Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı söyləyib.
1990-cı illərin əvvəllərində Azərbaycanın dövlətçilik tarixinin dönüş mərhələsini yaşadığını söyləyən deputat qeyd edib ki, SSRİ-nin süqutundan sonra gec də olsa müstəqilliyini bərpa edən Azərbaycan beynəlxalq hüququn subyekti olaraq formalaşma yoluna qədəm qoydu. Lakin siyasi sabitliyin olmaması, hakimiyyət böhranları, institusional zəiflik, özbaşınalıq ölkədə olduqca ağır vəziyyətə səbəb olmuşdu. Hakimiyyətdə olanların səriştəsizliyi, qeyri-sabit siyasi sistem, şəxsi ambisiyaların milli maraqlardan üstün tutulması və silahlı qruplaşmaların təsiri ölkəni daxili siyasi parçalanma təhlükəsi ilə üz-üzə qoyurdu. Ermənistanın hərbi təcavüzü isə vəziyyəti daha da ağırlaşdırırdı.
“Hər zaman müdrik qərarları ilə öz taleyinə sahib çıxan Azərbaycan xalqı bu dəfə də iradəsini nümayiş etdirdi. 1992-ci il oktyabrında ölkəmiz üçün olduqca taleyüklü dövrdə 91 nəfər tanınmış Azərbaycan ziyalısı mürəkkəb və böhranlı vəziyyətdən çıxış yolu olaraq Ümummilli Lider Heydər Əliyevə müraciət etdi. Tarixə “91-lərin müraciəti” kimi düşən bu çağırış dövlətçiliyimizin qorunmasına, müstəqilliyin yenidən itirilməsinin qarşısının alınmasına hesablanmış addım idi”, - deyə M.Qasımlı vurğulayıb.
O qeyd edib ki, 1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkilərində Azərbaycan xalqı səs çoxluğu ilə öz seçimini edərək Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Beləliklə, qurtuluşa, inkişafa, tərəqqiyə aparan yolun, bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.
Milli Məclisin deputatı bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirildi. Qeyri-qanuni silahlı birləşmələrin fəaliyyətinə son qoyuldu, anarxiya və xaos meyillərinin qarşısı alındı. Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas edildi, cəmiyyətin sosial-siyasi həyatında hüquqi dövlət prinsiplərinə əsaslanan sabitlik bərqərar edildi. Bu da ölkənin sosial-iqtisadi inkişaf trayektoriyasının müəyyənləşdirilməsində həlledici faktor rolunu oynadı.
Ümummilli Liderin müəyyənləşdirdiyi inkişaf konsepsiyasının əsas istiqamətlərindən birini də enerji strategiyasının təşkil etdiyini söyləyən Mircəlil Qasımlı deyib: “Məhz Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycanı müasir, güclü, davamlı iqtisadi inkişafa malik dövlətə çevirmək üçün gələcək siyasi-iqtisadi islahatların əsasını təşkil edən enerji strategiyası müəyyənləşdirildi. Bu strategiyanın təməlində enerji resurslarımızın xalqımızın uzunmüddətli tərəqqisinə xidmət göstərməsini təmin etmək prinsipi dayanırdı”.
Deputat qeyd edib ki, Ümummilli Liderin müdrikliyi, yüksək idarəçilik bacarığı, uzaqgörənliklə müəyyənləşdirdiyi siyasi xətt Azərbaycanı dərin böhrandan çıxararaq qalib və qüdrətli ölkəyə çevirdi.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğunlaşdırılmaqla uğurla davam etdirildiyini söyləyən deputat son 22 il ərzində dövlət müstəqilliyimizin möhkəmləndirildiyini, Azərbaycanın beynəlxalq imicinin yüksəldildiyini, sosial-iqtisadi tərəqqiyə nail olunduğunu vurğulayıb.
Deputat qeyd edib ki, müasir qüdrətli Azərbaycanın inkişafı Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun məntiqi davamıdır. Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasət, iqtisadi diversifikasiya, güclü ordu quruculuğu və enerji təhlükəsizliyi sahəsində atılan addımlar Ümummilli Liderin strateji irsini yeni tarixi reallıqlara uyğunlaşdıraraq daha da zənginləşdirib. Ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası, Azərbaycanın regional və qlobal miqyasda siyasi çəkisinin artması, həmçinin beynəlxalq enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsi Ümummilli Liderin siyasi xəttinin səmərəli nəticələr verən davamlı inkişaf modelinə çevrildiyini nümayiş etdirir.
“Ulu Öndərin müdrik və ölçülüb-biçilmiş qərarları, qətiyyətli mövqeyi, sarsılmaz siyasi iradəsi, dərin intellektual potensialı və fenomenal siyasi irsi dövlətçilik tariximizdə dərin iz qoyub”, - deyə Mircəlil Qasımlı vurğulayıb. (AZƏRTAC)