28.03.2024, 18:50
AZ EN
07.10.2022, 09:25 86

Ermənilər ağlaşmanı davam etdirir

YAZILAR

Məlum olduğu kimi, oktyabrın 6-da Praqada Avropa ölkələri siyasi liderlərinin yeni formatda ilk zirvə toplantısı olub. Zirvə toplantısında dövlətimizin başçısı cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edib. Oktyabrın 7-də isə erməni yazılı və elektron kütləvi informasiya vasitələrində yayımlanmış xəbərlərin əksəriyyəti məhz həmin zirvə toplantısı barəsindədir. Ermənilər həmişə olduğu kimi, bu dəfə də hadisələrə obyektiv münasibət sərgiləmirlər. Hətta Rusiya və Belarus prezidentlərinin həmin tədbirə dəvət edilməməsini də öz erməni baxış bucağından dəyərləndirərək Rusiyanın Avropa ölkələrinə ciddi zərbə vurmasını da arzulayırlar. Tədbir zamanı müxtəlif məsələlər barədə müzakirələr aparıldığını qeyd edən erməni mətbuatı əsas diqqəti Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının rəhbəri Şarl Mişelin, Fransanın prezidenti E.Makronun və Ermənistanın baş naziri Nikol Paşinyanın dördtərəfli görüşdə müzakirə etdikləri məsələnin məhz Azərbaycanın lehinə, Ermənistanın isə ziyanına olduğu vurğulanır. Ermənilər əndişələnirlər ki, həm NATO, həm də digər beynəlxalq nüfuzlu qurumlar sərhədlərin müəyyənləşdirilib təsdiqlənməsinin, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının tezləşdirilməsinin tərəfdarıdır. Tarixən saxtakarlıq ustası olan ermənilər artıq dalana dirəndiklərini yaxşı görür və müxtəlif manevrlər etməklə prosesləri başqa məcraya yönəltməyə çalışsalar da indiki reallıq qarşısında aciz durumdadırlar. Fransanı həmişə özünə arxa-dayaq hesab edən Ermənistanın bu ümidinin də öləzidiyini bildirən erməni KİV-ləri «dostlarımız bizi düşünmürlər» deyə növbəti ağlaşma kompaniyasına başlayıblar.

Rusiya mətbuatının Avropa ölkələri liderlərinin birlikdə çəkdirdiyi şəkli «ailə şəkli» adlandırması və bir neçə liderlə bağlı şərhlər verməsi də erməni mətbuatının yaydığı xəbərlərdəndir. Ermənilər özləri isə məyusluqla bildirirlər ki, şəkildə Türkiyə və Azərbaycan Prezidentləri ön sırada, yəni güclü liderlər sırasında qürurlu və nikbin, Paşinyan isə Ərdoğanın arxasında boynuburuq və bədbin durub.

Hər bir xırda olaydan böyük cəfəngiyyat uydurmağa səriştəli olan ermənilər unudurlar ki, hazırda həm Ermənistan dövləti, həm də Ermənistan rəhbərinin uydurmaları işə yaramır və onların nə qədər cılız olduğu dünyaya bəllidir.

Nəsib QARAMANLI

Oxşar xəbərlər