14.09.2025, 09:19
AZ EN
01.09.2025, 10:25 327

Vaşinqton razılaşması Ermənistan-Pakistan, Ermənistan-Türkiyə arasında əlaqələrin qurulmasına imkan yaradır

YAZILAR
  • "Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Pakistanın XİN rəhbəri İshaq Dar arasında görüş baş tutub.

Bu görüş barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb və qeyd edib ki, tərəflər diplomatik münasibətlər qurmaq barədə qərar qəbul ediblər".

Bunu açıqlamasında politoloq Samir Hümbətov deyib.

O, bildirib ki, Ermənistan XİN-in paylaşdığı press-relizdə qeyd edilən məsələlər sırasında mənim diqqətimi daha çox bu cümlə cəlb etdi ki, "Həmsöhbətlər Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulması qərarını məmnunluqla qeyd ediblər və ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər", həmçinin, regional hadisələrə toxunan Ararat Mirzoyan Ermənistanın Cənubi Qafqazda sabit sülhün bərqərar olması istiqamətində səylərini təqdim edib və bu kontekstdə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olduğunu vurğulayıb: "Bura qədər verilən məlumatlar demək olar ki, diplomatiyada standart formada işlədilən cümlələr sırasına daxildir. Əlbəttə ki, işin detallarına baxdıqda mövzunun nədən ibarət olduğunu görmək olar".

Təbii ki, burada bir neçə sual ortaya çıxa bilir. Niyə məhz indi Pakistan Ermənistanla münasibətlər qurmağa razılıq verdi? Tərəflərin imzaladığı 4 bəndlik anlaşmada nələr qeyd edilib? Bu anlaşma nə qədər reallaşa bilər? Tərəflər arasında münasibətlərin qurulmasına mane olacaq tərəflər varmı?

Politoloq vurğulayıb ki, əlbəttə bütün bu və digər suallar tərəflər arasında uzunmüddətli əlaqələrin olmaması üçün əsas kimi qəbul edilə bilər:

"Öncə qeyd etmək olar ki, Pakistanın bu günə kimi Ermənistanı dövlət kimi tanımamasının ən başlıca səbəbi kimi Azərbaycan ərazilərinin işğalı və tərəflər arasında mövcud olmuş münaqişə hesab edilirdi.

8 Avqust 2025-ci ildə Vaşinqtonda reallaşan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması buzların əriməsinə və münasibətlərin qurulması üçün səbəb hesab oluna bilər. Son günlər Türkiyənin də Ermənistanla diplomatik əlaqələri quracağı ilə bağlı açıqlamalarını eşitməkdəyik.

Baş verən son proseslərdən belə qənaətə gəlmək olar ki, 8 Avqust 2025-ci il Vaşinqton anlaşması təkcə Ermənistan-Azərbaycan arasında deyil, eyni zamanda Ermənistan-Pakistan, Ermənistan-Türkiyə arasında əlaqələrin qurulmasına imkan yaratmış olur.

Əlbəttə ki, baş verən bu proseslər bəzi ölkələrin, xüsusilə də Hindistan, Yunanıstan və Fransa kimi ölkələrin arzu etmədiyi proseslərin getməsi qəbul edilsə də, dəyişən yeni dünya nizamında artıq tərəflər istənilən halda öz maraqlarını düşünməyə məcburdurlar".

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər