02.07.2025, 00:47
AZ EN
08.06.2023, 13:52 630

Ermənilər Qərbi azərbaycanlılardan qorxurlar

YAZILAR
  • "Hraparak"ın bu günkü yayımında "Paşinyan troya atını Ermənistanın içinə buraxır" başlıqlı məqalə bir çox nüansları ilə diqqəti cəlb edir. Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdacağı barədə müdrik fikirləri ermənilər arasında yenə vahimə yaradıb. Azərbaycanşünas alim Armine Adibekyanın Hayka Aloyana verdiyi müsahibə də məhz bunu sübut edir.

O, deyir: "Nikol Paşinyanın komandası türk-azərbaycanlı tandemi önündə istənilən variantı qəbul etməyə hazırdır. Söhbət Zəngəzur, Zəngibasar (Masis), Vedibasar, Tavuş (Şəmşədil və Dilcan dərəsi), Geğarkuni (Göyçə və Qaraqoyunlu) vilayətlərindən, İrəvanın və Ermənistanın bütün sərhəd bölgələrindən gedir... Əliyev əmr edəcək, onlara vəsait verəcək və onlar gəlib harada vacibdirsə, orada yaşayacaq və bir məlum missiyanı - Ermənistanı içindən dağıtmaq missiyasını yerinə yetirəcəklər. Onlar gəlməyəcək ki, Ermənistan respublikasının vətəndaşı olsunlar, erməni bayrağını öpsünlər və himni dinləsinlər. Gəlirlər ki, beşinci kalon yaradıb vaxt gələndə Ermənistan respublikasının məhvinə nail olunsun".

Müxbirin növbəti sualı ilə bağlı o, belə bir fikir də ifadə edib ki, ruslar indi Qarabağda sülhməramlı fəaliyyət göstərdiyi kimi azərbaycanlılar yaşayan kəndlər arasında Türkiyə  qoşunları dayanacaq: “Həmin kəndlərin indiki sakinlərinə isə  əsasən İrəvan şəhərində mənzillər vəd edilib. Təsəvvür edin ki, türk gəlib sizin evdə yaşayır, siz isə İrəvanda yaşayırsınız”.

Armine Adibekyan müxbirin "Bəs, İrəvanda rahat yaşamaq alınacaqmı?" sualını isə belə cavablandırıb: "Yox, əlbəttə yox, olmayacaq. Nikol Paşinyan troya atını Ermənistanın içinə buraxır, daha açığını deyim, onlar artıq gəliblər, onlar artıq mənzillər alıblar. Artıq üçüncü ildir ki, azərbaycanlılar və türklər Ermənistanda mülk alırlar".

"Azərbaycan məcbur edəcək ki, azərbaycanlıları milli azlıq  kimi tanısınlar, onlara məktəb açılsın, Milli məclisdə yerləri olsun, dövlət tərəfindən maliyyələşsinlər. Bir sözlə bizim pulla, bizim vasitələrlə, bizim əllərimizlə bizi məhv etsinlər", - deyə o, müsahibəsini belə tamamlayıb: "Nə qədər ki, Nikol Paşinyan var, bəli, bunlar istisna deyil".

Nə deyirik, təki belə olsun!

Nəsib Qaramanlı

Oxşar xəbərlər