Ermənistan hökuməti Azərbaycanla dövlət sərhədində təşkil etdiyi yardım şosunu davam etdirir. Doqquz gündür ki, Ermənistandan suveren ərazilərimizə - Qarabağ bölgəsinə göndərilən 19 TIR hələ də dayanır. Azərbaycan hökuməti Qarabağa humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi marşrutunu təklif etsə də, Ermənistan suveren hüquqlarımızı qulaqardına vurmaqdadır. Bu, azmış kimi, Ermənistan hökuməti yardım şousuna özəl şirkətləri də qoşmağa başlayıb.
“Vətən səsi” xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, rəsmi Yerevan Azərbaycanla razılaşdırmadan Qarabağ iqtisadi zonasında yaşayan etnik ermənilərə “humanitar yardım” göndərmək adı altında başladılan məkrli siyasətini bir gədər də genişləndirmək niyyətindədir. Artıq bəzi özəl şirkətlər və ictimai təşkilatların prosesə dəstək verməsi üçün müvafiq addımlar atılıb. Belə ki, Ermənistanda məşhur olan “Grant kandi” şirkəti də özünün 2 yük maşının Azərbaycanla sərhədə göndərməklə “humanitar yardım” şousuna qatıldığını elan edib. Ötən axşam yayılan məlumatlarda maşınların artıq yola düşdüyü və sərhədə yaxınlaşdığı deyilirdi.
Bəllidir ki, bu şirkətin addımı Ermənistan hakimiyyətinin sifarişidir və rəsmi Yerevan şounun ictimai tələb olduğunu göstərmək üçün digər şirkətləri də prosesə qoşur. Bu, həm də onu deməyə əsas verir ki, Ermənistan hökuməti özəl şirkətləri və ictimai təşkilatları da yardım şousuna qoşulmağa məcbur edə bilər.
Bundan başqa, avqustun 2-də axşam saatlarında Xankəndində Ermənistanın Qarabağa “humanitar yardm” şousuna dəstək vermək üçün “Laçın” sərhəd buraxılış məntəqəsinə avtobuslarla “dinc yürüş” keçiriləcəyi barədə məlumatlar yayılıb. Bildirilir ki, aksiyanın təşkili və iştirakçıların keçirilməsi “Laçın” postuna aparılması üçün Xankəndinin mərkəzində - “Dirçəliş” meydanında avtobuslar hazır vəziyyətdə gözləyir. Sosial şəbəkələrin erməni seqmentində avtobusların meydana gətirildiyini özündə əks etdirən fotolar da paylaşılıb.
Separatçı-revanşistlərin hazırladığı təxribatçı aksiya heç bir hüquqi qüvvəsi olmayan, yenicə qondarılmış “Dəhlizin blokadasını açmaq uğrunda xalq hərəkatı” adlı qurum tərəfindən təşkil edilir. Təxribatçı aksiyanın təşkilatçılarından olan Artur Osipyanın meydanda start vəziyyətdə gözləyən avtobuslarla təxminən 700 nəfəri lazım olan ünvana daşımaq olar. Lakin aksiyanın kütləviliyindən asılı olaraq avtomobillərin sayının artıla biləcəyini qeyd edib.
“Yürüşə nə vaxt başlayacağımızı dəqiq deyə bilmərəm. Amma yürüşdən bir gün əvvəl toplantı olacaq və hamıya yürüş haqqında məlumat veriləcək”, - deyə separatçı bildirib.
Yürüşə hazırlıq məqsədilə meydanda gözləyən avtobusların üzərinə ingilis dilində iri hərflərlə “Həkəri körpüsünə sülh yürüşü” yazılması da diqqəti cəlb edir. Bu o deməkdir ki, separatçı-revanşistlər qanunsuz olaraq keçirmək istədikləri aksiyaya beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək niyyətindədirlər.
“Təhlükəsizlik səbəbindən karvandakı ilk avtomobillərdə yalnız kişilər olacaq. İstəyirik ki, hamı bilsin ki, bu, dinc yürüş olacaq. Eyni zamanda Şuşa yaxınlığında yolumuzun bağlanmasını gözləyirik. Biz çadırlar quracağıq və hər hansı bir nəticə əldə edənədək gözləyəcəyik”, - deyə Osipyan əlavə edib.
Xatırladaq ki, Ermənistan hökuməti ümumi çəkisi 400 ton “humanitar yardım”la yüklənmiş 19 ədəd TIR maşınlarını Qarabağa çatdırmaq niyyətindədir. Mənşəyi məlum olmayan mallarla yüklənmiş TIR-lar Azərbaycanla razılaşdırılmadan Laçın istiqamətində yola salınıb və 9 gündür ki, sərhəddə gözləyir. Ermənistan hökuməti və separatçılar rəsmi Bakının Qarabağdakı erməni əhalisinin ərzaq, geyib, tibbi ləvazimatlar və digər zəruri ehtiyaclarla təminatının Ağdam-Xankəndi yolu vasitəsilə həyata keçirilməsi təklifini qəbul etmək istəmir. Əvəzində guya, himanitar yardımla yüklənmiş və “Laçın” sərhəd buraxılış məntəqəsində gözləyən TIR-ların sayı 21-ə çatdırılıb.
Elxan SALAHOV