02.02.2026, 13:16
AZ EN
02.02.2026, 11:25 27

Zəngəzur dəhlizi layihəsi çoxşaxəli geoiqtisadi platformaya çevrilir

YAZILAR
  • Müasir dövrdə enerji infrastrukturu dövlətlərin yalnız iqtisadi inkişaf göstəricisi kimi yox, siyasi iradəsinin, strateji düşüncə qabiliyyətinin və beynəlxalq sistemdə tutduğu mövqenin əsas ifadə vasitələrindən biri kimi çıxış edir. Bu reallığı düzgün qiymətləndirən və onu dövlət siyasətinin mərkəzinə çevirən ölkələr regional və qlobal proseslərdə təşəbbüskar mövqeyə yüksəlir. Məhz bu baxımdan “Zəngəzur” elektrik ötürmə xəttinin tikintisinə başlanılması Prezident İlham Əliyevin uzunmüddətli strateji baxışının, sistemli enerji siyasətinin və ardıcıl dövlətçilik xəttinin növbəti parlaq təzahürü kimi dəyərləndirilməlidir. Bu layihə Azərbaycanın postmünaqişə dövründə əldə etdiyi siyasi və hərbi uğurların iqtisadi və enerji infrastrukturu müstəvisində möhkəmləndirilməsinə xidmət edir və dövlətin gələcək onilliklər üçün mövqelərini təmin edən fundamental əsaslar yaradır.

Bu sözləri açıqlamasında beynəlxalq hüquq üzrə ekspert Kəramət Qənbərov söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan enerji strategiyası hər zaman bir neçə əsas prinsip üzərində qurulub: milli maraqların prioritetliyi, uzunmüddətli planlaşdırma, regional inteqrasiya və qlobal enerji bazarlarında etibarlı tərəfdaş imici. Zəngəzur elektrik ötürmə xətti bu strategiyanın məntiqi davamı və yeni mərhələsidir. Naxçıvan Muxtar Respublikasının Azərbaycanın vahid enerji sisteminə birbaşa inteqrasiyası Prezidentin dövlət suverenliyinə yanaşmasının praktiki ifadəsidir. Bu addım təkcə texniki məsələ kimi yox, ərazi bütövlüyünün enerji müstəvisində tamamlanması, dövlət idarəçiliyinin institusional gücləndirilməsi və milli təhlükəsizlik konsepsiyasının dərinləşdirilməsi kimi qiymətləndirilməlidir.

Naxçıvan amili: strateji qərar və siyasi iradə

“Uzun illər mürəkkəb geosiyasi şəraitdə yerləşən Naxçıvan üçün enerji təhlükəsizliyi xüsusi həssaslıq daşıyıb. Prezident İlham Əliyevin siyasi iradəsi və prinsipial mövqeyi nəticəsində bu məsələ köklü şəkildə həll mərhələsinə keçib. Zəngəzur elektrik ötürmə xətti Naxçıvanın enerji balansını sabitləşdirir, tezlik tənzimlənməsini mərkəzləşdirilmiş sistemə bağlayır və muxtar respublikanın enerji təhlükəsizliyini tam təmin edən mexanizmlər yaradır. Bu qərar göstərir ki, Prezident İlham Əliyev üçün regionların inkişafı deklarativ yanaşma yox, konkret layihələr və real nəticələrlə ölçülən dövlət siyasətidir.

Qlobal enerji sistemində baş verən transformasiyalar fonunda Prezident İlham Əliyev Azərbaycanın rolunu yalnız resurs ixracatçısı səviyyəsində saxlamayıb. Onun siyasi iradəsi nəticəsində Azərbaycan enerji dəhlizləri yaradan, marşrutlar müəyyən edən və regional enerji arxitekturasına təsir göstərən aparıcı aktora çevrilib. Cənub Qaz Dəhlizi ilə formalaşan bu xətt artıq elektrik enerjisi istiqamətində də davam etdirilir. Zəngəzur elektrik ötürmə xətti qazdan sonra elektrik enerjisi sahəsində də Azərbaycanın Avropa enerji təhlükəsizliyinə verdiyi töhfəni genişləndirir və ölkənin beynəlxalq etibarlılıq statusunu daha da möhkəmləndirir. Elektrik ötürmə xəttinin məhz Zəngəzur dəhlizi üzərindən keçirilməsi də Prezidentin regional planlaşdırma fəlsəfəsini aydın şəkildə əks etdirir.

Bu yanaşma enerji, nəqliyyat və logistika layihələrinin ayrı-ayrılıqda yox, vahid strateji xətt üzrə inkişaf etdirilməsini nəzərdə tutur. Beləliklə, Zəngəzur dəhlizi təkcə tranzit marşrutu kimi çıxış etmir, eyni zamanda, çoxşaxəli geoiqtisadi platformaya çevrilir. Bu platforma Azərbaycanın regional liderliyini real infrastruktur vasitəsilə möhkəmləndirir və ölkənin təşəbbüskar mövqeyini institusional səviyyəyə yüksəldir”, - deyə K. Qənbərov vurğulayıb.

Texniki miqyas və siyasi nəticələr

Ekspert əlavə edib ki, 330 kV-luq, 1000 MVt ötürmə gücünə malik iki dövrəli xəttin inşası, əlavə 44 kilometrlik Zəngəzur seqmenti, Naxçıvanda 400 kV-luq yarımstansiyanın qurulması və Türkiyə istiqamətində enerji ötürülməsi Prezident İlham Əliyevin strateji qərarlarının texniki müstəvidə həyata keçirilməsinin göstəricisidir. Bu infrastruktur Azərbaycanın enerji sistemini Türkiyə və Avropa enerji şəbəkələri ilə uyğunlaşdırır, regional enerji təhlükəsizliyində ölkənin rolunu gücləndirir, uzunmüddətli siyasi sabitlik üçün etibarlı baza yaradır və Azərbaycanın geosiyasi çəkisini enerji vasitəsilə artırır. Azərbaycan bu layihə vasitəsilə regional proseslərdə yönverici mövqeyini daha da möhkəmləndirir və Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi çıxış edir. Bu layihə enerji təhlükəsizliyini milli təhlükəsizlik anlayışı ilə uzlaşdırır, iqtisadi maraqları siyasi hədəflərlə birləşdirir və Azərbaycanın regional liderliyini uzunmüddətli əsaslar üzərində möhkəmləndirir. Bu baxımdan “Zəngəzur” elektrik ötürmə xətti Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı strateji uğurların enerji infrastrukturu üzərindən ifadə olunan parlaq nümunəsi kimi çıxış edir. (AZƏRTAC)

Oxşar xəbərlər