27.07.2024, 09:17
AZ EN
22.08.2023, 09:24 203

Separatçılarla görüş yeri Yevlaxdan Bərdəyə dəyişir

YAZILAR

Qarabağdakı separatçı rejimin rəhbərliyi Azərbaycan hökuməti ilə görüşə  hazırlaşır

  • BMT Təhlükəsizlik Şurasının avqustun 16-da keçirilən iclasında uğursuzluğa düçar olan Qarabağdakı separatçı rejim Azərbaycan hpkumətinin haqlı tələbləri ilə razılaşmaq və Bakıya inteqrasiyanın qaçılmaz olduğunu anlamağa başlayır. Bu isə separatçı dəstənin rəhbərliyi arasında münasibətləri bir qədər də gərginləşdirib.

“Vətən səsi” xəbər verir ki, artıq Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin rəhbərləri arasında narazılıq yaranıb. Ermənistan mətbuatının yaydığı məlumata görə, qondarma “Artsax”ın “keçmiş dövlət naziri” Ruben Vardanyanla separatçıların hazırkı başçısı Arayik Arutyunyan arasında yaranmış ziddiyyət ikincinin istefa vermək niyyətində olmaması ilə bağlıdır. Vəziyyət o qədər gərginləşib ki, bu yaxınlarda hərbi geyimli şəxslər qondarma rejimin “parlamenti”nə  soxulublar.
Xankəndidəki qondarma “parlament”in deputatı M.Akopyan deyib ki, “Artsax milislərinin komandiri” Karen Matevosyan öz tərəfdaşları ilə birlikdə “parlament”ə soxularaq qurumun yeni “seçilmiş” rəhbəri David İşxanyandan Arayik Arutyunyanı təhqir etdiyinə görə hesab tələb ediblər. Karen Matevosyan isə dünən “Facebook” səhifəsində xəbərdarlıq edib: “Təhdidlər dayanmayacaq”.

Qarabağın separatçıların nəzarətində olan ərazisindəki daxili vəziyyətlə bağlı diqqətçəkən məlumatı “Faktİnfo”nun mənbəsi də verib. Qeyd edib ki, onlar iki çıxış yolu görürlər: ya Arayik Arutyunyan təcili istefaya getməlidir, ya da Ağdam vasitəsilə “Artsax”a ərzaq tədarükü başlayacaq. Anonim mənbə əlavə edib ki, Arutyunyanın istefa vermək fikri yoxdur, ona görə də indi Ağdam vasitəsilə Qarabağa ərzaq məhsullarının idxalı məsələsi rejimin gündəmindədir.

Yayılan məlumatlarda o da deyilir ki, Qarabağdakı separatçı rejim Azərbaycan hökumət ilə təmaslar qurmağa və birgə müzakirələr hazırlaşır. Hətta rəsmi Bakının müəyyən etdiyi hökumət nümayəndələri ilə görüşə getməyə hazır olan heyət də hazırdır. Həmin heyət yaxın günlərdə, sabah və ya o biri gün Azərbaycan tərəfi ilə görüşə getməyə razılıq verib. Görüşün böyük ehtimalla Bərdə şəhərində keçiriləcəyi bildirilir.

Xatırladaq ki, bu yaxınlarda bir sıra intensiv məsləhətləşmələrdən sonra Qarabağ bölgəsinə humanitar yüklərin müxtəlif marşrutlarla çatdırılması, həmçinin Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün təşkili ilə bağlı razılıq əldə edilmişdi. Belə ki, Qarabağda yaşayan yerli sakinlərin ehtiyaclarını ödəmək, habelə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə humanitar yüklərin çatdırılmasına şərait yaratmaq üçün Ermənistan tərəfindən Ağdam-Xankəndi yolundan istifadənin qarşısının alınması məqsədilə qoyulmuş beton və bütün digər fiziki maneələr aradan qaldırılmalı idi. Bunun ardınca 24 saat ərzində BQXK-nın Laçın yolundan intensiv şəkildə istifadə etməsi razılaşdırılmışdı. Bütün bunların fonunda Yevlaxda Azərbaycan hökumətinin xüsusi nümayəndəsi və yerli erməni sakinlərinin təmsilçiləri arasında görüşün keçirilməsi barədə razılıq əldə olunmuşdu. Lakin 5 avqust 2023-cü ildə Ermənistan öz qondarma rejimi vasitəsilə siyasi motivli, qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sürməklə əldə olunmuş hər iki razılıqdan son anda boyun qaçırdı.
İndi isə görünür, ermənilər razılaşmanı pozduqlarının peşimançılığını çəkirlər və onlar belə bir görüşün vacibliyini anlamağa başlayıblar. Bu dəfə isə görüşün Yevlaxda deyil, Bərdədə keçirilməsi planlaşdırılıb. Əgər ermənilər fikirlərindən geri çəkilməsələr...
Elxan SALAHOV

Oxşar xəbərlər