Bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.
“Davos Forumunda dünyanın aparıcı ölkələrinin liderləri, ən tanınmış şirkətlərinin və kooperasiyalarının təmsilçiləri iştirak edirlər. Onlar qlobal iqtisadi proseslər və maliyyə, enerji, ətraf mühit, makroiqtisadiyyatla bağlı iqtisadi təhlillər aparırlar. Gələcəyin iqtisadi mənzərəsinin, qlobal siyasi nizamının formalaşdırılmasında Davos Forumunun müstəsna əhəmiyyəti mövcuddur.
Qərbin enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rolun daha da artması ölkəmizin potensialı baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan işğaldan azad olunan torpaqları heç kimdən maliyyə yardımı almadan bərpa edir. Davos Forumu Qarabağa və Şərqi Zəngəzura yeni investisiyaların cəlbinə mühüm təsirlər göstərəcək”, - deyə politoloq qeyd edib.
Ekspert bildirib ki, Davos İqtisadi Forumunun əhəmiyyəti daha çox onun iştirakçılarının və orada müzakirə olunan dünyəvi problemlərin dairəsinin tərkibi ilə bağlıdır. İyirmi beş il ərzində Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıq əlaqələri uğurla inkişaf edib. Əlaqələrin belə yüksək səviyyəyə çatması Prezident İlham Əliyevin uğurlu siyasət kursu nəticəsində baş verib. Davos iştirakçılarına yaxşı bəllidir ki, ümumi kapital qoyuluşu 40 milyard ABŞ dolları olan “Cənub Qaz Dəhlizi” layihəsinə daxil olan “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu boru kəməri və Trans-Adriatik boru kəməri layihələri müxtəlif maraqlı tərəfləri, o cümlədən 7 dövləti və 11 şirkəti özündə birləşdirir. Bütün bu layihələrin reallaşdırılması, əlbəttə ki, Avrasiyanın müxtəlif ölkələri arasında regional əməkdaşlığa, geniş işbirliyinə yol açır və Azərbaycan bu prosesdə açar rolunu oynayır. (AZƏRTAC)