09.06.2025, 07:32
AZ EN
10.09.2022, 16:45 369

Azərbaycan Qarabağın və Şərqi Zəngəzurun hava məkanının təhlükəsizliyini təmin edir

YAZILAR
  • “Azərbaycan Hava Yolları”nın ən böyük sərnişin təyyarəsi “Airbus A340-500” sentyabrın 9-da ilk texniki uçuşunu müvəffəqiyyətlə yerinə yetirib və Şərqi Zəngəzurun ilk hava limanı olan Zəngilan Beynəlxalq Hava Limanındakı yeni uçuş-enmə zolağına enib. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ikinci, Şərqi Zəngəzurun isə ilk hava limanı - Zəngilan Beynəlxalq Hava Limanı da qısa müddətdə istifadəyə tam hazır olacaq.

Bunu Milli Məclisin deputatı Könül Nurullayeva bildirib. Azərbaycanın bu gün həm Qarabağın, həm də Şərqi Zəngəzurun hava məkanının təhlükəsizliyini təmin etmək gücündə olduğunu vurğulayan K.Nurullayeva deyib: “Füzuli Beynəlxalq Hava Limanından sonra Zəngilanda da aeroportun qısa müddətdə inşası işğaldan azad olunmuş ərazilərdə bərpa prosesinin sürətlə getdiyini bir daha təsdiqləyir. Hər iki limanın inşası həm siyasi, həm iqtisadi, həm də tarixi əhəmiyyət daşıyır. Azərbaycan azad olunmuş ərazilərə qayıtdığı kimi, Qarabağın və Şərqi Zəngəzurun hava məkanında da artıq sərbəst və təhlükəsiz şəkildə uçuşlar həyata keçirir”.

Deputatın sözlərinə görə, hava limanlarının inşası bu ərazilərdə nəqliyyat infrastrukturunun kompleks həllinin tərkib hissəsidir. Nəzərə alsaq ki, Füzuli və Zəngilan hava limanları beynəlxalq statuslu hava limanlarıdır və burada həm sərnişindaşıma, həm də yükdaşımaların həyata keçirilməsi gələcəkdə bölgənin iqtisadi baxımdan dirçəlməsi üçün geniş imkanlar açır. Hava limanları iqtisadi baxımdan vacibdir. Çünki Qarabağın və Şərqi Zəngəzurun böyük iqtisadi potensialının reallaşması, burada istehsal ediləcək məhsulların daxili bazara, o cümlədən xarici bazara ixrac edilməsi baxımından hava limanları mühüm əhəmiyyət kəsb edir.

K.Nurullayeva yeni aeroportların uçuş-enmə zolağının Beynəlxalq Mülki Aviasiya Təşkilatının bütün tələblərinə uyğun müvafiq avadanlıqlarla təchiz olunduğunu qeyd edib. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcək.

Deputat paralel olaraq Kəlbəcər-Laçın bölgəsində də unikal hava limanının inşa olunduğunu bildirib. Relyefin mürəkkəbliyinə və tələb olunan maliyyə vəsaitinin çoxluğuna baxmayaraq, Azərbaycan Füzuli və Zəngilan Beynəlxalq Hava Limanının inşasını reallaşdırmaqla həm ilk təcrübə yaradır, həm də təbii ki, bölgənin bərpasını sürətləndirir. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi təbii ki, həm bu bölgədə yaşayan insanların rifahını təmin edəcək, həm də bölgənin turizm imkanlarını artıracaq. Nəticə etibarilə Qarabağ geniş nəqliyyat qovşağına çevriləcək.

“Ümumiyyətlə, azad olunmuş ərazilərdə aparılan bərpa prosesi böyük qayıdışın təmin olunmasına hesablanıb. Soydaşlarımız bərpa işlərindən sonra azad edilən ərazilərə qayıdaraq, öz dədə-baba yurdlarında təhlükəsiz şəraitdə yaşayacaqlar”, - deyə deputat əminliyini ifadə edib. (AZƏRTAC)

Oxşar xəbərlər