Politoloqun sözlərinə görə, Ermənistan hökuməti Rusiyanın müxtəlif dövlət təşkilatlarının Qarabağ ermənilərinə göndərmək istədiyi humanitar yardımdan imtina edib və bu qərar məntiqlidir. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan üçün Qarabağ erməniləri mövzusu artıq bağlanmış hesab olunur. Paşinyan iki gün əvvəl Avropa Parlamentində çıxışı zamanı da bu mövqeni açıq şəkildə ifadə edib. O bildirib ki, Qarabağ ermənilərinin böyük hissəsinə artıq Ermənistan vətəndaşlığı verilib və onların geri dönüşü siyasəti yanlış yanaşma ola bilər. Baş nazirə görə, belə bir siyasət Azərbaycanla münasibətlərin yenidən gərginləşməsinə səbəb ola bilər.
Elxan Şahinoğlu hesab edir ki, Paşinyan bu mövzuya nöqtə qoymağa çalışsa da, Kreml “humanitar yardım” adı altında Qarabağ məsələsini yenidən gündəmə gətirmək niyyətindədir. Politoloqun fikrincə, Rusiya Qarabağ ermənilərinə yardım təşəbbüsü ilə onları Ermənistanda mümkün parlament seçkiləri ərəfəsində Paşinyan hökumətinə qarşı fəallaşdırmağa çalışa bilər.
Analitik əlavə edib ki, Mariya Zaxarovanın açıqlamasına görə, Ermənistanda yaşayan Qarabağ ermənilərinin Rusiyanın humanitar yardımlarına ehtiyacı olduğu iddia edilir. Şahinoğluna görə, Kremlin bu mövzuda israr etməsi Ermənistanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər. Rəsmi İrəvan Rusiyaya yardımın lazım olmadığını bildirsə də, Moskva “Ermənistan vətəndaşlarına yardım göndərmək istəyirik” mövqeyində israr edir.
Buna baxmayaraq, politoloq qeyd edir ki, Paşinyan hökumətinin mövqeyi qətidir və Rusiyadan gələn “humanitar yardım” təşəbbüsünün qarşısı alınıb. Bu isə Ermənistan rəhbərliyinin Qarabağ məsələsinə yanaşmasında yeni mərhələnin başladığını göstərir.
Tahirə AĞAMİRZƏ