Hərbi ekspert Ədalət Verdiyev TV “MediaPost”a şərhində bildirib ki, son aylarda Ermənistandan Qarabağa intensiv silah-sursat, mina və şəxsiyyət daşınmalarının qarşısının alınması üçün belə bir addımın atılması zərurəti çoxdan yaranmışdı: “Bu gün artıq həmin sərhəd-keçid məntəqəsi üzərində Azərbaycan bayrağının dalğalanması belə daşınmaların qarşısını tamamilə almağa imkan verir. Daha əvvəl Azərbaycan Laçın yolunda, sonrakı müddətdə əsas yoldan əlavə mövcud olan torpaq və köməkçi yollarda, dünəndən isə alternativ yol üzərində mövcud olan Həkəri çayının üzərindəki körpüdə sərhəd-keçid məntəqəsini quraşdırmaqla Ermənistanı Qarabağla bağlı əlaqələrini tamamilə nəzarətə götürmüş oldu. Bu, gələcəkdə Qarabağ ərazisində mövcud olan silahlıların döyüş potensialının kifayət qədər zəifləməsinə və həmin silahlı erməni birləşmələrinin Qarabağdan çıxarılması üçün münbit şərait yaradacaq. Zəifləyən döyüş potensialı Qarabağ silahlılarının Azərbaycana qarşı müqavimət potensialını sıfırlayacaq. Nəticə etibarilə, bu gün baş verən proseslər, Ermənistanın yaratdığı saxta miflərin, o cümlədən, “böyük Ermənistan” ideyasının məhv edilməsi deməkdir. Digər erməni mifləri kimi də növbəti miflərin dağıdılması, məhv edilməsi Azərbaycan üçün Qarabağdan öz suveren ərazilərində dövlət orqanlarımızın və hakimiyyət nümayəndələrimizin yerləşməsinə, o cümlədən Qarabağın tamamilə Azərbaycanın nəzarətinə keçməsinə münbit şərait yaradır”, - deyə hərbi ekspert vurğulayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ