09.06.2025, 15:46
AZ EN
26.02.2025, 16:32 257

Xocalıda törədilən cinayətlər Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə planının bir hissəsidir

YAZILAR
  • 1992-ci ilin fevral ayında erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Azərbaycan şəhəri Xocalını mühasirəyə aldı. Yerli sakinlər mühasirədən çıxmağa çalışaraq, əksəriyyəti piyada qarlı dağ cığırları ilə Ağdama doğru yola düşdü. Lakin erməni qoşunları qaçqınları yaxalayaraq yüzlərlə dinc sakini – qadınları, uşaqları, qocaları amansızcasına qətlə yetirdi. Yaralıları yerindəcə güllələdilər. Qaçıb gizlənə bilənlər isə soyuqdan donaraq yolda həyatlarını itirdilər. 613 Xocalı sakini vəhşicəsinə öldürüldü, 150 nəfərin taleyi bu günə qədər naməlumdur (onların təxminən 100-ü qadın və uşaqdır), 1200-dən çox insan yaralandı və donvurma nəticəsində fiziki zərər gördü.

Bu sözləri Milli Məclisin deputatı Nigar Arpadarai söyləyib.

O bildirib ki, bu qanlı qırğından bir neçə il sonra həmin hadisələrin birbaşa iştirakçısı və Ermənistanın ozamankı prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində belə deyirdi: “Onlar (azərbaycanlılar) düşünürdülər ki, ermənilər dinc əhaliyə əl qaldırmaz. Biz bu stereotipi qırmalı idik. Və buna nail olduq”. Bu sözlər Ermənistan rəhbərliyinin əsl niyyətini və erməni ordusunun hərəkət məntiqini açıq şəkildə ortaya qoyur. Ermənistan, sadəcə, Azərbaycan torpaqlarını işğal etmirdi – əsas məqsəd bu ərazilərdə azərbaycanlıların tamamilə məhv edilməsi və ya oradan qovulması idi. Azərbaycanlılar üçün yalnız iki yol qalırdı: ya qaçmaq, ya da ölmək.

Beləliklə, Xocalıda dinc sakinlərin qətlə yetirilməsi bir yığın hərbiçinin özbaşına qərarı deyil, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və torpaqların işğalı planının bir hissəsi idi. Sonrakı hadisələr də bunu təsdiqləyir.

Ermənistan eyni ssenari üzrə bütün Azərbaycan ərazilərini işğal edirdi: yerli əhali tamamilə qovulur, qaça bilməyənlər isə ya öldürülür, ya da Ermənistanın “qəhrəmanı” Manvel Qriqoryan və onun kimi erməni zabitlərinin evlərinin zirzəmilərində izsiz-soraqsız yoxa çıxırdılar. Azərbaycan hələ də itkin düşmüş 4 minə yaxın vətəndaşını axtarır. Ermənistan isə bu barədə heç nə baş verməmiş kimi davranır, halbuki bu, Ermənistanda hüquq sisteminə görə ağır cinayətdir.

"Bu gün Xocalı faciəsinin ildönümü əvvəlki illərdən fərqli emosiyalar doğurur. Çünki Azərbaycan torpaqlarının, o cümlədən Xocalının işğalında təqsirləndirilən bir sıra siyasi və hərbi fiqurlar bu gün Bakıda məhkəmə qarşısındadır. Onların arasında keçmiş qondarma “Artsax”ın siyasi və hərbi rəhbərləri, eləcə də birbaşa qətliamların icraçıları var. Həmçinin Ermənistanın təbliğatçıları – məsələn, David Babayan, beynəlxalq çirkli pulların yuyulmasında və avantüralarda adı hallanan Ruben Vardanyan da məhkum olunmağa namizəddir. Şübhəsiz ki, Azərbaycan torpaqlarının 30 illik işğalını planlaşdıran və həyata keçirən cinayətkarların siyahısı daha uzundur. Məhz buna görə də Bakıda aparılan məhkəmə prosesi təkcə konkret cinayətlərin cəzasını verməklə kifayətlənməməlidir. Bu məhkəmə həm də sübut etməlidir ki, Ermənistanın hərəkətləri sistemli və dövlət səviyyəsində qəbul edilmiş ideologiyanın tərkib hissəsi olub. Məqsəd – azərbaycanlıların həm Ermənistan ərazisindən, həm də işğal olunmuş torpaqlardan tamamilə qovulması, onların tarixinin və mədəni irsinin izlərinin silinməsi, bu torpaqların saxta erməni kimliyi ilə ört-basdır edilməsi idi. Ermənistanın bütün rəhbərləri bu siyasətə xidmət edirdi və bu, ölkənin rəsmi dövlət ideologiyası halına gətirilmişdi. Bu ideologiyanın həyata keçirilməsində təhsil sistemi, erməni diasporu və kilsəsi də iştirak edirdi. Bakı məhkəməsi bu həqiqətləri dünyaya sübut edərək tarixi ədaləti bərpa etməli və Xocalının günahsız qurbanlarının xatirəsinə ehtiram göstərməlidir. Cinayət törədənlərin bəziləri hələ də ədalətdən yayına bilsələr belə, onların ömrünün sonuna qədər qorxu ilə yaşaması təmin olunmalıdır. Çünki onların həyatı boyu çalışdıqları məqsəd – Azərbaycan torpaqlarını işğal etmək – artıq gözlərinin önündə puç olub və bundan sonra Damoklun ədalət qılıncı onların başı üzərində dayanacaq. Bunu etməliyik – Xocalı şəhidlərinin xatirəsi naminə!", - deyə N.Arpadarai vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər