15.01.2026, 00:17
AZ EN
13.01.2026, 09:33 204

İçməli su təminatı: Qlobal çağırışlar və Azərbaycanın hədəfləri

YAZILAR
  • Bakıda su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunmuş müşavirədə çıxış edən Prezident İlham Əliyev təkcə ölkəmizdə deyil, dünyada da içməli suya çıxışla bağlı mövcud problemlərə diqqət çəkdi. Qlobal iqlim dəyişiklikləri fonunda içməli su qıtlığı dünya üzrə ən aktual çağırışlardan birinə çevrilib.

Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, Yer kürəsinin səthinin 71 faizi su ilə örtülü olsa da, bunun yalnız 2.5 faizi içməli sudur və insanların asan əlçatanlığı olan hissə cəmi 0.3 faiz təşkil edir. BMT-nin məlumatına görə, bu gün 2.2 milyard insan fasiləsiz su təchizatı ilə bağlı çətinliklə üzləşir, 703 milyon nəfərin isə suya çıxışı çox məhduddur.

Daha acınacaqlı göstəricilərdən biri də odur ki, hər gün 5 yaşdan aşağı 1000-dən çox uşaq təmiz su, sanitariya və gigiyena çatışmazlığı səbəbilə həyatını itirir. Proqnozlara görə, 2030-cu ilədək suya tələbat 40 faiz artacaq.

Azərbaycan bu çətinliklər fonunda su təchizatında müsbət göstəricilərə nail olub: ölkə əhalisinin 70 faizi fasiləsiz içməli su ilə təmin olunur. Lakin problemin əsas istiqamətlərindən biri su itkiləri ilə bağlıdır. Hazırda ölkədə su itkisi 45 faizə yaxındır.

Deputat qeyd edib ki, müqayisə üçün, bu göstərici Niderlandda 4, Danimarkada 6, Yaponiyada 7 faizdir. Ən yüksək su itkisi Hindistan, Əlcəzair və Meksikada (50%) müşahidə olunur.

Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkədə su itkilərinin azaldılması istiqamətində icra edilən Dövlət Proqramı bu sahədə ciddi irəliləyişə səbəb olacaq. Məqsəd itkiləri minimuma endirərək, daha geniş əhali təbəqəsini fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etməkdir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR