20.09.2024, 10:39
AZ EN
15.03.2023, 11:09 193

Ədalət Verdiyev: “Məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına dönəcəklər”

YAZILAR

Son günlər atəşkəsin pozulması halları geniş vüsət alıb. Ermənistan tərəfi və Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı missiyası hərbi kontingentinin nəzarət zonasında olan və İkinci Qarabağ müharibəsinin sonunda imzalanmış üçtərəfli bəyanata zidd olaraq 3 ilə yaxındır tərksilah edilməyən separatçıların qanunsuz silahlı birləşmələrinin törətdiyi təxribatlar nəticəsində, demək olar ki, mütəmadi olaraq atəşkəsin pozulması halları ilə üz-üzə qalırıq. Bu isə Azərbaycan ordusunun şəhid verməsinə, həmçinin qarşı tərəfdən də itkilərə səbəb olub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada rəsmi Bakının bu cür təxribatların qarşısının qətiyyətlə alınacağı və adekvat cavab tədbirlərinin görüləcəyi barədə mövqeyi dəfələrlə vurğulanıb. Lakin terrorçu qüvvələr çirkin niyyətlərindən əl çəkmək fikrində deyil və belə başa düşülür ki, separatçı qüvvələr Dəmir yumruğun xiffətini çəkirlər, bu Yumruğun işə düşməsi isə qaçılmazdır.

Hərbi ekspert Ədalət Verdiyev mövzu ilə bağlı fikirlərini “Vetensesi.az”a açıqlamasında deyib:"Son aylarda baş verən proseslər onu göstərir ki, Ermənistan İran, Fransa və Hindistanla olan münasibətlərindən istifadə edərək revanşa hazırlaşır. Bunu həm Azərbaycan-Ermənistan şərti sərhədində, həm də Qarabağa qanunsuz daşınan yüklərdən görmək mümkündür. Atəşkəs pozuntularının çoxalması da Ermənistanın yeni təxribatlara hazırlaşdığının növbəti nümunəsidir".

Ekspert daha sonra əlavə edib ki, Azərbaycan ordusu Ermənistanı növbəti dəfə cəzalandıra bilər: "Azərbaycan tərəfi bu təxribatlara adekvat və təsirli bir cavab verəcək. Görünən odur ki, Ermənistan indiyə qədər ordumuzun onlara endirdiyi zərbələrdən dərs çıxarmayıb. Belə olduğu halda Azərbaycan Silahlı Qüvvələrinin düşməni cəzalandırmaqdan başqa heç bir yolu qalmır. Paşinyanın da son bəyanatlarından görünür ki, onlar da yeni bir müharibəyə hazırlaşır. Proseslər bu tempdə davam edərsə, gərginliyin artması və toqquşmaların olacağı istisna deyil. Amma bu, böyük həcmli müharibənin olacağı demək deyil. Azərbaycanın heç bir qonşusuna qarşı ərazi iddiası olmayıb. Bununla belə, məcburi köçkünlərimiz öz dədə-baba torpaqlarına geri dönəcək. Təbii ki, bu, müharibə ilə olmayacaq. Onların doğma yurdlarına qayıtması üçün bütün diplomatik səylər davam edir. Qarabağ ərazisindən erməni silahlı dəstələrinin təmizlənməsi isə daha yaxın zamanda baş verəcək".

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər