15.01.2026, 00:16
AZ EN
14.01.2026, 12:41 202

Yeni Dövlət Proqramı sosial rifahın yüksəldilməsinə və su təhlükəsizliyinin təmininə xidmət edir

YAZILAR
  • Azərbaycan dövləti sosial rifahın artırılması, infrastrukturun müasirləşdirilməsi və strateji resursların - xüsusilə də su ehtiyatlarının səmərəli idarə olunması istiqamətində sistemli və ardıcıl siyasət həyata keçirir. Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il yanvarın 12-də keçirilən müşavirə bu siyasətin davamlılığını və yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Müşavirədə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illəri əhatə edən yeni Dövlət Proqramının icrası məsələləri geniş müzakirə olundu.

Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib ki, su təsərrüfatı sahəsində həyata keçirilən işlər təkcə kommunal xidmətlərin yaxşılaşdırılması deyil, həm də əhalinin həyat keyfiyyətinin yüksəldilməsi, şəhər mühitinin sağlamlaşdırılması və dayanıqlı inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Su və kanalizasiya sistemlərinin yenilənməsi ilə bağlı həyata keçirilən layihələr Azərbaycanın sosial inkişaf modelinin əsas dayaqlarından birinə çevrilib.

Deputat qeyd edib ki, son 20 ildə ölkədə aparılan genişmiqyaslı infrastruktur islahatları sayəsində qazlaşma səviyyəsi 96 faizə çatdırılıb. Bu nəticə yalnız sosial göstərici deyil, eyni zamanda Azərbaycanın enerji müstəqilliyinin bariz nümunəsidir. Qaz idxal edən ölkədən enerji ixrac edən tərəfdaşa çevrilmək strateji uğurun göstəricisidir. Su təsərrüfatında da analoji yanaşma tətbiq olunub - “Taxtakörpü”, “Şəmkirçay”, “Ceyranbatan” kimi iri layihələr vaxtında həyata keçirilməsəydi, bu gün ölkənin su təminatı ciddi risk altında olardı.

Prezident İlham Əliyevin müşavirədə çıxışı göstərdi ki, dövlətin məqsədi təkcə mövcud problemləri həll etmək deyil, eyni zamanda gələcək çağırışlara hazırlıqlı olmaqdır. Su mənbələrinin qorunması, anbarların potensialının artırılması, müasir uçot və idarəetmə sistemlərinin qurulması, mövsümi suların toplanaraq ilboyu istifadəsi - bütün bunlar iqlim dəyişiklikləri fonunda strateji məsələyə çevrilib.

Beləliklə, Bakı və Abşeron üzrə yeni Dövlət Proqramı təkcə sosial rifaha deyil, həm də iqtisadi inkişaf, ekoloji tarazlıq və milli təhlükəsizlik sahələrində sabitliyin möhkəmləndirilməsinə xidmət edən uzaqgörən dövlət siyasətinin təzahürüdür.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR