21.11.2024, 20:26
AZ EN
17.10.2022, 17:20 482

Paşinyan hər yerdə diqqətdən kənarda qalır

YAZILAR

“Hraparak” qəzetinin onlayn variantında oktyabrın 17-də dərc olunmuş “Svoy sredi çujix, çujoy sredi svoix”  (yadların yanında özününkü, özününkülərin yanında yad-red.) başlıqlı məqalədə müəllif Qaqik Vartanyan MDB ölkələri dövlət başçılarını bu günlərdə Astanada keçirilmiş görüşü barədə yazıb. O, Paşinyanın bu tədbirdə də çox misgin görkəmdə olduğunu vurğulayaraq qeyd edib ki, Makronla görüşlər  digər görüşlərdən tam fərqli olur. Fransa prezidenti N.Paşinyanı gülərüzlə qarşılayır və onun jestlərindən görünür ki, Ermənistana və Ermənistanın dövlət başçısına hörmət edir. Məqalə müəllifi yüzillər öncə də fransızların ermənilərlə  xoş münasibətdə olduqlarını xatırladır və bundan sonra da belə olacağına ümid bəslədiyin bildirir. MDB başçılarının Paşinyanı ciddi qəbul etməməsi və onunla adi insani təmasdan yayınmaları da məqalə müəllifinin diqqətindən qaçmayıb. O, Yazır: “Lukaşenko və Putin “25 saat” ya telefonla danışır, ya da tez-tez görüşürlər... İclas başlayanadək Putin düz yanında dayanmış Ermənistan rəhbəri ilə bir kəlmə də danışmadı. Paşinyan nə edib, nə etməyib bu, bir yana qalsın, amma o, Rusiya Federasiyasının müttəfiqi olan dövlətin rəhbəridir.... Paşinyanın yazıq görkəmi təkcə onu dəstəkləyənlərin deyil, həm də əleyhinə olan ermənilərin  də xoşuna gəlmir. Paşinyan təkcə adi insan deyil, o dövlət rəhbəridir. Ona göstərilən münasibət Ermənistana göstərilən ikinci, üçüncü dərəcəli münasibətin təzahürüdür ”.

Erməni müəllif məqaləsində Türkiyəni də yaddan çıxartmır. Yazır ki, indi Türkiyə həm yadların, həm də özününkülərin yanında əzizdir, doğmadır. Rusiya isə Ermənistandakı ağır vəziyyətdən “narahat” olduğunu dəfələrlə bildirsə də hərəkətlərində doğmalıq görünmür. Türkiyənin daim qardaş Azərbaycanın yanında olduğuna həsəd apardığını üstüörtülü olsa da bildirən müəllif Ermənistanın digərləri tərəfindən sayılmamasını Paşinyanın deyil, dövlətin gələcəyinin heç də yaxşı olmayacağını sübut etdiyini bildirir. Paşinyanın Astanadakı çıxışını hazır kağızdan orta məktəb şagirdi də aramla oxuyar”,-deyə mənfi dəyərləndirən müəllif Azərbaycan Prezidenti İlham Əliyevin təkcə siyasi, elmi savadını deyil, digər xüsusiyyətlərini də paxıllıqla da olsa qeyd edir. Yazır ki, idmançı bədən quruluşuna malik Əliyevin yanında Paşinyan çox cılız və zəif görünür. Məqalənin sonunda Paşinyan istefa verərsə, onun yerinə gələn adamın da məhz miskin görkəmli olacağını bildirən müəllif bu qənaətə məhz Ermənistanın dövlət kimi çox zəif olması ilə gəldiyini bildirir.

 

N.QARAMANLI

Oxşar xəbərlər