Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib ki, “YAP Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır”.
Deputat əlavə edib ki, xalqın son dərəcə ağır və keşməkeşli günlərində, dövlətçiliyimizin ciddi sınaqlara məruz qaldığı, ölkənin vətəndaş müharibəsinin bir addımlığında durduğu bir dövrdə Azərbaycanın taleyini düşünən bir qrup ziyalı ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri, dünya miqyaslı peşəkar siyasətçi Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
O vurğulayıb ki, əgər 1990-cı illərin əvvəllərində bu addım atılmasaydı, Azərbaycanın gələcəyi sual altında ola bilərdi. YAP-ın yaranması həm də müstəqil dövlətçiliyimizin siyasi dayaqlarının formalaşmasına zəmin yaratdı.
Deputat qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında olan misilsiz xidmətlərindən biri də məhz Yeni Azərbaycan Partiyasına rəhbərliyi ilk gündən öz əllərinə götürərək bu partiyanı qısa müddət ərzində müxalifət mövqelərindən iqtidar mövqelərinə daşıması olmuşdur.
Millət vəkili YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmiş partiyanın yeni Proqramının effektivliyini vurğulayaraq deyib: “YAP-ın beş fəsildən ibarət olan yeni Proqramında partiyanın siyasi dəyərlər və prinsiplər sistemini xarakterizə edən 10 əsas strateji istiqamət müəyyən olunub. İlk növbədə, yeni Proqramda Heydər Əliyev siyasi-ideoloji xəttinin partiyanın alternativsiz inkişaf yolu olduğu bir daha təsdiq edilib. Həmçinin ölkənin ümumi inkişaf konsepsiyasının əsasları kimi müstəqillik, Azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, siyasi varislik və təkamül prinsipləri qeyd olunub. Eləcə də hüquqi-demokratik cəmiyyətin qurulması istiqamətində konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyətin və demokratik ənənələrin inkişafı mütləq prioritetlər kimi müəyyən edilib. Qeyd olunmalıdır ki, YAP-ın strateji hədəflərindən olan “Ordu quruculuğu” və “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” konsepsiyaları bu gün ölkəmizdə və ümumilikdə Cənubi Qafqazda formalaşmış yeni reallıqların və gedən proseslərin fonunda öz aktuallıqlarını getdikcə artırırlar. 2003-cü ildən etibarən Yeni Azərbaycan Partiyasının inkişaf kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə uğurla davam etdirilir. Bunun nəticəsində, qısa müddət ərzində YAP Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. Ölkəmizin ərazi bütövlüyü bərpa olunduqdan sonra ilk dəfə, 2021-ci il martın 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayı təkcə partiyamız üçün deyil, həm də bütün ölkə üçün əlamətdar və son dərəcə önəmli ictimai-siyasi hadisə oldu. Ulu Öndər Heydər Əliyev öz siyasi vəsiyyətində demişdi ki, bizim başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq. Dövlət başçımızın dediyi kimi, bu işlərin arasında ən vacibi sözsüz ki, Qarabağ probleminin həlli idi. Buna görə də Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu problemi bütün işlərin mərkəzinə qoydu. Azərbaycan 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə 30 illik işğala son qoydu. 2023-cü il sentyabrın 19-da ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bu gün işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış”ın, eləcə də ölkənin təhlükəsizliyinin təmin olunması məqsədilə güclü ordu quruculuğu işinin davam etdirilməsi Yeni Azərbaycan Partiyasının da fəaliyyətinin prioritet istiqamətlərindən biridir".
Tahirə AĞAMİRZƏ