15.01.2026, 02:01
AZ EN
09.01.2026, 09:43 181

Azərbaycanın Yaşıl Enerji Strategiyası: Gələcəyə Açılan Təmiz Enerji Yolu

YAZILAR
  • Son illər ərzində Azərbaycan enerji sektorunda təkcə neft və qaz resurslarına deyil, həm də bərpaolunan enerji mənbələrinə əsaslanan strateji inkişaf xəttini ardıcıl və məqsədyönlü şəkildə davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət ölkənin enerji təhlükəsizliyini, ixrac imkanlarını və ekoloji sabitliyini gücləndirməyə xidmət edir.

Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən inşa edilən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın bərpaolunan enerji potensialının çox yüksək olduğunu vurğulayıb.

Millət vəkili Vüqar Bayramov da qeyd edib ki, təkcə külək enerjisi potensialı 150 giqavattdan artıqdır və ölkənin ümumi yaşıl enerji potensialı 27 min MVt-a bərabərdir. Bu gücün 23 mini günəş enerjisinin payına düşür.

Deputatın sözlərinə görə, son illərdə yaşıl enerji sahəsinə 1 milyard ABŞ dollarından çox investisiya yönəldilib. Bu vəsait təkcə daxildə deyil, regionda da enerji effektivliyinin və davamlılığın artırılmasına töhfə verir. Müqayisəli rəqəmlər göstərir ki, Azərbaycan yaşıl enerji və enerji effektivliyi baxımından regionda lider mövqedədir.

İllik 13 milyard kubmetr daxili qaz istehlakı olan Azərbaycanda alternativ enerjidən istifadə iqtisadi baxımdan da çox önəmlidir. Yeni yaşıl enerji istehsal gücləri istifadəyə verildikcə, 2030-cu ilədək 1,2 milyard kubmetr təbii qaza qənaət edilə bilər. Əhalinin ümumi qaz istehlakının 5 milyard kubmetrə yaxın olduğunu nəzərə alsaq, istilik sistemlərində yaşıl enerjidən istifadə daha az qaz sərfiyyatı deməkdir. Bu isə ölkəyə əlavə valyuta daxilolması və qaz ixracının artırılması deməkdir.

Beləliklə, alternativ enerjiyə keçid Azərbaycanda yalnız ekologiya və iqlim dəyişikliklərinə cavab deyil, eyni zamanda yaşıl iqtisadiyyatın gücləndirilməsi və milli enerji siyasətinin modernləşdirilməsi istiqamətində atılan ciddi addımdır. Azərbaycanın bu sahədə uğurlu strategiyası regionda nümunəvi model kimi çıxış edir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR