Bunu açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı deyib.
Bu gün Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq dövrünün hökm sürdüyünü bildirən deputat deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin Davosda “Euronews” televiziyasına müsahibəsində bildirdiyi kimi, bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Bu gün ölkəmizin əsas məqsədi regionda əbədi sülhün bərqərar olmasıdır. Bu, bölgənin davamlı inkişafı üçün olduqca vacibdir. Azərbaycan Prezidentinin nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi dövlətimizin başçısının sülhün və sabitliyin əldə olunması istiqamətindəki səylərinə beynəlxalq birliyin verdiyi yüksək qiymətin təzahürüdür.
Mircəlil Qasımlı qeyd edib ki, regionda sülhün müəllifi olan Azərbaycan qonşu ölkələrdə də sabitliyin hökm sürməsini istəyir. Çünki əməkdaşlıq, inkişaf və tərəqqi üçün əlverişli mühit məhz sülh və sabitlik şəraitində formalaşır.
Azərbaycan Prezidentinin Davos səfərinin mühüm tarixi hadisələrlə yadda qaldığını söyləyən deputat bildirib ki, dövlətimizin başçısının dövlət və hökumət başçıları, qlobal şirkətlərin rəhbərləri ilə apardığı müzakirələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu və etibarlı tərəfdaş imicinin daha bir göstəricisidir. Bu xüsusda, “BlackRock”, “Brookfield Asset Management”, “J.P. Morgan” kimi nüfuzlu şirkətlərin rəhbərləri ilə aparılan müzakirələri xüsusi vurğulamaq istərdim.
“Azərbaycan Prezidentinin ABŞ Prezidenti Donald Tramp ilə görüşü dünyanın ən aparıcı ölkəsi ilə əlaqələrimizin uğurlu inkişafının göstəricisi olmaqla yanaşı, dövlətimizin başçısına dünya liderlərinin hörmət və ehtiramının təzahürüdür. Təbii ki, Azərbaycan ilə ABŞ arasında yüksəksəviyyəli siyasi dialoq iki ölkənin əlaqələrinin inkişafına, əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verəcək”, - deyə Mircəlil Qasımlı vurğulayıb.
Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın qlobal səviyyəli siyasi təşəbbüslərdə fəal iştirakının ölkəmizin beynəlxalq nüfuzunun və möhkəmlənən mövqeyinin təzahürü olduğunu söyləyən deputat bildirib ki, ABŞ Prezidentinin şəxsən Azərbaycanı Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulmağa dəvət etməsi, dövlətimizin başçısının Davosda Şuranın Nizamnamə sənədinin imzalanma mərasimində iştirakı Azərbaycanın beynəlxalq sülh gündəliyinin formalaşmasında fəal aktor kimi çıxış etdiyinin göstəricisidir. (AZƏRTAC)