18.04.2024, 16:40
AZ EN
31.01.2023, 12:20 207

Moskva hansı separatçını dəstəkləyir

YAZILAR

"Hraparak"ın 31 yanvar tarixli buraxılışında Lusine Şahverdyanın "Moskva kimi seçəcək: Araik Harutyunyanı, yoxsa Ruben Vartanyanı?" başlıqlı təhlili məqaləsi paylaşılıb. Müəllif yazır ki, bir neçə həftədir Araik Harutyunyanla Ruben Vartanyan arasında gərginlik davam edir. Ermənistan hakimiyyətinin cəhdlərinə baxmayaraq onların münasibətləri "start xəttinə" qayıda bilmir. Münasibətlərin gündən-günə kəskinləşməsi Araikin rus sülhməramlılarının vasitəsi ilə Moskvaya getməsinə səbəb olub və "o, orada bir neçə rəsmi şəxslə görüşüb problemə aydınlıq gətirilməsini xahiş edəcək" - deyən müəllif  xatırladır ki, Araik yeni "seçki" keçiriləcəyi barədə açıqlama verdikdən dərhal sonra Ruben Vartanyan indiki şəraitdə buna ehtiyac olmadığını, Azərbaycanın heç bir tələbinə əməl etməyəcəklərini vurğulamışdı.

Xankəndidə yaşamaq üçün gəldiyini, 44 günlük müharibə zamanı separatçı rejimə milyonlarla dollar həcmində nəğd pul, silah, hərbi texnika verdiyini dəfələrlə hətta mətbuata açıqlayan Vartanyanın özünü "arsaxın xilaskarı" cildində təbliğ etdirməsi də təkcə Araikin deyil, separatçı rejimin rəhbərinin çoxunun acığına səbəb olduğunu da xüsusi vurğulayan L.Şahverdyan Azərbaycanla Türkiyənin ünvanına ənənəvi böhtanları da təkrarlayır. Yazır ki, Laçın-Xankəndi yolu məhz Rubenin biznes maraqlarının heçə endirilməsi üçün bağlanılır və o, Xankəndidə olduğu müddətdə həmin yol açılmayacaq, nəticə isə daha acınacaqlı olmaqda davam edəcək.

Hətta o, bir məclisdə belə gülməli və xəstə təxəyyül məhsulu olan ifadə səsləndirib  ki, Paşinyanın yerinə özü baş komandan olsaydı, Ermənistan qalib gələrdi.

Məqalədə Araik haqqında bəzi müsbət fikirlərin vurğulanması isə sübut edir ki, müəllif məhz onun tərəfdarıdır. "Müharibədən sonra maliyyə durumu acınacaqlı idi. Araik Harutyunyan öz cibindən imkansızlara müəyyən yardım etdi ki, bu da onun müsbət imicini yenidən geri qaytardı"- deyə müəllif Moskvanın Rubeni deyil, Araiki seçməsinin vacibliyini diqqətə çatdırıb.

Bəs, Moskva kimə üstünlük verəcək?

Bu sualın cavabı bizim üçün elə də maraqlı deyil. Çünki, atalar demiş, ilanın ağına da lənət, qarasına da.

Nəsib QARAMANLI

Oxşar xəbərlər