Rusiya sülhməramlılarının rədd cavabından sonra BMT Təhlükəsizlik Şurasına da məktub göndərdilər
“Vətən səsi” xəbər verir ki, Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları kontingentinin rəhbərliyi də separatçıların Azərbaycan-Ermənistan dövlət sərhədində - Həkəri çayı üzərindəki körpüyə bitişik ərazidə keçirmək istədiyi etiraz aksiyasının təxribat xarakteri daşıdığını rəsmən bəyan edib. Xankəndidəki qondarma rejimin avqustun 6-da Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-polkovnik Aleksandr Lentsova ünvanladığı müraciətə cavab məktubunda bildirilir ki, guya, Laçın yolunda yaradılmış “blokada”nın aradan qaldırılması tələbi ilə yürüş keçirmək istəyən separatçıların istinad etdiyi informasiya resursları vasitəsilə yayılan xəbərlər regiondakı real vəziyyəti əks etdirmir. Sülhməramlı kontingentin baş konadanın müavini polkovnik Sozonovun imzası ilə yazılan məktubda vurğulanır ki, “Laçın” sərhəd buraxılış məntəqəsinə avto-yürüş edəcək ermənilərin təhlükəsizliyinin təmin edilməsinə dair müraciət 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli razılaşma əsasında bölgədə fəaliyyətə başlayan sülhməramlı kontingentin və Rusiya Federasiyasının Qarabağ məsələsində rəsmi mövqeyinə qarşı təxribat xarakteri daşıyır.
Həm də Rusiya Federasiyasının rəsmi mövqeyini özündə əks etdirən rədd cavabını həzm edə bilməyən revanşist separatçılar isə öz çirkin niyyətlərinə çatmaq üçün gah yalvarır, gah təzyiqləri artırır, gah da digər siyasi vasitələrə əl atmaqla vaxt qazanmağa çalışırlar.
Sülhməramlılara ünvanlamış müraciətin əsas müəlliflərindən biri, qondarma “Artsax inqilab partiyası”nın sədri Artur Osipyan bildirib ki, əgər ruslar onların xahiş və tələblərini rədd etdilərsə, onda Qarabağda yaşayan ermənilər özləri Həkəri körpüsünə yürüş etməyə hazır olmalıdır. Rusiyalı hərbçilərin yürüş iştirakçılarını müşayiət etməkdən rəsmən boyun qaçırmasından pərt olan Osipyan daha sərt addımların tərəfdarları kimi çıxış edib. O, Xankəndidəki separatçı rejimin rəhbərliyini rəsmi Bakının tələblərinə boyun əyməməyə, “blokada”nın aradan qaldırılması üçün təcili və təsirli tədbirlər görməyı çağırıb.
Rusiya sülhməramlılarının imtina məktubundan əndişələnən qondarma rejimin “rəhbəri” Araik Arutyunyan isə Qarabağa faktaraşdırıcı missiyanın göndərilməsini tələb edir. Onun BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda Azərbaycanın Qarabağın dağlıq hissəsində guya, “humanitar fəlakət” törətdiyi iddia edilir. Buna görə də bu beynəlxalq qurumun “humanitar fəalkətlə” yerində tanış olmaq üçün bölgəyə xüsusi missiya göndərməsi tələb olunur.
Araik Arutyunyan növbəti dəfə rəsmi Bakını regionda vəziyyəti gərginləşdirməkdə ittiham edib. Onun fikrincə, BMT Təhlükəsizlik Şurası özünün xüsusi missiyasını bölgəyə göndərməklə 8 aydan çoxdur “blokada” şəraitində yaşayan Qarabağ ermənilərinin “haqq səsi”ni bütün dünyaya çatdıra və problemin birdəfəlik həllinə kömək edə bilər.
Bu arada Estoniyanın Gürcüstan və Ermənistandakı səfiri Riina Kalyurand Estoniyanın Avropa İttifaqının (Aİ) mülki missiyasının patruluna qoşulub. Ermənistan mətbuatının yaydığı məlumata görə, bu barədə Aİ-nin İrəvandakı mülki missiyasının “Tvitter” hesabında qeyd olunub.
“Bu gün biz Estoniyanın Gürcüstan və Ermənistandakı səfiri Riina Kalyurandı qəbul etməyə şad olduq. Mövcud vəziyyətlə bağlı brifinqdən sonra səfir estoniyalı müşahidəçinin müşayiəti ilə hadisələrlə yerində tanış olmaq üçün Aİ-nin Cermukdakı missiyasının patruluna qoşulub”, deyə - mülki missiyasının mikrobloqunda bildirilir.
Xatırladaq ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan bir qrup erməni guya, Laçın yolunda yaradılmış “blokada”nı aradan qaldırmaq məqsədilə Həkəri çayı üzərindəki körpüyə bitişik ərazidə qurulan “Laçın” sərhəd buraxılış məntəqəsinə yürüş etməyə hazırlaşır. Separatçılar etiraz aksiyasının müayiət olunması və təhlükəsizliyin təmin edilməsi ilə bağlı ötən həftə Rusiya sülhməramlı kontingentinə məktub göndərsə də, mənfi cavab alıblar. Sülhməramlıların Xocalıdakı qərargahından separatçılara göndərilən cavab məktubunda bildirilir: “9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq, Rusiya sülhməramlı kontingentinin avtoyürüş karvanlarında avtomobilləri müşayiət etməsi, eləcə də müxtəlif aksiyaların və mitinqlərin təhlükəsizliyini təmin etməsi nəzərdə tutulmayıb”.
Elxan SALAHOV