13.03.2026, 11:54
AZ EN
13.03.2026, 10:33 27

XIII Qlobal Bakı Forumu Azərbaycanın Avrasiya məkanında strateji mərkəz rolunu bir daha nümayiş etdirdi

YAZILAR
  • XIII Qlobal Bakı Forumunda müzakirəyə çıxarılan “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusu müasir beynəlxalq münasibətlər sistemində baş verən mühüm dəyişiklikləri və yeni geosiyasi reallıqları əks etdirir. Milli Məclisin deputatı Ülvi Quliyevin sözlərinə görə, köhnə beynəlxalq qaydaların artıq əvvəlki kimi işləməməsi və yeni qaydaların formalaşmaması bəzi aktorların güc tətbiqinə üstünlük verməsinə şərait yaradır.

Deputat bildirib ki, ənənəvi olaraq Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu illər ərzində nüfuzlu beynəlxalq platformaya çevrilib. Forum müxtəlif baxışların sərgilənməsi və açıq müzakirə olunması üçün geniş imkan yaradır. Müharibələrin artıq təkcə Yaxın Şərqi deyil, Avropanı da əhatə etməsi dünya üçün ciddi təhlükə yaradır. Avrasiya və Türk dünyası üçün isə vəziyyət xüsusilə həssasdır, çünki regionda baş verən müharibələrin birində Azərbaycanın şimal, digərində isə cənub qonşusu iştirak edir.

Millət vəkilinin sözlərinə görə, geosiyasi rəqabətin açıq qarşıdurma mərhələsinə keçməsi beynəlxalq hüququn fundamental prinsiplərinə bəzi aktorların məhəl qoymaması ilə bağlıdır. Bu prosesdə beynəlxalq təşkilatların təsir imkanlarının zəifləməsi də diqqət çəkir. Köhnə qaydaların işləmədiyi, yenilərinin isə formalaşmadığı bir dövrdə bəzi dövlətlər müharibəni məqsədə çatmaq vasitəsi kimi görür.

Deputat qeyd edib ki, XIII Qlobal Bakı Forumu Azərbaycanın Avrasiya məkanında strateji mərkəz rolunu bir daha nümayiş etdirdi. Bu rol təkcə ölkənin əlverişli coğrafi mövqeyi ilə deyil, həm də müstəqil xarici siyasət kursu, eləcə də illər ərzində formalaşdırılan enerji, nəqliyyat və bağlantı infrastrukturu ilə bağlıdır. Azərbaycanın əldə etdiyi bu mövqe aparıcı beynəlxalq aktorlar və beyin mərkəzləri tərəfindən də getdikcə daha çox qəbul edilir.

O vurğulayıb ki, Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın əsasını qarşılıqlı hörmətə, faydalı əməkdaşlığa və dinc birgəyaşayış prinsiplərinə söykənən siyasət təşkil edir. Bu yanaşma regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.

Deputat həmçinin xatırladıb ki, forumdan bir gün əvvəl ölkəmizdə səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycanın Avropa üçün mühüm tərəfdaş olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və ölkənin regional əhəmiyyəti getdikcə artır.

Forum çərçivəsində aparılan müzakirələr göstərib ki, dövlətlər arasında iqtisadi əməkdaşlıq və qarşılıqlı asılılığın düzgün balanslaşdırılması münaqişələrin azalmasına kömək edə bilər. Bununla yanaşı, bir ölkənin digərindən həddindən artıq asılılığı yeni risklər yaradır. Buna görə də iqtisadi əlaqələrin və strateji tərəfdaşlıqların şaxələndirilməsi müasir dövrün əsas tələblərindən biridir.

Deputat bildirib ki, Azərbaycanın xarici siyasəti də məhz bu prinsiplərə əsaslanır. Ölkənin Avropanın enerji təhlükəsizliyində oynadığı rol və etibarlı tərəfdaş kimi formalaşan reputasiyası həyata keçirilən dövlət siyasətinin məntiqi nəticəsidir.

O, həmçinin vurğulayıb ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün 44 günlük Vətən müharibəsi və sonrakı antiterror tədbirlərini həyata keçirməyə məcbur oldu. Çünki uzun illər ərzində beynəlxalq vasitəçilik mexanizmləri real nəticə vermədi, BMT Təhlükəsizlik Şurasının qətnamələri isə kağız üzərində qaldı. Azərbaycan isə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq öz suveren hüquqlarını təmin etdi.

Deputatın sözlərinə görə, Azərbaycanın tarixi Zəfəri regionda yeni reallıq yaradaraq beynəlxalq hüququn bərpasına mühüm töhfə verdi. Bu təcrübə işğal və separatçılıqdan əziyyət çəkən digər xalqlar üçün də mühüm nümunədir.

Sonda qeyd olunub ki, müasir Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq təkcə regional deyil, qlobal əhəmiyyət daşıyır. Bu reallıq beynəlxalq hüququn qorunmasına və ədalətli dünya nizamının formalaşmasına praktiki töhfə kimi qiymətləndirilir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər