurulmasına mühüm önəm verildiyini diqqətə çatdırıb.

“Yaşıl enerji” zonası layihəsinin Qarabağ və Şərqi Zəngəzurda reallaş­dırılmasını potensial imkanlarla bərabər, digər amillər də şərtləndirir. Belə ki, bu gün dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaş­dırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəldildiyindən, adları çəkilən iqtisadi rayonların bərpa-yenidənqurma məsələlərində də bu istiqamət əsas götü­rülür.

Qarabağ və Şərqi Zəngəzurda artıq bir neçə su-elektrik stansiyası inşa edilərək, işə salınıb. Günəş, eləcə də külək stan­siyalarının yaradılması ilə bağlı konkret planların da ardıcıllıqla həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb. Məsələn, bp şirkəti ilə imzalanmış icra müqaviləsinə əsasən, Cəbrayıl rayonunda 240 meqa­vat gücündə günəş-elektrik stansiyasının tikilməsi qərara alınıb.

İşğaldan azad olunan ərazilərdə meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı istiqamətində görüləcək işlər də diqqət çəkir. Yuxarı Qarabağ iqti­sadi rayonunda ən çox suvarılan torpaqlar Ağdamdan sonra Füzuli rayonundadır. Burada 26,4 min hektar sahənin suvarma suyu ilə təmin edilməsi üçün meliorasiya və su təsərrüfatı obyektlərinin təmir-bərpası nəzərdə tutulur. Bura Köndələnçay üzərində 3 su anbarının və Quruçay hidro­qovşağının, suvarma və paylayıcı kanal­ların, nasos stansiyalarının təmir-bərpası, həmçinin subartezian quyularının bərpası daxildir. “Aşağı Köndələn” anbarının sutu­tumu 9,5 milyon kubmetr, “Köndələnçay-1” anbarının 2,1, “Köndələnçay-2” anbarı­nın isə 3,9 milyon kubmetrdir. “Quruçay” hidroqovşağı isə saniyədə 15 kubmetr sugötürmə qabiliyyətinə malikdir.

İşğaldan azad olunan ərazilərimizdə turizm infrastrukturunun yaradılması, oradakı mədəni tarixi abidələrin tanıdılma­sı ilə bağlı layihələrin icrası da diqqətdə saxlanılır. Həmçinin turizm potensialının öyrənilməsi, qiymətləndirilməsi və turizm inkişaf konsepsiyalarının hazırlanmasına da xüsusi önəm verilir.

Qarabağ regionunda turizm və rekrea­siya zonalarının yaradılması istiqamətində Xocavəndin Hadrut qəsəbəsi, Tuğ, Ağbu­laq, Şəkər yaşayış məntəqələri, Kəlbəcərin İstisu qəsəbəsi, Şuşanın Daşaltı, Zülfüqar­lı, Lex və Qamışlı, Qubadlının Bərgüşad və Zəngilannın Qaragöl kəndlərinin müəyyən əraziləri turizm və rekreasiya zonaları üçün müəyyənləşdirilib. Bu ərazilərə dair ilkin təqdimat sənədi hazırlanıb və aidiyyəti dövlət qurumlarına ərazilərin inkişaf planla­rında nəzərə alınması üçün təqdim olunub. Tərtər rayonunun Suqovuşan qəsəbəsinin region üzrə rekreasiya imkanlarının artırılması və aktiv turizm fəaliyyətlərinin yaradılması istiqamətində turizmin inkişafı ilə bağlı konseptual inkişaf planı hazırlanıb.

Prezident İlham Əliyevin “Bö­yük qayıdış” strategiyasında başlıca prioritetlərindən biri də Qarabağ və Şərqi Zəngəzurda sosial şəraitin ən yüksək səviyyədə yaradılmasıdır. Məqsəd keçmiş məcburi köçkünlərin bu ərazilərdə yaşa­yışının mütərəqqi beynəlxalq təcrübəyə və innovativ yanaşmaya əsaslanan çevik mexanizmlər üzərində qurulma­sı, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq prinsiplərinin reallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməsidir.

Xatırladaq ki, cari ilin sonuna qədər Şuşa şəhərində Qarabağ regionunda ilk “DOST” mərkəzinin fəaliyyətə başlaya­cağı nəzərdə tutulur. Hazırda bununla əlaqədar layihə işləri gedir. Eyni zamanda, Cəbrayılda regional “DOST” mərkəzinin, Zəngilanın Ağalı kəndində “Ağıllı DOST”, “SMART DOST” prinsipi ilə layihənin reallaşdırılacağı nəzərdə tutulur. Kəlbəcər, Laçın, Ağdam, Hadrut, Zəngilan, Füzuli və Qubadlıda da “DOST” filiallarının yara­dılması, “ağıllı” kəndlərimizdə “SMART DOST” məntəqələrinin quraşdırılması planlaşdırılır.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

(https://xalqqazeti.com/az/news/10034)

Oxşar xəbərlər