Erməni KİV-ləri dekabrın 8-də yaydıqları xəbərlər sırasında digər xarici ölkələrlə müqayisədə İrandan bəhs edən yazılar yenə də çoxluq təşkil edir. «Hraparak» media şirkətlər qrupunun dekabrın 8-də Avropa mətbuatına istinadən yaydığı «İranın sabiq prezidenti etiraz aksiyalarını dəstəkləyir» başlıqlı məqalədə göstərilir ki, 1997-2005-ci illərdə İranın prezidenti olmuş Məhəmməd Hatəmi ölkədə 3 aydan da çox davam edən etiraz aksiyalarını dəstəklədiyini və iqtidarın müəyyən islahatlar keçirməsinin vacibliyini bildirib. O, deyib ki, «Qadın, həyat, azadlıq» şuarı altında keçən etiraz mitinqlərində azadlıq və təhlükəsizliyi bir-birinə qarşı qoymaq lazım deyil. Azadlığı təhlükəsizlik naminə tapdalamaq, təhlükəsizliyi isə azadlıq naminə görməməzliyə vurmaq olmaz.
M.Hatəminin İranda islahatlar aparılması barədə təklifi Ermənistanda heç də birmənalı qarşılanmayıb. Bəzi ekspertlər bunu insan azadlığına yönəlmiş təklif kimi qarşılasa da, bəziləri Məhəmməd Hatəminin bu sözləri deməklə öz reytinqini qaldırmaq və yenidən hakimiyyətə gəlmək fikrində olduğunu vurğulayıblar. Belə bir şərhdə yazılıb ki, İranda kimin ali hakimiyyətdə təmsil olunmasına baxmayaraq Ermənistan İran münasibətləri daim yüksələn xətt üzrə inkişaf edəcəkdir.
Nəsib QARAMANLI