23.02.2026, 13:42
AZ EN
23.02.2026, 12:17 22

Azərbaycanın seçdiyi yol regionun gələcək rifahını sığortalayan yeganə strategiyadır

YAZILAR
  • Azərbaycanın müasir dövlətçilik tarixinə nəzər saldıqda aydın görünür ki, Prezident İlham Əliyev tərəfindən yürüdülən xarici siyasət kursu, sadəcə milli maraqların qorunması ilə məhdudlaşmır, həm də bəşəri sülh dəyərlərinin qlobal miqyasda təşviqinə xidmət edir. Bakının sülh çağırışları heç vaxt mücərrəd deklarasiya xarakteri daşımayıb. Əksinə bu çağırışlar hər zaman ədalətli nizamın, beynəlxalq hüququn aliliyinin və qarşılıqlı hörmətin praktiki tətbiqinə əsaslanıb. Ölkəmiz regional münaqişələrin həllində "qalib tərəf sülhün memarı olmalıdır" fəlsəfəsini dünyaya diktə edərək, hərbi zəfəri diplomatiya masasında davamlı sabitliyə çevirməyi bacaran nadir dövlətlərdən birinə çevrilib.

Bu sözləri açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli söyləyib.

O qeyd edib ki, Azərbaycan onilliklər ərzində beynəlxalq birliyin laqeydliyi, "ikili standartlar"ın soyuq divarları və "dondurulmuş münaqişə" stereotipləri ilə təkbaşına mübarizə aparıb. Bu çətin yolda ən böyük süni maneələrdən biri, status-kvonu qorumağa xidmət edən ATƏT-in Minsk qrupu kimi səmərəsiz institutlar idi. Lakin Prezident İlham Əliyevin uzaqgörən strateji həmlələri, Azərbaycanın öz gücü ilə ərazi bütövlüyünü bərpa etməsi Cənubi Qafqazda geridönməz bir geosiyasi reallıq yaratdı. Bu gün dünya paytaxtları sülhü kənar diktələr deyil, məhz Azərbaycanın müəyyən etdiyi ədalətli çərçivələr daxilində müzakirə edir. Vaşinqton zirvəsi illərlə çəkilən zəhmətin, prinsipial mövqeyin və keçilməz görünən siyasi "sərhədlərin" aşılmasının məntiqi və layiqli nəticəsidir.

“Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclası dünya siyasətinə yeni bir dinamika gətirdi. Bütün dünyanın diqqətinin Ağ Evə yönəldiyi həmin gün Azərbaycan Prezidentinin müzakirələrin mərkəzi fiquru kimi qəbul edilməsi Vaşinqtonun Bakıya verdiyi strateji önəmi və etimadı növbəti dəfə təsdiqlədi. Görüş zamanı ABŞ Prezidenti Donald Trampın Azərbaycan Liderinə qarşı nümayiş etdirdiyi xüsusi rəğbət və səmimi münasibət təkcə şəxsi dostluğun deyil, həm də güclü liderliyə verilən dəyərin təzahürü idi.

Donald Trampın Azərbaycan dövlət başçısını güclü bir lider kimi xarakterizə etməsi, onun 30 illik düyünü cəsarətlə açmaq bacarığına verilən yüksək qiymətdir. Trampın bütün iştirakçıların hüzurunda dediyi bu sözlər: "Orada sonda əyləşən cənabı (İlham Əliyevi) görürük. O gülümsəyir... Otuz il müharibə gedib və biz onun öhdəsindən gəldik. Sizə çox minnətdaram, əla iş gördünüz", — əslində beynəlxalq birliyin illərlə edə bilmədiyini təkbaşına reallaşdıran liderə olan heyranlığın ifadəsi idi. Bu çıxış Azərbaycanın regional gücünə və sarsılmaz dövlət iradəsinə verilən qlobal bir qiymətdir”, - deyə Ə.Ələkbərli vurğulayıb.

Deputat əlavə edib ki, köhnə təhlükəsizlik sistemlərinin iflas etdiyi və böyük güclərin qarşıdurmasının pik həddə çatdığı indiki turbulent dövrdə Azərbaycanın tutduğu yol əsl siyasi məharət nümunəsidir. Planetin bir çox nöqtəsində xaosa, proksi müharibələrə və iqtisadi tənəzzülə şahidlik etdiyimiz bir vaxtda Azərbaycan bu fırtınalı okeanda "sabitlik adası" və "təhlükəsiz liman" kimi ucalır. Bu möhkəmlik təsadüfi deyil; o, illər boyu səbirlə inşa edilən, milli maraqlara söykənən balanslaşdırılmış və "milli suverenlik" mərkəzli siyasətin qaçılmaz bəhrəsidir.

O deyib: “Prezident İlham Əliyev Azərbaycanı elə bir strateji zirvəyə yüksəldib ki, ölkəmiz artıq sadəcə prosesləri izləyən deyil, masada gündəliyi müəyyən edən əsas aktordur. 2026-cı ilin Vaşinqton sülh gündəmi bir daha təsdiqlədi ki, Avrasiyanın mühüm qovşağında Azərbaycanın razılığı və rəyi olmadan heç bir strateji layihə və ya sülh arxitekturası qurula bilməz. Daxili sabitlik, xalq-iqtidar birliyi və uğurlu sülh diplomatiyası Azərbaycanı həm də cəlbedici bir cazibə mərkəzinə çevirib. Vaşinqtondakı tarixi anlar bir daha sübut etdi ki, Azərbaycanın seçdiyi yol təkcə dövlətimizin deyil, bütövlükdə regionun gələcək rifahını sığortalayan yeganə strategiyadır”. (AZƏRTAC)

Oxşar xəbərlər