10.03.2025, 10:35
AZ EN
29.11.2022, 09:20 201

Rus sülhməramlıları erməni silahlı birləşmələrinin tərksilah olunmasını təmin etmədi

YAZILAR
  • “Moskvanın məqsədi Azərbaycanı zorla Şimal-Cənub dəhlizinin açılmasına razılıq verməyə məcbur etməkdir”,- fikrini səsləndirən siyasi təhlükəsizlik məsələləri  üzrə ekspert Ərəstun Oruclu açıqlamasında bildirib. O, mövzuyla bağlı belə deyib: ”Azərbaycan ərazisinin təxminən altıda birini nəzarətdə saxlayan Rusiya hərbi kontingentinin Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrini silahla təchiz etməsi artıq təsdiqini tapır. Deməli, Kreml nə vaxtsa həmin separatçı “müdafiə ordusu”nun əli ilə torpaqlarımızda növbəti lokal və ya genişmiqyaslı hərbi qarşıdurmanı körükləməyi planlaşdırır. Bəs görəsən, bu, hansı məqamda baş verə bilər”?

Ekspert daha sonra əlavə edib ki, bəli, Rusiya “sülhməramlıları” adlanan həmin o kontingentin qanunsuz erməni silahlı dəstələrini silahla təchiz etməsi, onlara təlim keçməsi şəksizdir. Bu haqda onlarla faktlar var. Rusiya mənbələrinin yaydığı rəsmi və qeyri-rəsmi xəbər və məlumatlarda bəhs edilən Azərbaycan ərazisinin Rusiya Müdafiə nazirliyi tərəfindən heç bir rəsmi qurum olmayan və heç kəs tərəfindən tanınmayan qondarma “dağlıq Qarabağ respublikası” kimi təqdim olunması Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanımamasını, ona həqarət etməsini, onu təhdid altına qoymasını sübut edir. Moskva eyni zamanda bununla situasiyaya nəzarət edən tərəf olduğunu nümayiş etdirir. Eyni zamanda qanunsuz erməni birləşmələrinin qeyd etdiyimiz silahlandırma məsələsi var.Və həmçinin silahlandırmanı da kənara qoyaq, yada salaq ki, həmin 10 noyabr üçtərəfli bəyanatına görə, Rusiyanın sülhməramlılarının əsas vəzifələrindən biri erməni silahlı birləşmələrinin tərksilah olunmasıydı ki, bunu etmədilər. Elə bunu etməmək erməni separatçlarını silahlandırmaq kimi bir şeydir.

Ə.Oruclu Rusiyanın Qarabağdakı separatçıların başına Ruben Vardanyanı bir lider kimi gətirməsinin əsl səbəblərindən də bəhs edib: “Hesab edirəm ki, Kremlin Qarabağdakı silahlı dəstələri saxlamasının, onları silahlandırmasının, oradakı separatçıların başına Ruben Vardanyanı bir lider kimi gətirməsinin hədəfi isə Şimal-Cənub dəhlizinin Azərbaycan və həmçinin İran tərəfindən açılmayacağı halda həmin o silahlı dəstələrdən destablizasiya faktoru kimi istifadə etmək və bundan sonra bölgədə növbəti müharibəni qızışdırmaq planıdır. Mən bu planı belə görürəm. Və həmin planın tərkib hissəsindən biri də KTMT-nin İrəvanda keçirilən toplantısı və Putinin birbaşa özünü o samitdə iştirakı, bu toplantının hədəfində, məqsədində Ermənistana hərbi dəstəyin verilməsinin olmasıdır. Bunlar hamısı göstərir ki, sadalananlar vahid bir planın tərkib hissəsidir və məqsəd, dediyim kimi, Azərbaycanı zorla həmin  Şimal-Cənub dəhlizinin açılmasına razılıq verməyə məcbur etməkdən ibarətdir və şübhəsiz ki, həmin planda  da Qarabağdakı  qanunsuz hərbi birləşmələrin iştirakı nəzərdə tutulub. Bu, birmənalıdır”.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər