«Joğovurt» qəzetinin 3 dekabr tarixli sayında dərc olunmuş «Ruben Vartanyan razılaşmanı pozub» sərlövhəli məqalə dərc olunub və bu «Lurer.com» informasiya agentliyi vasitəsilə yayılıb. Qeyd olunur ki, Ruben Vartanyan öz milyardlarını Avropanın sanksiyalarından qorumaq üçün biclik işlədərək Rusiyanın hakim dairələri ilə razılığa gəldikdən sonra Rusiya vətəndaşlığından imtina edib «arsax»da yaşayıb, işləyəcəyini bildirmişdi. Moskvanın tələbi ilə «dövlət naziri» təyin edilən R.Vartanyan fəaliyyətə başladığı ilk günlərdən bu sistemdə işləyən qarabağlı ermənilərlə yola getməyəcəyini öz hərəkətləri ilə təsdiq edib. O, «arsax»ın 11 «nazirindən» 9-nu istefaya göndərib və bildirib ki, buna baxmayaraq onlar 2023-cü il yanvarın sonunadək öz vəzifələrində işləyə bilərlər. Qəzet yazır ki, Ermənistanda və «arsax»da bir neçə onillikdir ki, işdənçıxma zamanı «işçilərlə sağollaşma» tədbiri keçirilir. Amma Ruben Vartanyan bu ənənəni də pozub. Belə ki, həmin «nazir»lərin əllərindən açarı alaraq «katib»liyə, yaxud gözətçiyə verərək onları bir daha içəri buraxmamağı tapşırıb. Yalnız «daxili işlər» və «müdafiə nazir»ləri istefaya göndərilməyib.
Ruben Vartanyanın bu fəaliyyəti Qarabağdakı ermənilər tərəfindən ciddi narazılıqla qarşılanıb. Onlar bildirirlər ki, R.Vartanyan Rusiyada milyonlarla sərvət toplayarkən «arsaxlı»lar ciddi çətinliklər içərisində öz vətənlərini qoruyublar. Kadr tapa bilmədiyinə görə hələ heç kəsi «nazir» təyin etməyən R.Vartanyanın Qarabağı deyil, yalnız öz şəxsi mənafeyini güddüyü və onun «arsax»a yalnız fəlakət gətirəcəyini bildirən qəzet onu da əlavə edir ki, Ermənistan hökuməti də artıq «arsax»dan əlini çəkib. Əgər belə olmasaydı, hökumətin 2023-cü il üçün büdcə proqramınında «arsax respublikası» sözü «Dağlıq Qarabağ ərazisi» sözü ilə əvəzlənməzdi. Qəzet həm də yazır ki, bu adi redaktə deyil, siyasi məsuliyyətdir.
Eduard Davudyan adlı erməni isə həmin məqaləyə yazdığı şərhdə göstərir ki, istefaya göndərilən «nazir»lər heç nəyə qadir deyildilər. Ona görə də Ruben Vartanyan onlara etibar etmirdi. Ruben Vartanyanla «arsax»dakı erməniləri qarşı-qarşıya qoymaq isə keçmiş «nazir»lərin növbəti oyunudur.
Nəsib QARAMANLI