1918-ci il martın 31-də Azərbaycanda törədilən soyqırımından 104 il keçir. Bu hadisədən zaman baxımından uzaqlaşdıqca ona yenidən nəzər yetirmək və müvafiq ibrət dərsləri almaq ehtiyacı yaranır. Bu fikirlər Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlının “31 mart soyqırımı gerçəkləri və alacağımız dərslər” sərlövhəli məqaləsində yer alır.
Soyqırımına qədərki şəraitə qısa baxış
Birinci Dünya müharibəsinin sonlarına yaxın, 1918-ci ilin mart ayında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələri birlikdə azərbaycanlı əhalini kütləvi qırğınlara, soyqırımına məruz qoydular. Şərqi Anadoluda mülki türk, müsəlman əhaliyə qarşı törətdikləri qırğınlar üçün cəzasız qalmayacaqlarından qorxan erməni-daşnak dəstələri rus Qafqaz cəbhəsi dağıldıqdan sonra ordu hissələri ilə birlikdə Cənubi Qafqaza gəldilər. Bu zaman anarxiyanın hökm sürdüyü regionda Müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdilər. Qafqaz cəbhəsindən qayıdaraq Bakıdan keçib Rusiyaya getməli olan rus əsgərləri yolboyu Azərbaycan kəndlərini talan edir, aclıq və səfalət içərisində olduqlarından Bakı Sovetinin xidmətində qalmağı vətənə dönməkdən üstün tuturdular. Ordu silah və sursatını ermənilərə və Bakı bolşeviklərinə vermişdi. Kütləvi qırğınların, soyqırımlarının coğrafiyası geniş olub, 1917-ci ilin payızından etibarən Cənubi Qafqazda tarixi Azərbaycan torpağı olan İrəvan quberniyasını - indiki Ermənistan Respublikası ərazisini, Cənubi Azərbaycanı, Tiflis quberniyasının Borçalı qəzasını və indiki Azərbaycan Respublikası ərazisini əhatə edirdi. Erməni silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında oldu. Martın 30-da axşamüstü S.Şaumyan başda olmaqla Bakı Soveti və erməni-daşnak dəstələri tərəfindən dinc türk və müsəlman əhaliyə qarşı soyqırımına başlanıldı.
Türk-müsəlman əhaliyə qarşı soyqırımının səbəbləri
Soyqırımının törədilməsinin bir sıra səbəbləri var idi. Hər şeydən əvvəl, hələ I Pyotr zamanından başlayaraq çarizm Xəzər dənizinin şimal sahillərini, həmçinin Bakını işğal edib öz tərkibinə daxil etmək üçün guya Bakıda Azərbaycanın digər yerlərindən fərqli mədəniyyət olduğunu bildirirdi. Hətta “Bakı və Azərbaycan” ifadələri də məqsədli şəkildə dövriyyəyə buraxılmışdı. İsti dənizlərə çıxmaq üçün apardığı işğalçı müharibələr nəticəsində Azərbaycanı bölüşdürdükdən sonra Cənubi Qafqaza erməniləri yerləşdirməklə çarizm təkcə demoqrafik vəziyyəti dəyişdirmədi, eyni zamanda, onları Şərq siyasətində bir vasitəyə çevirdi. Bu siyasəti çarizm devrildikdən sonra qurulan Müvəqqəti hökumət, ondan sonra hakimiyyətə gələn bolşeviklər də davam etdirdilər. 1917-ci ilin noyabrında Bakıda S.Şaumyan başda olmaqla azərbaycanlıların əleyhinə olan sovet hakimiyyəti quruldu. V.İ.Lenin həmin ilin dekabrında S.Şaumyanı Qafqazda xüsusi səlahiyyətli komissar təyin etdi.
İqtisadi baxımdan Bakı bolşevik Rusiyası üçün böyük əhəmiyyət kəsb edirdi. Dünya müharibəsinin son mərhələsində Yaxın, Orta Şərq və Cənubi Qafqazda iki əsas neft mənbəyi uğrunda hərbi əməliyyatlar aparılırdı. Bunlardan biri Mosul, digəri isə Bakı neft mənbəyi idi. Təsadüfi deyil ki, 1918-ci il mart ayının ikinci yarısında V.İ.Lenin ABŞ-ın Qırmızı Xaç nümayəndəliyinin rəhbəri polkovnik R.Robinsonun “Rusiya Sovet Respublikası üçün Bakının iqtisadi əhəmiyyəti nədədir” sualına “Bu – neft, işıq və enerjidir”, – deyə cavab vermişdi.
Əlverişli coğrafi-siyasi mövqedə yerləşən Bakıda bütün Cənubi Qafqazın taleyi həll olunurdu. Artıq qeyd edildiyi kimi, bu zaman Cənubi Qafqazda bir-birinə əks olan Müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdilər.
Bakıya hakim olmaq bütün Cənubi Qafqaza nəzarət etmək imkanı yaradar, Tiflisdə fəaliyyət göstərən antibolşevik Transqafqaz Seyminin süqutuna kömək edərdi. Digər tərəfdən, Bakıya yiyələnmək Xəzər dənizinə, Şimali Qafqaza və “dünyanın ürəyi” olan Avrasiyaya gedən yola nəzarət etmək imkanı verərdi. Dünyanın ürəyinə gedən yol Bakıdan, Azərbaycandan keçirdi.
Bakıda soyqırımının törədilməsinin başlıca səbəblərindən biri Azərbaycanın müstəqilliyinin qarşısının alınması idi. Bu zaman azərbaycanlılar əvvəlcə muxtariyyət, sonda isə müstəqillik uğrunda mübarizə aparırdılar. Soyqırımının törədilməsinin digər bir səbəbi əhalisi əsasən türk və müsəlmanlardan ibarət olan Cənubi Qafqaza, xüsusən Bakıya Osmanlı ordusunun buraxılmaması üçün Bakı və Bakı quberniyasını yerli, aborigen əhalidən təmizləmək idi. Bu zaman Cənubi Qafqazda yaşayan təqribən 6 milyon nəfər əhalinin, demək olar, 3 milyonu türk, müsəlman idi. Azərbaycan əhalisi silahlı düşmən qarşısında əliyalın qalmışdı. Bakıda və onun ətrafında azərbaycanlıların silahlı qüvvəsi demək olar ki, mövcud deyildi. Bunun da başlıca səbəbi çarizmin müsəlman olduqları üçün azərbaycanlıları hərbi xidmətə çağırmaması ilə bağlı idi.
Bəhanə
Stepan Şaumyan erməniləri və bolşevikləri, xüsusən Xəzər hərbi dəniz donanmasının matroslarını müsəlmanlara qarşı soyqırımına təhrik edirdi. Hücum üçün bəhanə lazım idi. Belə bir bəhanə müsəlman diviziyasının Lənkəranda həlak olan silah yoldaşları, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsini “Evelina” gəmisi ilə Bakıya gətirən bir qrup zabit və əsgərin Bakı Sovetinin hərbçiləri tərəfindən tərksilah edilməsi oldu. Müsəlman diviziyasının əsgər və zabitləri silahların geri qaytarılmasını tələb etsə də, nəticəsi olmadı. S.Şaumyanla aparılan danışıqlar da uğursuz olduqdan sonra xalq küçələrə çıxıb silahların qaytarılmasını tələb etdi. Sosial dayağı olmayan bolşevik hökumətinin rəhbəri S.Şaumyan azərbaycanlılara divan tutmaq haqqında əmr verdi.
Soyqırımının həyata keçirilmə üsulları
Martın 30-da axşam saat 5-də Bakıda ilk atəş açıldı. Qırğın başlananadək özlərinin bitərəfliyini elan etmiş Daşnaksütyun və Erməni Milli Şurası, o cümlədən erməni kilsəsi Bakı Sovetini müdafiə etdi. Nəinki silahlı erməni əsgərləri, həmçinin erməni ziyalıları Bakı Soveti tərəfindən döyüşə qatıldılar. S.Şaumyan bu hadisə ilə bağlı olaraq yazırdı: “Bizim süvari dəstəyə ilk silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhəboyu hücuma keçdik. Bizim artıq 6 min nəfərə qədər silahlı qüvvəmiz var idi. Həmçinin Daşnaksütyunun 3-4 minə qədər milli hissələri var idi. Onlar da bizim sərəncamımızda idi. Daşnaksütyunun iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi və bundan yayınmaq mümkün deyildi. Biz buna şüurlu olaraq getdik, çünki əgər onlar Bakıda qələbə qazansaydılar, şəhər Azərbaycanın paytaxtı elan ediləcəkdi”.
Soyqırımı xüsusi qəddarlıqla həyata keçirildi. Şəhər yerdən və havadan bombardman edildi. Dinc azərbaycanlı əhali diri-diri su və neft quyularına, yanar təndirlərə atılır, hamilə qadınların qarınları süngü ilə deşilir, körpə uşaqlar divarlara mıxlanır, qadınlar hörüklərilə bir-birinə bağlanaraq küçələrdə çılpaq gəzdirilirdi. Silahlı dəstələr uşaqlara, qocalara və qadınlara rəhm etmirdilər. Adamlardan siyasi mənsubiyyət soruşulmurdu. Öldürmək üçün “türk, müsəlman” olmaq kifayət edirdi. Mart soyqırımının şahidi olan Azərbaycan tarixçisi Rəşid bəy İsmayılov yazırdı: “İş o yerə çatmışdı ki, daşnaklar “biz, bolşevik, sosialist bilmərik, müsəlmansan, kifayətdir”, – deyə hətta müsəlman sosialistlərini belə qırdılar...”.
Həmçinin azərbaycanlılara məxsus ictimai binalar, milli rəmzlər və mədəniyyət ocaqları dağıdıldı. “Açıq söz”, “Kaspi” qəzetlərinin redaksiyaları, fəaliyyətini bütün Cənubi Qafqaza yayan və müharibə zamanı Qafqaz cəbhəsində hərbi əməliyyatlar meydanında böyük iş aparan, azərbaycanlıların ictimai hərəkatında mühüm rol oynayan Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi “İsmailiyyə” binası yandırıldı. Təzəpir məscidinin minarələri zədə aldı. Qüvvələr bərabər olmadığı üçün martın 31-də azərbaycanlılar döyüşü dayandırmağa məcbur oldular. Buna baxmayaraq, azərbaycanlıların öldürülməsi davam etdirildi. Qırğınlar yalnız aprelin 2-də dayandırıldı.
Soyqırımının nəticələri: avropalılar və amerikalılar nə dedilər?
Bakıda törədilən soyqırımının ağır nəticələri oldu. Regiona səfər edən ABŞ-ın Harbord missiyasının hesabatında yazılırdı ki, ermənilər 1918-ci ilin martında Bakıda 2 min azərbaycanlını öldürdülər. İndianapolisdən olan amerikalı alim Leonard Ramsden Hartill yazır ki, ermənilər Bakıda 25 min müsəlmanı qətlə yetirdilər. Mart qırğınından bəhs edən ABŞ tarixçiləri Boqdan Nahoylo və Vinter Svoboda yazırlar ki, 20 min döyüşçünün iştirak etdiyi bu toqquşma Bakıda 3 min nəfərin həyatına son qoymaqla Sovetin qələbəsi ilə nəticələndi. ABŞ tədqiqatçıları C.Makkarti və K.Makkarti 1918-ci il martın 30-dan aprelin 1-dək Bakıda ermənilərin 8 mindən 12 minədək müsəlman öldürdüyünü və şəhərin türk əhalisinin yarısının qaçdığını qeyd edirlər.
Böyük Britaniya nümayəndələrinin 1918-ci il aprelin 9-da Bakıdan göndərdikləri teleqramda yazılırdı ki, ermənilər bolşeviklərlə birləşərək özlərinə irqi düşmən hesab etdikləri azərbaycanlılara qarşı qırğınlar törətdilər. İngilis mənbələrinə görə, mart ayında Bakıda müsəlman əhalinin dörddə biri öldürüldü. Həmin dövrün statistik məlumatlarından aydın olur ki, bu zaman Bakıda təqribən 280-300 min nəfər əhali yaşayırdı. Onun təqribən 80-100 min nəfəri azərbaycanlı, digərləri isə çarizmin müstəmləkə siyasəti nəticəsində şəhərə yerləşdirilənlər idi. Deməli, 80-100 min nəfər azərbaycanlı əhalinin dörddə biri 20-25 min nəfər edir. Bu rəqəm bəzi amerikan mənbələri ilə eyniyyət təşkil edir.
Azərbaycan mənbələrində nə yazılır?
Müxtəlif siyasi cərəyanların maraqlarını əks etdirən Azərbaycan mənbələrində də öldürülənlər barədə çoxsaylı məlumat var. Məsələn, partiya mənsubiyyəti baxımından bolşevik olan N.Nərimanov 1919-cu ilin fevralında yazdığı “Biz Qafqaza hansı şüarla gedirik” və “Qafqazın işğalına baxış” adlı məqalələrində qeyd edirdi ki, bolşevizm şüarları altında daşnaklar müsəlman əhaliyə zülm etdilər. Belə şəraitdə sovet hökuməti Bakıda vətəndaş müharibəsinə başlamağa qərar verdi. Vətəndaş müharibəsi adı altında Bakıda qanlı hadisələr törədildi. Bakıda sovet hakimiyyəti daşnakların əlində alət idi.
Azərbaycan Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən aydın olur ki, Bakıda ermənilər mart hadisələri zamanı dinc müsəlman əhalini siyasi mənsubiyyətə fərq qoymadan kütləvi qırmışlar. Digər mənbələrə əsasən, martda yalnız Bakıda 10, 12 və 15 mindən artıq azərbaycanlı öldürülmüşdü.
Kütləvi qırğınlar yalnız Bakı ilə məhdudlaşmadı. Azərbaycanın və Cənubi Qafqazın digər yerlərində də azərbaycanlılara qarşı qırğınlar törədildi. ABŞ kəşfiyyat mənbələrinə görə, Cənubi Qafqazda qırğınlar zamanı 60 min Azərbaycan türkü qaçqına çevrilib və 420 müsəlman kəndi dağıdılıb.
Soyqırımını törədənlər istəklərinə nail ola bildilərmi?
Erməni-daşnakların və bolşeviklərin soyqırımı törətməkdə başlıca məqsədi Azərbaycanın muxtariyyətinin və müstəqilliyinin elan edilməsinə yol verməmək, Bakı neftinə, Xəzər dənizinə yiyələnmək, Orta Asiyaya gedən yola nəzarət etmək, Cənubi Qafqazı əldən buraxmamaq idi. Lakin onlar istəklərinə nail ola, Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Bu hadisələr Azərbaycan xalqının müstəqilliyinin elan edilməsini ləngitsə də, istiqlal mübarizəsini dayandıra bilmədi. Mayın 28-də Azərbaycan xalqı bütün müsəlman Şərqində ilk dəfə olaraq respublika idarə üsulunu qurdu. Respublika məfkurəsini müsəlman Şərqinə məhz Azərbaycan xalqı gətirdi, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmaq yolunu, nümunəsini göstərdi, onların yoluna çıraq tutdu. Bakı sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti tarixi şəhərimiz olan Bakıya köçdü. Azərbaycan nefti yadelli qüvvələrin əlindən alındı. Azərbaycan xalqı taleyinin və torpağının sahibi oldu.
Azərbaycanın verdiyi qiymət
Cümhuriyyət hökuməti bu hadisələrin təhqiqi məqsədilə 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiyada çalışanlar əsasən ruslar, yəhudilər və digər millətlərin nümayəndələri mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı və vəsait ayrıldı.
31 mart tarixi iki dəfə - 1919 və 1920-ci illərdə Cümhuriyyət hökuməti tərəfindən ümummilli matəm günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Cümhuriyyətin süqutu bu işin başa çatdırılmasına imkan vermədi. Azərbaycan xalqının ümummilli lideri, Prezident Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Cümhuriyyət hökuməti soyqırımı qurbanlarının dəfn edildiyi Çəmbərəkənd qəbiristanlığında onların xatirəsinə abidə qoymağı planlaşdırsa da, bolşevik işğalı bu niyyətin gerçəkləşdirilməsinə mane oldu.
Ulu öndər Heydər Əliyevin Bakı şəhərində Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksinin ucaldılması haqqında 1998-ci il 5 avqust tarixli Sərəncamına uyğun olaraq həmin ilin oktyabrın 9-da kompleks açıldı. 2007-ci ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən Şəhidlər xiyabanı yenidən qurularkən “Əbədi məşəl” abidəsinin sütunları hündürləşdirildi və digər işlər görüldü. Azərbaycanlılara qarşı törədilmiş soyqırımları haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər Prezident İlham Əliyevin hücum diplomatiyası xəttini elan etməsindən sonra görüldü. Bununla yanaşı, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyəti müstəsna əhəmiyyət daşıyır.
Alacağımız ibrət dərsləri
Erməni-daşnak və bolşevik qüvvələrinin Bakıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayətdir. Əgər biz 1918-ci ilin martına qədərki buna bənzər hadisələrdən, məsələn, 1905-1906-cı il qırğınlarından bir millət olaraq ibrət dərsləri alsaydıq, müstəqil və güclü dövlətimiz olsaydı, 31 mart olmaya bilərdi. Əgər 31 martı bilsəydik, ondan düzgün nəticə çıxarsaydıq və güclü dövlətimiz olsaydı, Xocalıda törədilən soyqırımı da olmazdı. Belə hadisələrin gələcəkdə bir daha təkrarlanmaması üçün millətimiz öz tarixini bilməli, müqəddəs dövlətimiz və uca millətimiz daim güclü olmalıdır. Biz birlikdə və güclü olanda hədəflərimizə çatırıq. Necə ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi atlında qazanılan qələbə bu formulu bir daha təsdiq etdi. (AZƏRTAC)