"Vətən səsi" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən keçirdiyi brifinqdə bildirib. O, deyib ki, Rusiya heç vaxt Qarabağ ermənilərini kömək və dəstəksiz qoymayıb, onların taleyinə heç vaxt biganə qalmayıb.
Bununla belə, Zaxarova vurğulayıb ki, rəsmi İrəvan Rusiyanın Qarabağ ermənilərinə humanitar dəstək göstərməsindən məmnun olmayıb. Hətta iş o yerə çatdı ki, Ermənistan hökuməti rəsmi kanallar vasitəsilə "Təşəkkür edirik, amma bəsdir", - deyə Moskvaya mesajlar göndərib.
Rusiya rəsmisi əlavə edib ki, bu dövrdə Qarabağ ermənilər üçün təxminən 140 ton yük çatdırılıb: "İndi isə Qarabağ ermənilərini dəstəkləməyə davam etməkdən imtina edirlər".
Ermənistanın Baş naziri Nikol Paşinyan da dünən keçirdiyi brifinqdə Qarabağ ermənilərindən danışıb. O, bildirib ki, 2023-cü ildə Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirləri zamanı Qarabağı könüllü olaraq tərk etmiş ermənilər Ermənistanda yaşamalı və bu ölkənin vətəndaşı olmaqdan məmnunluq duymalıdır.
Paşinyan həm Ermənistanın daxilində, həm də xaricdə Qarabağa dair revanşist əhval-ruhiyyəli fikirlərə son qoymağa çağırıb: "Kilsələrdə keçirilən dini ayinlər zamanı "artsax"ın xatırladılması müharibəyə çağırışdır və bu, Azərbaycanla sülh prosesinə mane olur. Azərbaycanla müharibə başa çatıb və buna görə heç bir "Qarabağ hərəkatı" mövcud deyil. İstənilən tribunadan "artsax respublikası" sözünü işlətmək müharibəyə aparan yol deməkdir. Yaxşı, gəlin hamımız "artsax respublikası"na istinad etməyə başlayaq, bu nə deməkdir? Bu, münaqişə deməkdir. Belə hər bir ifadə müharibəyə çağırış deməkdir: bu gün, sabah, birisi gün, ondan sonrakı gün - bilmirəm, amma bu, müharibəyə çağırış deməkdir".
Nikol Paşinyanın bu açıqlamasından cəmi bir neçə saat sonra Mariya Zaxarovanın Qarabağ ermənilərinə dəstək və humanitar yardımlardan imtina edilməsini gündəmə gətirməsi təsadüfə oxşamır. Belə görünür ki, Ermənistanın hökuməti bu məsələni kökündən həll etməklə Azərbaycanla normal qonşuluq siyasətində maraqlıdır. Rusiya isə İrəvanın müstəqil qərarlarından narazılığını gizlətmir və Mariya Zaxarovanın dili ilə Qarabağ ermənilərinə mesaj verir ki, "biz sizin arxanızdayıq, sadəcə, öz hökumətiniz dəstəyimizi davam etdirməyə imkan vermir".
Elxan SALAHOV