22.11.2024, 10:36
AZ EN
21.08.2023, 12:14 246

Vardanyan-Arutyunyan davası qızışır

YAZILAR

Rusiyanın Qarabağdakı emissarı separatçıların liderini istefaya məcbur edir

  • BMT Təhlükəsizlik Şurasının avqustun 16-da keçirilən iclasında uğursuzluğa düçar olan Qarabağdakı separatçı rejimin başçısı Araik Arutyunyanla sabiq “dövlət naziri” Ruben Vardanyan arasında münasibətlər yenidən kəskinləşməyə başlayıb.

“Vətən səsi” xəbər verir ki, Ruben Vardanyan Arayik Arutyunyana müraciət edərək onu növbəti dəfə yalan danışmaqda, Qarabağdakı separatçı dəstənin rəhbərliyində “təmsil olunan” şəxslərə verdiyi vədi yerinə yetirməməkdə suçlayıb.

Rusiyanın təlimatı əsasında bir il əvvəl Qarabağa göndərilmiş Vardanyan bu müraciətini Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət zonasına aid keçmiş Ağdərə rayonunun Kolətək kəndindəki (1992-ci ildə Ağdərə rayonu ləğv edilərkən bu yaşayış məntəqəsi Kəlbəcər rayonunun inzibati ərazisinə daxil edilib) “Akopavank” məbədinin qarşısından ünvanlayıb: “Buradan sizə müraciət edərək demək istəyirəm ki, nə rəhbər, nə də baş komandan ola bildiniz. Camaatı sonsuzluğa qədər aldatmaq olmaz. Həftənin əvvəlində dediniz ki, istefaya gedəcəksiniz və sizi inandırmağa ehtiyac yoxdu. Halbuki iclasda iştirak edən 8 nəfərdən bəziləri sizə inanmadı. Çünki istefa vermək barədə qərarını açıqlamağınız birinci dəfə deyildi. Lakin iclasdakıların bəziləri bu dəfə yalan danışmadığınıza və həqiqətən də istefa verəcəyinizə inanmaq istəyirdi. Amma indi təəssüf ki, birinci şəxsin söylədiyi bəyanatlar və açıqlamalar artıq heç bir dəyər kəsb etmir. Siz hər dəfə fərqli insanlara fərqli şeylər deyirsiniz, bu, qəbuledilməzdir. Siz bizim bir yumruqda birləşməyimizi istəmirsiniz və bu ağrıdır. Prinsipləri, dəyərləri, ideologiyanı ikinci dərəcəli hesab edirsiniz. Kədərlidir, sizə yazığım gəlir, həyatınız dəhşətlidir”.

Xatırladaq ki, separatçıların başçısı Araik Arutyunyan “Laçın” nəzarət-buraxılış məntəqəsinin qaçaqmalçı quldurların üzünə bağlanmasından sonra çıxılmaz vəziyyətdə qalıb. BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycana qarşı heç bir sənəd qəbul edilmədiyini və bir aydan çox davam edən təxribat xarakterli kampaniyaların nəticəsiz qaldığını görən separatçı-terrorçu dəstənin lideri istefa vermək məcburiyyətində qaldığını etiraf edib. O, bu qərarını qondarma “Artsax hökuməti”nin iclasında bəyan edib. Ancaq sonradan növbəti dəfə vədinə xilaf çıxan Araik Azərbaycanın təzyiqləri ilə “dövlət naziri” postundan uzaqlaşdırılan Ruben Vardanyanın qəzəbinə tuş gəlib. Görünür, xarici havadarlarının dəstəyi ilə “humanitar böhran” şousunu BMT səviyyəsinə qədər daşıyan, lakin bu mötəbər trubunadan lazımınca yararlana bilməyən separatçılar sonuncu çıxış yolu kimi Araik Arutyunyanı istefaya göndərmək istəyir. Bunun üçün ən çox çalışanlardan biri isə Rusiyadan məqsədli şəkildə Qarabağa göndərilən “xeyriyyəçi iş adamı” Ruben Vardanyandır. O, Qarabağda yaşayan erməni əhalisini “çətin vəziyyətə saldığına və “artsaxlılara” verdiyi vədləri yerinə yetirə bilmədiyinə görə” separatçıların liderini “siyasi səhnədən” uzaqlaşdırmaq üçün hədə-qorxu və şantaj kartını işə salmaq məcburiyyətindədir.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR