“Hraparak” media qrupunun oktyabrın 6-da yaydığı “Fəlakət gətirən” sərlövhəli yazı həmin qurumun baş redaktoru Armine Ohanyanın Paşinyan haqqında yazdığı silsilə materiallardandır. Ancaq o bu dəfə öz sözlərini Paşinyana xitabla çatdırır. “Damcı-damcı axan su daşı da deşir” cümləsi ilə başlayan həmin xitabda deyilir ki, sən 2018-ci ildə küçədən hakimiyyətə gələndə ölkəyə demokratiya, azadlıq, xoş güzəran gətirəcəksən deyirdin. Amma bir azdan hər bir sözün yalan oldu. “Joğovurt” qəzeti sənin haqqında “Paşinyanın yalanları” silsilə yazıları artıq 106-sını dərc edib və bu, şübhəsiz, davam edəcəkdir. Bu yazılardakı faktları təhlil etdikcə bir daha aydın olur ki, sən təkcə bacarıqsız və düşmənin dediyi ilə fəaliyyət göstərən deyilsən, həm də bütün mənəvi normalardan uzaqsan.
Ermənilərin Paşinyanı kapitulyant, türk, paşa oğlu, satqın, Əliyevin əlaltısı və s. adlandırılmasını dəfələrlə eşitdiyini və bunları həqiqət kimi qəbul etdiyini bildirən A.Ohanyan onun bundan sonra konkret olaraq “fəlakət gətirən” adı ilə çağırılmasını daha münasib sayır.
Xatırladaq ki, Armine Ohanyan Ermənistan parlamentinin sədri Alen Simonyanın qaynanasıdır və erməni mətbuatında onun ləqəbi “müxalif qaynana”dır.
Nəsib QARAMANLI