Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov səsləndirib.
Deputat bildirib ki, Azərbaycan və Serbiya beynəlxalq münasibətlər sistemində bir-birinin ərazi bütövlüyünü və suverenliyini qeyd-şərtsiz dəstəkləyən nadir tərəfdaşlardandır. Ölkəmizin başçısının Belqradda yüksək səviyyədə qarşılanması və liderlərin iştirakı ilə Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasının keçirilməsi bu münasibətlərin artıq, sadəcə diplomatik əməkdaşlıq deyil, ali strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini nümayiş etdirdi. Bu səfər Rəsmi Bakı və Belqradın münasibətləri ənənəvi ticarət çərçivəsindən çıxararaq, daha geniş və uzunmüddətli əməkdaşlıq modeli əsasında inkişaf etdirmək niyyətini sübut etdi.
Azərbaycanın təşəbbüskarı olduğu enerji layihələrinin Serbiyanın enerji xəritəsini yenidən formalaşdırdığını qeyd edən A.Məmmədov deyib: “Serbiya-Bolqarıstan qaz interkonnektorunun istifadəyə verilməsi ilə Azərbaycan qazının Balkan ölkələrinə çatması Serbiyanın enerji müstəqilliyinə verilən strateji töhfədir. Eyni zamanda, Orta Dəhliz layihəsi çərçivəsində Azərbaycanın logistik imkanları ilə Serbiyanın Avropadakı tranzit mövqeyi birləşir. Bu birlik hər iki ölkəni qitələrarası yükdaşımalarda mühüm həlqəyə çevirərək, Avrasiya məkanında yeni əməkdaşlıq konfiqurasiyalarına yol açır”.
Onun sözlərinə görə, energetika sahəsində Prezident İlham Əliyevin “Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır” bəyanatı iqtisadi tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Birgə inşa ediləcək elektrik stansiyası layihəsi Serbiyanın daxili enerji istehsal gücünü artıracaq və regional bazarda rəqabət qabiliyyətini yüksəldəcək. Serbiyanın əlverişli investisiya mühiti formalaşdırması və Azərbaycanın bu prosesdə fəal iştirakı iki ölkə arasında iqtisadi etimadın ən yüksək həddə olduğunun sübutudur.
İclas zamanı Serbiya Prezidenti Aleksandar Vuçiçin səsləndirdiyi “Mən əziz dostum İlham Əliyevdən çox şeyi öyrənirəm və Azərbaycan xalqı hər zaman Serbiyadan yalnız yaxşı işləri gözləyə bilər”, - fikri, sadəcə diplomatik bir ifadə deyildi. Bu, dövlət başçımızın artan beynəlxalq nüfuzunun, müdrik dövlətçilik təcrübəsinin və qlobal liderliyinin Avropanın mərkəzində açıq etirafı idi.
“Beləliklə, Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri Azərbaycan–Serbiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində möhkəmləndiyini və yeni çoxşaxəli əməkdaşlıq mərhələsinə qədəm qoyduğunu nümayiş etdirdi. Siyasi etimad, qarşılıqlı dəstək, enerji təhlükəsizliyi, investisiya layihələri və yaşıl enerji perspektivləri bu tərəfdaşlığın əsas sütunlarını təşkil edir. Bu səfərin nəticələri göstərir ki, iki ölkə arasındakı əlaqələr artıq qlobal iqtisadi-siyasi sarsıntılara qarşı dayanıqlı, özünü təmin edən və qarşılıqlı mənfəətə söykənən bir ekosistemə çevrilib.
Serbiya Prezidenti Aleksandar Vuçiçin ölkə rəhbərimizin qlobal liderliyinə verdiyi yüksək qiymət, əslində Azərbaycanın yürütdüyü balanslı və prinsipial xarici siyasətin Avropa siyasi məkanında qəbul olunmuş reallığıdır. Bu gün Bakı və Belqrad təkcə öz milli maraqlarını müdafiə etmir, həm də beynəlxalq hüququn aliliyini hər şeydən üstün tutan dövlətlərin birgə hərəkət edərək nələrə qadir olduğunu dünyaya sübut edir”, - deyə A.Məmmədov bildirib.
Deputat vurğulayıb ki, bərpaolunan enerji mənbələri və rəqəmsal iqtisadiyyat sahəsində açılan yeni üfüqlər göstərir ki, bizim əməkdaşlığımız, sadəcə bu günü deyil, gələcək nəsillərin rifahını da hədəfləyir. Azərbaycanın investisiya imkanları ilə Serbiyanın sənaye potensialının birləşməsi, Avrasiyanın mərkəzində yeni bir iqtisadi cazibə qütbü yaradır.
“Nəticə olaraq vurğulamaq lazımdır ki, bu strateji yaxınlıq təkcə iki paytaxt arasında qurulan diplomatik körpü deyil, həm də Cənubi Qafqaz və Balkan ölkələri arasında sabitliyin qarantıdır. Azərbaycan Prezidentinin bu səfəri ilə qoyulan təməllər yaxın illərdə ölkəmizin iqtisadi qüdrətinin daha da artmasına, xarici investisiya portfelimizin diversifikasiyasına və beynəlxalq arenada strateji manevr imkanlarımızın genişlənməsinə birbaşa xidmət edəcəkdir. Bu uğurlu yol həm xalqlarımızın dostluğunu əbədiləşdirir, həm də Azərbaycanın güclü dövlət, etibarlı tərəfdaş imicini daha da ucaldır”, - deyə Anar Məmmədov diqqətə çatdırıb. (AZƏRTAC)