21.11.2024, 19:45
AZ EN
15.08.2023, 17:57 245

BMT TŞ Azərbaycana qarşı qərar qəbul etsə...

YAZILAR
  • “Rusiya sülhməramlılarının Qarabağda sakit durmaları onu göstərir ki, rəsmi Moskva hərbi kontingentinin məsuliyyət zonasında sabitliyin tərəfdarıdır və müharibə olmasını istəmir. Əgər ermənilər başqa istiqamətlərdə, məsələn, Laçınla sərhəddə hərbi təxribat törətsə, Azərbaycan dərhal antiterror əməliyyatına başlaya bilər”.

“Vətən səsi” xəbər verir ki, siyasi analitik Tahir Cəfərli BMT Təhlükəsizlik Şurasının  Laçın yolundakı vəziyyətə dair sabah keçirəcəyi iclasın hansı nəticələrə gətirib çıxara biləcəyini şərh edərkən belə deyib. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası sabahkı iclasda Ermənistanın Qarabağda törətdiyi vəhşilikləri də nəzərə alacaq: “Çünki BMT Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxladığından xəbərdardır. Hətta 1993-cü ildə Ermənistanı  işğalçı dövlət kimi elan etmişdi, bununla bağlı BMT-nin özünün qəbul etdiyi qətnamələr də var. Bu beynəlxalq qurum erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən tam çıxarılmaması faktını ortaya qoyub obyektiv qərar qəbul etməlidir”.

Hazırda BMT-də əsas söz sahibinin ABŞ olduğunu xatırladan Tahir Cəfərli deyib ki, indiyədək Amerika hökuməti Azərbaycana qarşı ciddi bəyanatla  çıxış etməyib. Üstəlik, Ağ ev rəhbərliyi rus qoşunlarının Qarabağdan  çıxarılmasının tərəfdarıdır: “Belə olan halda nə BMT Təhlükəsizlik Şurasının sabah keçirilən iclası, nə də ermənilərin müxtəlif istiqamətlərdə başlatdığı hay-küy heç bir nəticə verməyəcək. Çünki Azərbaycan tərəfi suveren hüququndan istifadə edərək Laçın istiqamətindən sərhədə nəzarəti gücləndirib. Əvəzində Ağdam-Xankəndi yolunu Qarabagda yaşayan ermənilərə humanitar dəhliz təklif edir. Heç bir ölkə Azərbaycanın bu təklifinə qarşı çıxa bilməz. Ona görə BMT Təhlükəsizlik Şurasının da Azərbaycanın əleyhinə hər hansı qərar qəbul etməsi real deyil”.

Ekspert hesab edir ki, hətta Təhlükəsizlik Şurasının sabahkı iclası zamanı Azərbaycana qarşı qərar verilsə, Rusiya bütün hallarda veto qoyacaq: “Çünki başqa cür olsa, Qarabağda ona qarşı ikinci cəbhə açılacaq. Belə olan halda Rusiya Laçın yolu və Zəngəzur dəhlizini, yəni dünyaya açdığı yeni iqtisadi pəncərəni işlədə bilməyəcək. Ona görə Laçın yolu məsələsinin BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılması Rusiyanın da xeyrinə deyil və çalışacaqlar ki, Azərbaycanın əleyhinə hər hansı qərar qəbul olunmasın”.

Siyasi təhlilçi bildirir ki, hətta Təhlükəsizlik Şurası Azərbaycana qarşı qərar qəbul etsə belə, bunun ölkəmiz üçün heç bir mənfi təsiri olmayacaq.

Elxan SALAHOV

Oxşar xəbərlər