Bu ilin aprelindən indiyədək Ermənistanın elm və təhsil sahəsində aparılacaq islahatlarla bağlı müzakirələr gedir. Sentyabrın əvvəlində bir neçə gün etiraz aksiyası keçirən Bryusov adına universitetin tələbələri oktyabrın 20-də yenidən sözügedən universitetin bir neçə müəllimi ilə birlikdə hökumət binası önündə mitinq təşkil ediblər. Etirazçılar bildiriblər ki, həm bu universitetin, həm də bədən tərbiyəsi və idman institutunun X.Abovyan adına dövlət pedaqoji universitetinə birləşdirilməsi ən azı 400 iş yerinin ixtisar olunmasına, həmçinin tədrisin keyfiyyətiin aşağı düşməsinə səbəb olacaq. Bununla razılaşmayan iqtidar nümayəndələri isə bu birləşmənin yalnız təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edəcəyini bildirirlər. “Hraparak” qəzetinin 21 oktyabr tarixli sayında sözügedən məsələ ilə bağlı analitik yazı tərc olunub. Ermənistan rektorlar şurasının sədr müavini, Kəvər universitetinin rektoru Ruzanna Hakopyan bildirib ki, hələlik hamı öz yerində, öz binasındadır və tədris prosesi mövcud proqrama uyğun olaraq davam etdirilir. Hökumətin elm və təhsil sistemində islahat aparılması ilə bağlı layihəsində 2030-cu ilədək ölkədə təhsil ocaqlarının sayı 17-dən 8-ə endiriləcəkdir. Ləğv olunacaq universitetlərin siyahısı hələ tam dəqiqləşdirilməsə də, aparılacaq islahatların səmərə verəcəyinə inandığını ifadə edən rektorlar şurasının sədr müavini bildirib ki, rektorların çoxu bu islahatla razı olmadıqlarına görə şuranın iclasında iştirakdan müxtəlif bəhanələrlə boyun qaçırırlar. Bryusov universitetinin tələbələrinin etiraz aksiyasını isə müxalifətin təşkil etdiyini açıqlayan R.Hakopyan əlavə edib ki, tələbələri etiraz aksiyalarına cəlb etməklə baş nazirin istefasına nail olmaq istəyirlər.
N.QARAMANLI