02.08.2025, 21:56
AZ EN
02.08.2025, 16:25 91

Hulusi Kılıç: Azərbaycan qazının tədarükü Suriya xalqı üçün tarixi bir hadisədir

YAZILAR
  • Azərbaycan qazının Suriyaya tədarükünün başlanması bütün region üçün əlamətdar hadisədir. Bu, həmçinin Suriya xalqı üçün tarixi bir gündür. Bakı əməldə nümayiş etdirdi ki, “əsl dost dar gündə tanınır”.

Bu fikri Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) İdarə Heyətinin üzvü Hulusi Kılıç ifadə edib.

Onun sözlərinə görə, Azərbaycanın Yaxın Şərqdəki uğurlu xarici siyasəti də Prezident İlham Əliyevin düşünülmüş qərarlarına əsaslanır. Sabiq səfir Antalyada keçirilən IV Diplomatiya Forumu çərçivəsində Azərbaycan və Suriya liderlərinin aprel görüşünü xatırladıb; məhz bundan sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Dəməşqə səfər edib, burada münaqişədən sonra ölkənin bərpası prosesində Suriya hakimiyyətinin problemləri və ehtiyacları ilə tanış olub.

TADİV İdarə Heyətinin üzvü Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraanın iyul ayında Azərbaycana səfərini Azərbaycan-Suriya münasibətləri üçün xüsusilə əlamətdar hadisə adlandırıb, əlavə edib ki, bunun ardınca enerji sektorunda əməkdaşlığın əsasını təşkil edən Anlaşma Memorandumu imzalanıb.

“Bakıda keçirilən yüksəksəviyyəli danışıqlardan sonra Türkiyənin Kilis vilayətindən Suriyanın Hələb şəhərinə qaz kəməri bərpa olunub”, - deyən ekspert Azərbaycan və Türkiyə ilə yanaşı, Qətərin də Suriyada enerji böhranının həlli istiqamətində səyləri dəstəklədiyini vurğulayıb.

Hulusi Kılıç dağıntıların və işsizliyin hökm sürdüyü müasir Suriyada iqtisadiyyatın acınacaqlı vəziyyətinə diqqət çəkib. “Belə bir vəziyyətdə Azərbaycanın yardımı doğrudan da taleyüklü olur. Azərbaycan qazı sayəsində Suriyada elektrik enerjisi istehsalı ikiqat artacaq ki, bu da ölkənin bərpası üçün güclü təkan olacaq: əhalinin rifahı yaxşılaşacaq, iş yerləri yenidən açılacaq”, -deyə Türkiyənin sabiq səfiri qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətinin ötən illərdə öz təzahürünü dəfələrlə tapan humanitar prizmasını, o cümlədən dünyanın ehtiyacı olan regionlarına humanitar yardımların göndərilməsi nümunəsini də unutmaq olmaz. “Azərbaycan böhranlı bölgələrdə problemlərin aradan qaldırılmasına həssaslığın və töhfənin əsl nümunəsidir. Bu, həmçinin qısa zamanda Azərbaycan qazının tədarük olunmağa başladığı Suriyada bir daha özünü büruzə verir. Bunu Suriya xalqı üçün tarixi dəstək aktı kimi qiymətləndirmək lazımdır", - deyə ekspert vurğulayıb. O, Suriya xalqına ən fəal dəstək verən üç ölkənin - Azərbaycan, Türkiyə və Qətərin adlarını çəkib.

Hulusi Kılıç 2000-2005-ci illərdə Türkiyənin Hələbdəki baş konsulu vəzifəsində çalışdığını xatırladıb. “Sabiq baş konsul kimi, Azərbaycanın Suriyaya dəstəyini yüksək qiymətləndirirəm və Bakının addımlarını qürur mənbəyi hesab edirəm. Prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına səmimi təşəkkürümü bildirirəm. Bu, xalqlar arasında qarşılıqlı yardımın nümunəsidir”, -deyə “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin nümayəndəsi sözlərinə yekun vurub.(AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR